Sürücüləri maraqlandıran suala cavab: “Belə halda cərimə ləğv olunur”

Yazarlar 12 Aprel 2018 13:48 Oxunub 2412
Sürücüləri maraqlandıran suala cavab: “Belə halda cərimə ləğv olunur”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yol polisinin borcu nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməkdir"

Bakıda dəfələrlə yük maşınları qəza işıqlarını yandırıb yolun ortasında dayanaraq digər nəqliyyat vasitələrin hərəkətinə mane olduğunun şahidi olmuşuq. Bu səbəbdən sürücülər əks yola çıxmaq məcburiyyətində qalır və nəticədə onlar cərimələnir. Bu cür vəziyyətlə qarşılaşan avtomobil sahibləri nə etməlidir? Minval.info mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlının fikirlərini öyrənib.

Onun sözlərinə görə, sürücülər təbii ki, yük maşınının nə vaxt işə salındığını və hərəkətə gəldiyini gözləməli deyillər: “Avtomobil yolun sağı ilə ötüb keçə bilmirsə, sıxlıq yaranmaması, həmçinin digər nəqliyyat vasitələrinin hərəkətinə mane olması üçün, avtomobil qarşı tərəfə çıxmalıdır. Burada təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Yol patrul xidmətinin əməkdaşı qarşı yola çıxan sürücüyə cərimə yazmaq əvəzinə, yük maşının həmin ərazidən uzaqlaşdırılmasını təmin etməlidir. Bəlkə yol polisi “Kamaz”ı qəsdən gətirib yolun ortasına qoyub ki, sürücülər məcbur olub qarşı tərəfə çıxsın?!”

Ekspert bildirib ki, bununla əlaqədar İXM-də xüsusi – son zərurət maddəsi var: “Əgər qayda pozuntusu törətdiyi əməldən çox ağır deyilsə, bu, inzibati xəta sayılmamalıdır. Təsəvvür edin, yük maşını yolu bağlasa və onun arxasında 100 maşın dayansa hərəkət iflic olar. Lakin sürücü təhlükəsizlik qaydalarını qorumaq şərti ilə qarşı tərəfə çıxıb hərəkəti davam etdirsə heç bir problem yaranmayacaq. Avtomobil yerində dayansa yol polisinə xeyirdi, ya əksinə?”

Elməddin Muradlı qeyd edib ki, bəzi sürücülər kobud hərəkət edir, qarşıda maneə olan kimi birbaşa qarşı tərəfə çıxır: “Belə olduğu halda, qəza və təhlükəli vəziyyət yaranır. Qarşıdan gələn nəqliyyat vasitələrin hərəkəti çətinləşir”.

E.Muradlı bildirib ki, qanunvericiliyə əsasən, belə xətalara xitam verilməlidir: “Sürücünün qaydanı niyə pozduğu araşdırılmalıdır. Haqlıdırsa tətbiq olunmuş protokol ləğv edilməlidir. İnspektor sürücüyə cərimə yazıbsa belə, buna baxılmalıdır və ədalətli qərar verilməlidir. Yol patrul xidməti əməkdaşının ilk növbətə borcu nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməkdir”.

“Ölkəmizdə təhlükəli, nasaz yük maşınları kifayət qədərdir. Hara gedirsən, biri xarab olub dayanıb. Hətta magistral yollarda yolun ortasında belə halların şahidi oluruq. Yol polisləri ilə bu barədə danışmışıq. And içirlər ki, qəzaların baş verməməsi üçün səhərə qədər təhlükəsizlik tədbirləri görülür” – ekspert sonda əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh