Sürücüsüz mikroavtobuslar ictimai nəqliyyatda test edilir - FOTO

Texnologiya 13 Aprel 2018 19:41 Oxunub 1598
Sürücüsüz mikroavtobuslar ictimai nəqliyyatda test edilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mikroavtobuslar 11 sərnişin üçün nəzərdə tutulub və nəqliyyatın sıxlığı az olan saatlarda marşruta buraxılacaq

Vyanada ictimai sərnişindaşıma xidmətini həyata keçirən “Vyana Şəhər Xətləri” Şirkəti sürücüsüz hərəkət edəcək mikroavtobusların sınaq yoxlanışına başlayıb.

Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, Fransanın “Navya” şirkətinin istehsalı olan tam avtomatlaşdırılmış iki mikroavtobus gələn ilin əvvəlindən etibarən şəhərin yeni salınmış Zeeştadt Aspern rayonunda hərəkət edəcəklər. Nəqliyyata buraxılmazdan əvvəl isə bu il ərzində mikroavtobuslar sınaqdan keçiriləcək, sərnişinlərlə hərəkət edəcəkləri marşrut üzrə test yoxlanışları aparılacaq və onların hərəkət cədvəli üzrə yol və ətraf ərazini “öyrənməsi” təmin ediləcəkdir. Çoxlu sayda sensorlarla təchiz olunmuş mikroavtobusların müvafiq proqram təminatı təkmilləşdirilməli, yeni texnologiyanın seriya istehsalına hazirlanması üçün bir sıra texniki işlər görülməli, eləcə də nəqliyyat qanunvericiliyində dəyişikliklər aparılmalıdır.

Saatda maksimum 20 km sürətlə hərəkət edəcək mikroavtobuslar 11 sərnişin üçün nəzərdə tutulub və nəqliyyatın sıxlığı az olan saatlarda marşruta buraxılacaq. Avstriya qanunvericiliyi sürücüsüz nəqliyyat vasitələrini qadağan etdiyinə görə, hərəkət vaxtı avtobusda nəzarəti həyata keçirən və lazım gələrsə onun hərəkətini nizamlayan sürücü-operator olacaqdır.

Elektrik enerjisi ilə hərəkət edən mikroavtobusların ictimai nəqliyyatda tətbiqi Vyana Şəhər Xətləri, Avstriya Texnologiya İnstitutu, Nəqliyyat Təhlükəsizliyi üzrə Kuratorluq, Avstriya Texniki Nəzarət Cəmiyyəti və “Siemens” şirkətinin 2020-ci ilədək həyata keçirdiyi elmi-tədqiqat layihəsinin tərkib hissəsidir.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh