Bakı metrosu ilə 56 milyondan çox sərnişin daşınıb
Gündəm 17 Aprel 2018 15:44 215 dəfə oxunub
Bakı metrosu ilə 56 milyondan çox sərnişin daşınıb
Orta hesabla sutkada 307 vaqon yüklənib, 381 vaqon isə boşaldılıb

Cari ilin yanvar-mart ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 49,8 mln. ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,7% artım müşahidə olunub. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, yüklərin 4,3%-i dəniz, 6,4%-i dəmir yolu, 0,1%-i hava, 59,2%-i avtomobil nəqliyyatı, 30%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,5% artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 79,0% təşkil edib.

Bu ilin yanvar-mart aylarında nəqliyyatçılar 454,9 mln. nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,5% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,4%-i avtomobil nəqliyyatı, 12,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-mart ayları ərzində 3,2 mln. ton yük, 610,2 min sərnişin daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 17% azalma, sərnişin daşınmasında isə 1,7% artım müşahidə olunub.

Orta hesabla sutkada 307 vaqon yüklənib, 381 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 11,7 min ton, qərb istiqaməti üzrə 4,5 min ton, cənub istiqaməti üzrə isə 0,3 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2018-ci ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 2129,0 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1% artıb. Yüklərin 50,3%-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 2589,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2447,9 min tonunu və ya 94,5%-ni tranzit yüklər təşkil edib. Cari ilin aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 53,6 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 35,7% azalaraq 2,7 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatına gəlincə, bu nəqliyyat sektorunda 29,5 mln. ton yük, 397,4 mln. sərnişin daşınıb və 2017-cı ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,4% və 1,4% artım qeydə alınıb. Sərnişinlərin 96,0%-i avtobus, 4,0%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,5%, sərnişin dövriyyəsi isə 1,5% artıb.

Bundan başqa, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,9% artaraq 56,4 mln. nəfər olub.

Qeyd olunan dövr ərzində hava nəqliyyatı ilə 475,7 min və ya 7,9% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 35,5% artaraq 50,8 min tona çatıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh