Yol polisi məktəblər və bağçalarda uşaqlarla görüşür

Yol polisi 18 Aprel 2018 16:36 Oxunub 1319
Yol polisi məktəblər və bağçalarda uşaqlarla görüşür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların təhlükəsizliyini təmin etmək üçün

Uşaqları qorumaq hər birimizin borcudur, çünki onlar bizim sevincimiz, xöşbəxtliyimiz və ən əsası da cəmiyyətin gələcəyidir. Uşaqların təhlükəsizliyi üçün əsas məsuliyyəti biz böyüklər daşıyırıq. Yanlarında olmadığımız zaman belə, verdiyimiz məsləhətlər və şəxsi nümunəmiz onları təhlükələrdən qoruyur. 

Yol hərəkəti qaydalarının uşaqlara öyrədilməsində bağçada, məktəbdə müəllimlərin, evdə və yollarda isə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Böyüklər müxtəlif vasitələrlə uşaqların yol hərəkəti qaydalarını öyrənməsinə, yol təhlükəsizliyi ilə bağlı maariflənməsinə çalışmalıdır. 

Yol polisi əməkdaşları tərəfindən uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, piyadaların intizamının artırılması, küçə hərəkəti qaydalarının öyrədilməsi və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə mütəmadi olaraq paytaxtda və respublikamızın ayrı-ayrı rayonlarında təhsil müəssisələrində, uşaq bağçalarında təhsil işçilərinin, valideynlərin, ictimai qurumların nümayəndələrinin, KİV təmsilçilərinin iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilir. Polisin əsas məqsədi yollarda uşaqların həyat və sağlamlığının müdafiəsini təmin etmək, onları bu istiqamətdə bilgiləndirməkdir. 

Bu ilin ötən 3 ayında da yol polisi əməkdaşları tərəfindən orta məktəblərdə, uşaq bağçalarında yüzlərlə belə görüş keçirilib. Görüşlərdə şagirdlərə yol hərəkəti qaydalarına əməl etmək və piyada keçidlərindən düzgün istifadə etmək barədə tövsiyələr verilib, bu mövzuda hazırlanmış videoçarxlar nümayiş etdirilərək hər biri ətraflı izah edilib. Bağçalarda uşaqlara yolu təhlükəsiz keçmə üsulları əyani olaraq göstərilib, piyadanın vəzifələri barədə ilkin təsəvvür yaradılıb, onların başa düşəcəyi formada yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verilib, indidən onlarda küçə, yol, səki, işıqfor barəsində ilkin anlayışlar formalaşdırılıb. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb, uşaqlar yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Tədbirlərdə Dövlət Yol Polisi tərəfindən görülən profilaktik tədbirlər nəticəsində qəzalarda ölən və yaralananların sayında azalma müşahidə olunduğu, həmçinin  müəllim və valideynlər arasında maarifləndirici tədbirlərin təşkilinin uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdən olduğu vurğulanıb. 

Çıxışlarda polis əməkdaşları sonradan xoşagəlməz halların yaşanmaması üçün həm sürücü, həm piyada, həm də sərnişin kimi qaydalara əməl etməyin vacibliyini, ibtidai sinif şagirdlərinin dərsə gedərkən və qayıdarkən valideyn nəzarətinin önəmli olduğu, sürücülər və azyaşlıların valideynlərinin xüsusilə məktəblərin, təhsil müəssisələrinin yaxınlığındakı yollarda maksimum diqqətli olmaları, yeraltı və yerüstü, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə etmələri diqqətə çatdırıb.  

Tədbirlərdə yol hərəkəti təhlükəsizliyində hamının fəal olması, yol hərəkəti qaydalarına riayət etmək üçün hər kəsin bacardığı qədər öz töhfəsini verməsi, təhsil müəssisələrində, ictimai yerlərdə bu mövzuda maarifləndirici söhbətlər aparılmalı olduğu bildirilib, idarə, müəssisə, təşkilat rəhbərləri və kütləvi informasiya vasitələri bu işdə yardımçı olmağa çağırılıb. 

Təhsil müəssisələrində DYPİ-nin təşəbbüsü ilə keçirilən bu görüşlər yüksək qiymətləndirilib, gələcəyimiz olan uşaqların yol qəzalarından qorunması üçün bütün təhsil işçilərinin də Dövlət Yol Polisi əməkdaşlarına dəstəyi ifadə olunub.

 

Natiq Cavadov,

DİN Mətbuat Xidmətinin əməkdaşı 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh