Polisdən küsmək olmaz, onu sevmək lazımdır - FİLOSOF DEYİR

Yol polisi 19 Aprel 2018 16:59 Oxunub 2570
Polisdən küsmək olmaz, onu sevmək lazımdır - FİLOSOF DEYİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis təkcə insan həyatının yox, cəmiyyətin və dövlətin qeyd-şərtsiz qarantıdır

Dilimizdə hər birimizin yeri gəldikcə istifadə etdiyimiz belə bir ifadə də var: “yazılmamış qanunlar”.  Yəni hamının, cəmiyyətin hər bir üzvünün, dünya sakini olaraq hər yerdə, hər zaman əməl etməli olduğu, yəni bütün dünyada qəbul olunmuş yaşam normalarını tənzimləyən, normallaşdıran, nizamlayan qaydalar. Elə buna görə də demək olar ki, bu qaydaların pozulması dünyanın mizan-tərəzisinin pozulmasına, ədalət tərəzisinin əyilməsinə, bir qədər də incələsək mənəvi aşınmaya və bir qədər də getsək ondan da betərinə səbəb ola bilər. 

Yazılmış qanunların başlıca qayəsi əsas mahiyyəti, ana xətti isə heç kəs inkar etməz ki, istər cəmiyyət, dövlət içində, istərsə də beynəlxalq müstəvidə birgəyaşayışın təminini və təhlükəsizliyini əhatə edir.

Həmkarım, polis polkovniki, fəlsəfə doktoru Faiq Qarayevin “Polis mənəvi ideyanın gerçəkliyidir” kitabını oxuyarkən bu fikirlər anidən düşüncəmdən keçdi və bəri başdan deyim ki, mənimlə razılaşmayanlar da ola bilər. Amma əlavə şərhə ehtiyacı olmayan, araşdırmalar nəticəsində ərsəyə gəlmiş tutarlı dəlil-sübuta əsaslanan belə bir fikir də var ki, hansı cəmiyyətdə xaricdən kənar təsirlərlə müxtəlif pozuntular, çaxnaşmalar gətirmək istəyənlər əvvəlcə o dövlətdə polisi nüfuzdan salmağa, onun təmsilçilərini, nümayəndələrini aşağılamağa, cəmiyyətdə onlara qarşı antipatiya yaratmağa cəhdlər edilir. Bu baxımdan cəmiyyətdə sabitlik istəyən hər kəsin polisin yanında olması, onun fədakar xidmətini dəyərləndirməsi, ən azından özünün də təhlükə ilə üzləşdikdə hamıdan birinci polisə müraciət etməsi, bu qurumun təmsilçilərini arayıb-axtarmasını nəzərə alması lazımdır.

Elə yuxarıda adını qeyd etdiyim kitabda da müəllif doğru olaraq qeyd edir ki, azadlıq dünya ruhunun təzahür edən mahiyyəti, polis isə onu özbaşınalıqlardan və təhdidlərdən qoruyan real güc və mənəvi ideyanın gerçəkliyidir. Yəni, polis təkcə insan həyatının yox, cəmiyyətin və dövlətin qeyd-şərtsiz qarantıdır. 

Kitabda polisin ideyası, onun asayişin, sabitliyin yaranmasındakı fəaliyyətinin kökləri, yəni dərindən-dərin mahiyyəti izah olunur. Müəllif bu məsələni araşdıraraq izah edir ki, əxlaq, etika, ictimai şüurun formalarından biri olub fəlsəfi biliyin tərkib hissəsidir. Əxlaqdan, mənəviyyatdan çıxış etməyən hüquq heç bir yuridik status qazana bilməz. Çünki dövlətdə hüquq ədalət ölçüsü, ədalət isə əxlaqın ölçüsüdür. Tarixən bu meyarlar üzərində yaranmış polis mənəvi ideyanın gerçəkliyi kimi çıxış edir. Müəllif qeyd edir ki, nəinki insan fərdinə, cəmiyyətə və dövlətə qarşı, ümumiyyətlə bəşəriyyətdə insanlığa qarşı yönəlmiş bütün hüquqa zidd əməllərin qarşısının alınması və tədbir görülməsi işinin təşkili digər orqan və təşkilatlardan əvvəl polisin səlahiyyətinə aiddir. Çünki ictimai və dünyəvi sabitliyin forması Polisdir. 

“Polisin fəaliyyətində hüquq və mənəviliyin vəhdəti” və “Polis insan hüquqları və mənəviyyatını qoruyan qüvvədir” adlı iki fəsildən ibarət kitabda müəllif polisin mənəvi ideyasını araşdırmaqla yanaşı, bu aspektdən onun tarixinə də maraqlı ekskurs edərək oxuculara dəyərli fikirlər, gərəkli məlumatları əhatə edir. 

Qeyd edək ki, müəllif fəlsəfə doktoru Faiq Qarayev uzun illərdir ki, daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət edir. Elmi fəaliyyətinin nəticəsi olaraq 6  kitabı, 30 dan çox elmi məqaləsi işıq üzü görüb.

 

İlham Babayev,

DİN Mətbuat Xidmətinin şöbə rəisi

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh