Qəhrəman atanın qəhrəman oğlu – Polis Milli Qəhrəman

Yol polisi 23 Aprel 2018 00:40 Oxunub 3169
Qəhrəman atanın qəhrəman oğlu – Polis Milli Qəhrəman
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş leytenant Mikayıl Cəbrayılov son anda döyüş meydanında həlak olub

Qarabağ savaşında vətənin, torpağın müdafiəsinə qalxıb son nəfəsinədək onu müdafiə edən, döyüşən və şəhidlik zirvəsinə ucalan qeyrətli oğulları ilə xalqımız həmişə fəxr edib. Vətən uğrunda, torpaqlarımızın bütövlüyü yolunda canını qurban verən qəhrəmanlarımız heç vaxt unudulmur və onların xatirəsi xalqımız tərəfindən hər zaman əziz tutulur.

Haqqında söz açacağımız Mikayıl Cəbrayılov Şəki rayonunun Oxut kəndində Əhmədiyyə Cəbrayılovun ailəsində dünyaya göz açıb. Atası 1941-1945-ci illər müharibəsində Fransa partizan hərəkatında yüksək şücaət göstərib, hünəri, qəhrəmanlığı dillər əzbəri olan əfsanəvi döyüşçüsünın ailəsində anadan olub. Partizan həmvətinimiz Fransanın ən yüksək orden və medalları ilə təltif olunmuşdu. 

Mikayıl səkkizinci sinfə qədər doğulduğu kənddə oxuyub, sonra isə təhsilini 5 saylı fəhlə-gənclər məktəbində davam etdirib. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib. Təhsilini artırdıqdan sonra sahə müvəkkili vəzifəsinə təyin olunub.

1990-cı il dekabrın 12-də baş leytenant M.Cəbrayılov dörd nəfər polis əməkdaşı ilə Qarabağa ezam olunub. Həmin illərdə erməni quldurları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə , eləcə də digər Azərbaycan rayonlarına tez-tez hücumlar edir, dinc əhaliyə aman vermirdilər. Onlara dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün Kosalar kəndinə getmək tapşırılıb. Cəmilli-Kosalar arasında qəflətən hücuma keçən ermənilər M.Cəbrayılovu yaralayıblar. Bu hücumun qarşısı alınsa da, milis baş leytenantı M.Cəbrayılov son anda döyüş meydanında həlak olur.

Ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Xatirəsi əbədiləşdirilib, Şəki şəhərində küçələrdən birinə M.Cəbrayılovun adı verilib.

 

Mahir Məsimov,

DİN Mətbuat xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh