“Qazel”dən başlamışdı - İndi kondisionerli və “WiFi”lı avtobus sürür - FOTO

Yazarlar 23 Aprel 2018 14:16 Oxunub 5768
“Qazel”dən başlamışdı - İndi kondisionerli və “WiFi”lı avtobus sürür - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Əvvəl 15 nəfər tutan avtobus sürürdüm, indi isə 100 nəfər tutan avtobusu idarə edirəm”

“Xaliq Faiqoğlu” MMC “Bizim nümunəvi sürücü” rubrikası çərçivəsində 15 ildir 18 saylı marşrut xəttində çalışan Asim Kamranzadə ilə maraqlı material hazırlayıb. A.Kamranzadə 23 yaşından avtobus sükanı arxasındadır. Yeniyetməlik illərində avtobus sürücüsü olan atasına kömək edən A.Kamranzadə daha sonra sükanı ondan təhvil alıb və bərk saxlayıb:“Mənim atam da indiki 18 saylı marşrut xəttində sürücü olub. Uzun müddət sərücülük etdi”. Həmin illərdə mən atama kömək edirdim. Pul da yığırdım, atam yorulanda onun əvəzinə sükan arxasına da keçirdim. Yavaş-yavaş onun sənətinə yiyələndim və kişi təqaüdə çıxanda işini mənə təhvil verdi”.

A.Kamranzadə ilk dəfə 2003-cü ildə, o vaxt 218 nömrə kimi tanınan marşrut xəttində sərnişindaşıma fəaliyyətinə başlayıb: “İlk vaxtlar 15 nəfərlik “Qazel” sürürdüm, sonra “Mercedes” markalı mikroavtobusla davam etdik. Daha sonra isə xətt “Xaliq Faiqoğlu” şirkətinin balansına keçdi və kiçik tutumlu “İsuzu” avtobusu sürməyə başladım. Müəyyən vaxt keçdi və şirkətimiz daha iritutumlu “Daewoo” markalı avtobuslar gətirdi. İndi isə Bakıdakı ən böyük və müasir sərnişin avtobuslarından olan “BMC Procity” sükanı arxasında işimi davam etdirirəm. Əvvəlki dövrlə indiki arasında yerlə-göy qədər fərq var. Təsəvvür edin, əvvəl 15 nəfər tutan avtobus sürürdüm, indi isə 100 nəfər tutan avtobusu idarə edirəm. İndi avtobusun kondisioneri, sərnişinlər üçün şifrəsiz “wifi” var. Həm də bu avtobuslar Bakıda yeganə avtobuslardır ki, salonda mobil cihazların elektrik batareyasını doldurulması üçün xüsusi qurğular var. Bəzi sərnişinlər məhz telefonlarının batareyasını doldurmaq üçün bizi gözləyir. Onu da deyim ki, indiki insanlar sanki virtual aləmdə yaşayır, dünyadan xəbərsizdirlər, qulaqcığı taxırlar və hər şeyi unudurlar. Bir çox hallarda avtobusla dayanacağa yaxınlaşıram, qapılar açılır, düşən düşür, minən minir. Qapılar bağlanandan sonra birdən kimsə ayılır, tez səs-küy salır ki,saxla, düşüm. Hətta elə hallar olur ki, 12 metrlik avtobusda ən arxadakı oturacaqda əyləşmiş sərnişinin qulaq asdığı musiqinin səsi sürücü kabinasına qədər gəlir”.

15 illik fəaliyyəti ərzində nümunəvi fəaliyyət ilə seçilən sürücünün sözlərinə görə, bəzən sərnişinlərin haqsız iradları ilə qarşılaşırlar: “Bu cür avtobusdan da narazılıq edən insanlar var. Yolların bağlı olmasını, tıxacın yaratdığı çətinliyi görmək, anlamaq istəməyən insanlar da çoxdur. Sual verirlər ki, “niyə gəlmirsiniz?”. Amma xəbərləri yoxdur ki, bu avtobus haradan gəlir, hansı istiqamətdə yollar bağlanır və harada tıxaca düşür. Bir də görürsən yol açılandan sonra 3-4 avtobus məcburiyyət qarşısında birdən dayanacağa yaxınlaşır. İnterval da sıxlaşır. Sual verirlər ki, niyə 3-3 gəlirsiniz. Əlbəttə, biz istəmərik interval pozulsun. Amma bizdən asılı olmayan şeylər də çoxdur. Əsasən də marşrut xəttinin metronun “Sahil” stansiyası tərəfdən keçdiyi yerlər – Bülbül və Neftçilər prospekti, həm də Zərifə Əliyeva küçəsində ləngimələr olur. İndi də Formula 1 yarışları ilə bağlı, şəhərin mərkəzində yollar darlaşıb. Bir neçə gün müddətində həmin yollar ümumiyyətlə bağlı olacaq. Sərnişinlərdən xahiş edirəm nəzərə alsınlar, bizi anlasınlar”. Bizim üçün də çox çətindir, bilirsiniz böyük şəhərlərdə gün ərzində avtobus sürmək sürücülərdən böyük səbr tələb edir.

Asim Kamranzadə 15 illik iş təcrübəsi ərzində çoxlu maraqlı hadisələrlə qarşılaşıb. Amma ən çox yadında qalanı avtobusda oturacaqların arasında gizlənmiş oğrunu necə tutması ilə bağlıdır: “Əvvəllər oğrular əyilib oturacağın arasında gizlənirdi. Biz sonuncu dayanacaqda maşından düşüb uzaqlaşan kimi oğru gəlib topladığımız pulları götürüb qaçırdı. Neçə dəfə bir qab qəpiyimi oğrlayıblar. Hansı ki, həmin alışqan qabı 30-40 manatlıq qəpik tuturdu. Bir dəfə sonuncu dayanacaqda hiss etdim ki, arxada kimsə gizlənib, güzgüdən baxanda görünmürdü. Mən avtobusdan düşəndə tez əyilə-əyilə gəlib qəpikləri götürdü. Düşüb qaçmaq istəyəndə cəld yaxaladım. Elə əsəbləşmişdim ki, götürdüyü qəpikləri də, üstündəki digər pulları da əlindən aldım. Suyu süzülə-süzülə getdi. İndi də nağd ödəniş olan avtobus xətlərində oğurluq halları çox olur”.

Nümunəvi sürücümüz uzun illər Bakı yollarında avtobus sürsə də, qəzaya düşməyən azsaylı insanlardandır. Onun sözlərinə görə, yeni avtobusların idaretmə texnologiyası qəza hallarından maksimum yayınmağa imkan verir: “Bu avtobuslar sürücülər üçün də idealdır. Sürücü gərək özü birinci rahat olsun ki, avtobusu da yaxşı idarə edə bilsin. BMC-nin bütün avadanlıqları sürücüyə idarəetmədə kömək edir. Salon güzgüləri, monitorla qapılara nəzarət, yan güzgülər, avtobusun daxilində və xaricində olan kameralar - bütün bunlar sürücünün rahatlığı üçün əlavə üstünlüklərdir. Amma yenə də şəhərdə müəyyən çətinliklərlə də üzləşirik. Səbəb əsasən minik avtomobillərinin dayanacaqları zəbt etməsi, yol vermək istəməməsi, araya girməsidir. Amma çox şükür ki, bu günə kimi qəza törətməmişəm. Bundan sonra da inşallah elə bir hal yaşanmaz”.

Sonda müsahibimiz “Xaliq Faiqoğlu” şirkətinin rəhbəri F.Seyidova sürücülərə yaradılan bu şəraitə və göstərdiyi mənəvi dəstəyə görə öz təşəkkürünü bildirdi.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh