Xarici dil xidmətdə də köməyə çatır - FOTO

Yol polisi 2 May 2018 15:20 Oxunub 2814
Xarici dil xidmətdə də köməyə çatır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rəhbər Əliyev ingilis dilini mükəmməl bilən əməkdaşlardandır

Son illər ölkəmizin uğurlu təbliği istiqamətində həyata keçirilən strategiya sayəsində Azərbaycana gələn turistlərin sayında müsbət dinamika müşahidə olunur. Onların təhlükəsizliyinin hüquq-mühafizə orqanları tərəfindən etbarlı şəkildə qorunması, istər nizam-intizamı, istərsə də savadı ilə fərqlənən əməkdaşlarımızın nəzakətli davranışı ölkəmizə gələn qonaqlarda da polisimiz barədə müsbət rəy formalaşdırır. Sıralarımızda xarici dil biliyi olan paqondaşlarımızla ünsiyyət isə turistlərin öz fikirlərini rahat və aydın ifadə etməsini, eləcə də müraciətlərinə daha operativ cavab verilməsini təmin edir. Rəhbər Əliyev də ingilis dilini mükəmməl bilən əməkdaşlarımızdandır.

Müəllim ailəsində doğulub-böyüyüən R.Əliyevin hələ kiçik yaşlarından mütailəyə, xarici dil öyrənməyə böyük həvəsi olub.Söhbət zamanı bildirdi ki, hələ aşağı siniflərdə oxuyanda valideynləri onun bu həvəsini nəzərə alıb, xarici dil kurslarına göndəriblər. Orada əcnəbi vətəndaşlarla ünsiyyət ingilis dilinə xüsusi maraq oyadıb. Əvvəlcə müəyyən çətinliklə rastlaşsa da, ancaq bir müddət sonra onlarla daha asan şəkildə bir-birilərini daha yaxşı başa düşdüklərindən bu sahədə biliklərini daha da artırıb.

R.Əliyev hələ orta məktəbdə oxuduğu müddətdə fənn olimpiadalarında iştirak edib, ingilis dili üzrə qalib olub. Polis peşəsinə olan maraq isə onu daxili işlər orqanlarına gətirib. DİN-in Polis Akademiyasında ali təhsil alıb. Gənc əməkdaşımız 2015-ci ildən etibarən Zaqatala RPŞ-də xidmətini davam etdirir. İngilis dilini mükəmməl bilməsi xidmət zamanı da köməyinə çatdığını deyir. “Bildiyiniz kimi zəngin tarixi-mədəni irsi, əlverişli təbii şəraiti ilə fərqlənən Zaqatalaya da hər il xeyli sayda turist gəlir. Rayonda xarici qonaqlarla bağlı hər hansı bir məsələ olarsa, rəhbərlik məni göndərir. Turistlərlə özlərinin ana dilində ünsiyyət qurmağım onlarda da xoş təəssüratlar yaradır.”

Nümunəvi xidməti ilə fərqlənən R.Əliyev vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb

 

Mahir Məsimov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh