Bakıda gəlin maşını sifariş edənlərin sayı azalıb - FOTO

Yazarlar 3 May 2018 11:27 Oxunub 7329
Bakıda gəlin maşını sifariş edənlərin sayı azalıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Qüdrət Şükürovun qızı Ayselin toyunda 1200 manata ”Rolls Royce" maşını kirayə götürülmüşdü"

Uzun illərdir ki, Azərbaycanda toy mərasimləri təmtəraqlı keçirilir. Vaxtaşırı bununla bağlı mətbuatda, mediada maarifləndirici işlər görülsə də, əksəriyyət yenə də “qonşudan qalmayım dala” prinsipini əsas tutaraq israfçılıqda “səxavətli”lik edirlər. Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, toy xərclərinin arasında dəbdəbəli “gəlin maşınları”nın sifarişi də var. Paytaxtın müxtəlif yerlərində bu cür maşın sifarişlərinə rast gəlirik. Bəs hazırda “gəlin maşınları bazarında” mövcud vəziyyət necədir? Paytaxt sakinləri daha çox hansı “gəlin maşınları”na üstünlük verir?

 

Məsələni yaxından araşdırmaq üçün metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında gəlin maşınları kirayə verilən ərazidə olduq...

Artıq günortadan keçməsinə baxmayaraq ərazidə 10-na yaxın təmtəraqlı bəzədilmiş gəlin maşını var idi. Maşın sifarişi qəbul edən Mikayıl Qafarlının sözlərinə görə, may ayı başlanandan sifarişlərin arası kəsilib:

“Ümumiyyətlə, may ayında vəziyyət həmişə pis olur. Toy edən demək olar ki, yoxdur. Təkcə iyun-iyul ayları üçün indidən sifarişlərimiz var. May ayı üçün isə bir sifarişimiz belə yoxdur”.

M.Qafarlının sözlərinə görə ötən aprel ayında durum kifayətedici olub: “Ötən ay təxminən 20 sifarişimiz olmuşdu. Lakin qeyd edim ki, ötən illə müqayisədə bu say da azdır. Məsələn, təkcə ötən ili götürsək, aprel ayında sifariş əlindən az qala başımızı itirirdik. Gün ərzində bir-birinin ardınca sifarişlər gəlirdi. Demək olar ki, son illərdə toy edənlərin sayı azalıb”.

Fürsətdən istifadə edib, gəlin maşınlarının qiymətləri ilə də maraqlandıq. M.Qafarlı qiymətlərin 80 manatdan başladığını dedi: “Qiymətlər 80-500 manat arasındadır. Maşının yuyulması, bəzədilməsi, sürücüyə ödəniləcək pul həmin məbləğə daxildir. Əgər bəy maşının daha gözəl bəzədilməsini istəyirsə, məsələn, bəy və gəlinin baş hərfləri ilə bəzək olarsa, onda qiymətlər bir qədər artır. Olub ki, bəy bütün maşının təbii güllərlə bəzədilməsini istəyib. Bu da çox baha başa gəlir. Yəni hər şey sifarişdən asılıdır. Ən çox kirayə götürülən gəlin maşını qiyməti 100 manat olan  ”Mercedes S-class"dır. Ən bahalı maşın isə qiyməti 1200 manat olan “Rolls Royce”dir".

“Bəs bu maşını sifariş edənlərin sayı çoxdurmu?” sualına müsahibimiz bu cür cavab verdi:

“Arada olur. Məsələn, lift idarəsinin müdiri Qüdrət Şükürovun qızı Ayselin toyunda bizdəki ”Rolls Royce" maşını kirayə götürülmüşdü. Digər tanınmışlardan da bizə sifarişlər olub".

Müsahibim onu da qeyd etdi ki, maşınla bəy və gəlini şadlıq evinə öz əməkdaşları aparır. Əgər bəy özü maşını idarə etmək istəsə, onda əlavə 45 manat ödəniş etməli olur: “15 manat etibarnamə, 30 manat isə özü idarə etməsi üçündür. Olur ki, bəy özü idarə edəndə maşına xətər yetirir. Bu zaman maşına dəyən ziyan hesablanır, qarşılıqlı razılaşma ilə məsələni həll edirik.

Bəzən uzaq yerlər üçün də sifariş alırıq. Məsələn, əgər sifariş Sumqayıt üçün olarsa, əlavə 20 manat alırıq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh