278 cinayətkarın tutulub gətirilməsində iştirak edən polis – FOTO

Yol polisi 4 May 2018 14:48 Oxunub 1855
278 cinayətkarın tutulub gətirilməsində iştirak edən polis – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xidmətdə keçən ömür - Polis veteranı Heydər Quliyev

Xatirələr nə qədər uzaq görünsə də, daima insanla bir addımlayır. Onlar hər zaman cavan qalır. Polis veteranı Heydər Quliyev də daxili işlər orqanlarında xidmət etdiyi dövrdəki xatirələri onu bugün də ruhlandırır, sanki ömrünə ömür qatır. Veteranlar bir araya gəldikdə keçmiş günlərdən, ağır cinayətlərin açılmasında Heydər müəllimin böyük xidmətlərinin olduğundan söhbət açırlar.

O, daxili işlər orqanlarında xidmətə 1976-cı ildə Səbail DİŞ-də milis nəfəri kimi başlayıb. DİN-in Polis Akademiyasında ali təhsil aldıqdan sonra bir sıra vəzifələrdə çalışıb. Xidmət dövrünün böyük hissəsini axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyib. “İlin 7-8 ayını axtarışda olan şəxslərin müəyyən olunması məqsədilə ezamiyyətdə olurduq. MDB-nin əksər ölkələrində, eləcə də bir sıra xarici dövlətlərdə gizlənmiş, axtarışda olan şəxslərin müəyyən olunması istiqamətində gecəmizi gündüzümüzə qatmışıq. Xidmət etdiyim dövr ərzində 278 nəfər cinayətkarın tutulub gətirilməsində iştirak etmişəm. Onların arasında 1993-cü ildə quldurluqla məşğul olan, Binəqədi rayonu ərazisində avtodayanacağa hücum edərək, gözətçini silahla hədələmiş, quldurluq yolu ilə 23 avtomobili qaçırmış, sakinlərə xeyli məbləğdə maddi ziyan vurmuş dəstə üzvləri də vardı. Bu hadisə ciddi rezonans doğurmuşdu. Cinayətkarlar isə ölkədən qaçıb çıxıb getmişdilər. Uzun müddət onların təyin olunması istiqamətində müəyyən işlər görüldü. Nəhayət həmin dəstənin üzvlərindən birinin Rusiyanın Tümen şəhərində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyənləşdi. Yerli polis orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin şəxs saxlanıldı, eləcə də 16 kiloqrama yaxın heroin qanunsuz dövriyədən çıxarıldı. Digərini isə Tula vilayətində yaxaladıq”.

Ağır cinayətlərdən biri də Göyçayın Çərəkə kəndində baş vermişdi. Amil adlı şəxs yaxın qohumunu öldürüb, basdırmışdı. Əvvəllər də məhkum olunmuş şəxs cinayətdən yayınmaq məqsədilə qaçıb Bakı şəhərində gizlənmişdi. Ancaq H.Quliyev hadisəni törədən şəxsin gizləndiyi yeri müəyyən edib, tutularaq istintaqa cəlb edilməsini təmin etmişdir.

H.Quliyev ömrünün çox hissəsini cinayətkarlarla mübarizəyə həsr edib. Təqaüdə çıxdıqdan sonra da fəaliyyətini uğurla davam etdirir. Göyçay RPŞ-nin Veteranlar Şurasının sədridir. Cinayətlərin açılmasında bugün də onun təcrübəsindən istifadə olunur. Eləcə də, ictimaiyyət arasında, məktəblərdə vaxtaşırı görüşlər keçirir, onların pis vərdişlərdən uzaq olması üçün öz tövsiyələrini verir. 2 oğlu da Göyçay RPŞ-də atasının yolunu davam etdirir. 36 ilə qədər xidmət etdiyi dövrdə müxtəlif mükafatlarla təltif olunub.

 

Mahir Məsimov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh