DİN-də Ulu öndərin xatirəsinə həsr olunan yarışlar keçirilir - FOTO

Yol polisi 7 May 2018 14:56 Oxunub 1875
DİN-də Ulu öndərin xatirəsinə həsr olunan yarışlar keçirilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaliblərə kubok, diplom və medallar təqdim olunub

Hər il mayın 10-da müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin doğum günü təntənə ilə Azərbaycanda və sərhədlərimizdən kənarda böyük ehtiramla qeyd edilir. Bununla əlaqədar ölkəmizdə və xaricdə müxtəlif tədbirlər keçirilir.

Ulu öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə DİN İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında açıq birinciliklər keçirilməsi də son illərin ən gözəl ənənələrindəndir.

Mayın 4-də yarışların açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xalqının müqəddəratını tənəzzüldən inkişafa doğru dəyişən, bu istiqamətdə müdrik siyasi kursu, zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti ilə tarixin ən şərəfli səhifələrini yazan görkəmli şəxsiyyətlər sırasında əbədi yer tutduğunu vurğulayıb. Sədr müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olması üçün Ulu Öndərimizin misilsiz xidmətlərindən danışıb.

Qeyd edib ki, ölkəmizdə idmanın inkişafına Heydər Əliyev tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyi nəzərə alınaraq, hər il Ulu Öndərimizin anadan olmasının ildönümü münasibətilə ənənəvi olaraq Cəmiyyətdə idman turnirləri təşkil olunur. 

Daha sonra çıxış edən İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətçiliyimizin xilas edilməsində ulu öndərimizin fəaliyyətindən danışaraq, hüquq-mühafizə orqanları əməkdaşlarının öz dahi rəhbərinə sədaqətindən bəhs edib.

Daha sonra bədii gimnastika və çerlidinq üzrə yarışa start verilib.

Yarışda iştirak edən yeniyetmə və gənc gimnastlar öz bacarıqlarını nümayiş etdirib, böyük ustalıqla ən çətin hərəkətləri yerinə yetiriblər. Yekuna görə bu yarışlarda Bakı çempionatının gümüş medalını qazanmış DİN İdman Cəmiyyətinin yetirmələri ən yaxşı nəticəni göstəriblər. Komandamızı bu yarışa Azərbaycan Çerlidinq Federasiyasının Prezidenti, əməkdar məşqçi, idman ustası Alla Vlasova hazırlayıb.  Silsilə tədbirlər çərçivəsində mayın 5-də keçirilən boks yarışında ümumilikdə 5 komandanı təmsil edən 120-yə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb. Komanda birinciliyində ilk üçlükdə DİN İdman Cəmiyyəti, Sumqayıt və Lənkəran şəhərlərinin idmançıları qərarlaşıblar. Yarışı əməkdar məşqçi Yadigar Məmmədov idarə edib.

Cəmiyyətin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik leytenantı İlyas Siracov bu tədbirlərin həm də idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək məqsədi daşıdığını vurğulayıb. Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.

***

Ulu öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə DİN İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında müxtəlif idman növləri üzrə açıq birinciliklərinin keçirilməsi davam edir. Bu sırada mayın 6-da İdman Cəmiyyətində cüdo üzrə yeniyetmələr və gənclər arasında növbəti birincilik keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova ulu öndər Heydər Əliyevin idmana və idmançılara dövlət səviyyəsində göstərdiyi qayğıdan bəhs edərək, bildirib ki, xalqımızın ümummilli lideri ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etməsi üçün geniş imkanların yaradılmasında əlindən gələni əsirgəməyib. Bunun nəticəsidir ki, idmançılarımız yarışlarda yüksək nailiyyətlər qazanıb, üçrəngli bayrağımızı uca zirvələrdə dalğalandırıblar.  Ulu öndərimizin gənclərə bu diqqət və qayğısı bu gün də davam və inkişaf etməkdədir. Ölkəmiz möhtəşəm idman tədbirlərinə ev sahibliyi edir, dünyada idman ölkəsi kimi tanınır. Təbii ki, bu uğurların qazanılmasında daxili işlər orqanlarında xidmət edən bir çox əməkdaşların da payı var. 

Daha sonra yarışlara start verilib.

Birincilikdə 3 yaş qrupunda müxtəlif çəki dərəcələri üzrə 140-a yaxın idmançı öz  gücünü sınayıb.

DİN İdman Cəmiyyətinin cüdo bölməsinin baş məşqçisi Zaur Kərimovun yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdirib.

Yarışları Z.Kərimov, E.Bağırov və E.Məmmədov idarə ediblər.

Qeyd edək ki, silsilə tədbirlər davam etdirilir və nəticələri barədə oxucularımıza məlumat verəcəyik.

 

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh