Cinayətkarlara qoşulub onların inamını qazanan və ifşa edən polis Əhməd Şirinov - FOTO
Polis - 100 il 10 May 2018 01:47 3149 dəfə oxunub
Cinayətkarlara qoşulub onların inamını qazanan və ifşa edən polis Əhməd Şirinov - FOTO
Polis xanımı olmaq asan deyil - Ömür xatirəyə çevriləndə...

Azərbaycan kinosunun incilərindən olan məşhur “Əhməd haradadır” filminə çox az adam tapılar ki, baxmasın. Filmdə Əhməd qonşu qızı ilə evlənməmək üçün kənddən qaçıb şəhərə gəlir. Əvvəlcə anası ilə bacısı, sonra da atası onun axtarışına çıxıb Bakıya üz tuturlar. Bir sözlə, film müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmağa çalışmalarıından bəhs edir. Amma tale elə gətirir ki, valideynlərinə “üsyan” etmiş hər iki gənci zaman qarşılaşdırır, onlar bir-birini sevirlər. Bilməyənlər üçün deyək ki, film 1963-cü ildə Adil İsgəndərov tərəfindən ekranlaşdırılıb...

Bəlkə də onun da həyatını çəksəydilər böyük, yaddaqalan, xatirlərdən silinməyən film olardı. Amma yox, tələsməyək. Çəkiblər də, yazıblar da. Bu barədə bir az sonra...

Onu tapmaq üçün kənddən şəhərə üz tutmadım, çox soruşub-aramadım. Sən demə, unudulmayıbmış, yaddan çıxmayıbmış. Qoca da tanıyırmış, cavan da. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının da köməkliyi ilə elə Saray qəsəbəsinin girəcəyində adını kimdən soruşdumsa, ünvanını dedilər. Zakir adlı veteran bir polis bələdçim olub düz evlərinəcən apardı...

Qapını ehmalca döyüb gözlədim və 10-12 yaşlarında bir oğlan açdı. “Əhməd Şirinov burdamı olur”,- deyəndə cavabı belə oldu: “Babamı deyirsiniz?”.

Babanı axtarırdım, üstəlik, nəvəni də tapdım...

 

“O indi bağdadır...”

İçəri keçəndə məni bir oğlan qarşıladı, “xoş gəldin” dedi. (Deyəsən o da nəvəsi idi.) Yaşlı bir adam üzü günə tərəf durub gözünü bir nöqtəyə zilləmişdi. Nəyi, kimi düşünürdü, Allah bilir. Öz aləmindəydi. Bu doğruymuş: İnsan zaman keçdikcə, yaşlandıqca gəldiyi ilkinliyə qayıdır, yəni təbiətə. Ağacla, güllə, çiçəklə, torpaqla danışır. Güclə də olsa eşitdiyi bir quş civiltisini, yarpaq xışıltısını keçmişdən gələn soraq bilir. Bəlli, bir yaşdan sonra içinə çəkilmək, özünə həyan olmaq  insanda sanki adət halını alır. Hərdən bu ayrılığanəvələrin, əzizlərin ürəyi dözmür. “Baba bizdən uzaq gəzir”,- deyirlər. Axı, onlar nə bilsinlər ki, lap bir mahnıda deyildiyi kimi: “Sən hardan biləsən nə çəkirəm mən”. İndi biz bu yaşında xatirələrlə gah əlbəyaxa, gah də qol-boyun olan Əhməd Şirinovun nə çəkdiyini hardan bilək?

Eh, bilmədiyimiz o qədər şey var ki. Bircə Allah imkan verə, yəni ömür möhlətimiz qısa olmaya. Sözümüzü deməyə, əhdimizə vəfa qılmağa, lap elə şairin sözlərini öz xeyrimizə dəyişdirib: “Eləmədiklərim yandırar məni”,- deməyə imkanımız ola...

Alağı alınmış, toxası vurulmuş kartof, pamidor çərgələri torpaqdan qopan bir kişinin əlinin məhsulu olmasından xəbər verir. Çiçəkləyən ağaclar ehtiram əlaməti olaraq sanki yel vurduqca onun qarşısında baş əyir. Təbiətlə insan qoşalaşanda həm yenilməz olur, həm də yaddaqalan. Bunun da şahidi oldum...

Bu ilin yanvarında keçirdiyi ağır xəstəlikdən sonra səlist danışa bilmir. Qırıq-qırıq, özü də təkrar-təkrar dediyi sözlər anlaşılmır. Bəlkə də özü də pərt olur. Ürəyində “Kaş, məni belə görməyəydiniz”,- deyir...

Elə öz əli ilə əkdiyi gilas ağacının altında xatirə şəkli çəkirəm. Qırımından “Bu vəziyyətdə, bu paltarda çəkmə”,- demək istədiyini hiss edirəm. Belə daha yaxşıdır, torpaq adamı belə daha vuqarlı görünür...

Bir az çuxura düşmüş gözlərinin dərinliklərində iki damla yaş elə bil ki, boğulur və gözdən itir...

Gəlişimin məqsədini ömür-gün yoldaşı Səmayə xanıma deyəndə Əhməd müəllimin üzünə baxır. İkisi də göz-gözə o illərə dönürlər. “Harada olmuşuqsa, mən də onunla bərabər xidmət etmişəm. Polis xanımı olmaq sizə asan gəlməsin”, - deyir Səmaya xanım.

Yenə susur.  Başı ilə mizin üstünə qoyulmuş şəkillərə işarə edir. Demək istəyir ki, mənim əvəzimə bu şəkillər dil açıb danışacaq. Şəkillərlə bərabər səhifələri saralmış qəzetlər də diqqətimi çəkir. Aman Allah, bu ki, “Mübariz  keşikdə”dir. 1978-1981-ci illərində çıxan qəzetlərdə tanış imzalar, tanış adlar gözümə dəymir. Hə, budur, haqqında yazı gedib. Qəzeti əlinə alıb o üzə, bu üzə çevrir, başını yelləyir. Ay gidi dünya...Ay bizi tərk edən cavanlıq... Ay qəlibindən çıxa bilmədiyimiz ömür...

Bir şəklə baxanda elə bil ki, üzü işıqlanır, gözləri doğma birini görürmüş kimi gülür. “Tanıdınmı” sözünü hecalarla deyir. Başımla tanıdığımı təsdiqləyirəm. Əli ilə onunla uzun illər çiyin-çiyinə, doğma qardaş kimi Əlibayramlı şəhərində işlədiyini işarə edir...

Polis polkovnik-leytenantı Əhməd Şirinov 1940-ci il mayın 22-də Qubadlının Muradxanlı kəndində Süleyman kişinin ocağında dünyaya gözlərini açıb. Anasını ilan sancıb öldürüb. Uşaqlığı Laçında keçib. Analı uşaqlara həsəd aparıb. İsti bir qoyun, isti bir  qucaq üçün darıxanda üzünü göylərə tutub bütün varlığıyla dağı-daşı qucaqlayıb. Beləcə, ovudub özünü. Dayısı Fərəc kişi az da olsa yetimliyi unutdurmaq,  üzləşdiyi sıxıntılardan üzülməməsi üçün arxa, dayaq durub ona. Elə indi də qırıq-qırıq deyir: “Nə yaxşı ki, dayım vardı. Yoxsa mənim axırım necə olardı?”...

Orta məktəbi bitirən Əhmədin sıxıntısı, acısı bitməyib. Amma “Yaman günün ömrü az olar” deyən köhnə kişilərin öyüdlərini unutmayıb. Bakıya üz tutub. Burada onu atasının əmisi oğlu qarşılayıb. Kənddən gələn uşağa  iş tapmaq elə də asan olmayıb. Ən asan tapılan, ancaq çoxunun qorxduğu iş isə Qaradağ karxanasında daş atmaq idi. Hətta o iş üçün də müraciət edəndə karxana müdiri onun cılız bədəninə baxıb: “Bizə bu daşları atmağa uşaq lazım deyil” demişdi.

İş də tapdı, işlədi də. Bezmədi, usanmadı. Bircə arzusu vardı: təhsil almaq.

Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsinə sənədlərini versə də müsabiqədən keçə bilmədi. Qəbul üçün təkrar müraciət etdikdə isə onu Tarix  fakultəsinə qəbul etdiklərini dedilər. Lakin o, bununla razılaşmadı və yaşının az olmasına baxmayaraq, könüllü ərizə verib hərbi xidmətə yollandı. Hərbi xidmətdə onu hərbi məktəbə qəbul etdilər. Lakin burda da bəxti gətirmədi, təhsili yarımçıq qaldı. Ordudan tərxis olunduqdan sonra yenidən Qaradağ daş karxanasına qayıtdı. Sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olundu. Bu dəfə də fikrindən daşındı-sənədlərini götürüb Novruz Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinə üz tutdu. İki il keçdi və onu təcrübə keçdiyi Bakı Şəhər Daxili İşlər İdarəsinin Cinayət-axtarış şöbəsində əməliyyatçı təyin etdilər.

Əhmədin qorxmazlığını, dözümünü, analitik düşüncə sahibi olduğunu görüb onu ağır bir cinayət işini açmaq üçün görəvləndirirlər. Bu məxfi əməliyyat “Qara volqa” detektivində əksini tapıb. Həmin hadisələrin birbaşa iştirakçısı olan Əhməd orada məxfi agent kimi cinayətin açılmasına kömək edir, cinayətkarlarla sıx təmasda olub özünü onların ən inanılmış adamı kimi təsdiqləyir. Hətta dəstə üzvləri onu sınamaq üçün kənd Yasamalda üç gün ac-susuz saxlayırlar. Cinayətkar dəstənin 81 nəfərindən 26-ı Qazaxstana göndərilsə də qalanlarının məhkəməsi Bakıda olur. Dəstə üzvlərindən Məhərrəm Qafarov məhkəmədə üzünü ona tutub: “Bilsəydim ki, milissən, gecə yatağında tikə-tikə doğrayardım”, - deyir...

Üç il Bakıda işlədikdən sonra, özü də gənc olmasına baxmayaraq, Laçın  Rayon Daxili İşlər Şöbəsinə rəis müavini təyin olunur. Bir müddət sonra Rostovdakı Milis Akademiyasına göndərilir və qəbul olunur.

Əhməd müəllim 5 il Laçında, 2 il Cəbrayılda, 5 il Şamaxıda, 1984-cü ildən 1992-ci ilə kimi isə Əlibayramlı şəhərində xidmət edib. Bir sözlə, qəhrəmanımız 31 il daxili işlər orqanlarında çətin, şərəfli bir yol keçib. Paxıllıq nədir bilməyib. Bildiyini öyrədib. Gənclərə arxa-dayaq olub həmişə. Hətta olub ki, düz işlədiyinə, düz danışdığına görə o zamankı rayon katibləri ilə də ömür-gün yoldaşı Səmayə xanım demiş: “Bir-iki problem yaşayıb, haqsızlıqlarla rastlaşıb, ağa qara deyənləri yerində oturdub”.

Beş övlad atasıdır. Babadır. “Yolunuzu davam etdirən varmı” sualına cavab verməkdə çətinlik çəksə də köməyinə ömür-gün yoldaşı çatır:“Bu kişi köhnə adamlardandır. Oğlumuza dedi ki, bala, bilirəm ki, səndən polis olmayacaq. Sən çətinliyə, sıxıntıya elə də dözümlü deyilsən. Vallah başqası olsaydı, indi tanıdığı dosta, tanışa deyib övladını işə qoyardı. Bu da belədir, nə etmək olar. Amma yaxşı ki, belədir...”

İndi nəvələrindən biri onun yolunu davam etdirir...

O, 78-in əlindən tutub üzü 80-ə qalxır. Cavanlığında da qarşısında yoxuş olub, indi də. Amma el gözündə ucalmaq, haqq tərəzisinin gözündə savabı çox olanlardan olmaq hər kişiyə nəsib olmur...

Ömrün uzun olsun, Ər kişi, Nər kişi.  Xoşbəxtsən ki, səni unutmurlar, adın çəkiləndə çöhrələrə işıq qonursanki. Xoşbəxtsən ki, xatırlanırsan, xoşbəxtik ki, xatırladıq. Və sənin adını yaşatmaqla, ucaltmaqla biz də tarixin bir küncünə adımızı həkk etdik. Qalacaqmı? Ya qismət?!

 

Hafiz Təmirov,

polis mayoru, DİN Mətbuat Xidmətinin bölmə rəisi

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh