İlham Əliyev: “Naxçıvan dəmir yolu ilə blokadadan canını qurtaracaq”
Gündəm 16 May 2018 16:12 223 dəfə oxunub
İlham Əliyev: “Naxçıvan dəmir yolu ilə blokadadan canını qurtaracaq”
“Naxçıvanın çox böyük potensialı var”

“Bildiyiniz kimi, Azərbaycan hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə ciddi məşğuldur. Azərbaycan ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb. Biz bu layihənin tam başa çatması üçün böyük maliyyə vəsaiti ayırmışıq. Ümid edirəm ki, gələcək üç il ərzində bu layihə tam istifadəyə veriləcəkdir. Hər halda planımız bundan ibarətdir. Belə olan halda Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaq”. Avtosfer.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev mayın 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılış mərasimində deyib. “Yəni, bu mühüm işlərin görülməsi bir daha onu göstərir ki, Naxçıvanın çox böyük potensialı var. Bir daha demək istəyirəm ki, burada görülən işlər çox böyük qiymətə layiqdir. Onu da bildirmək istəyirəm ki, bu il Naxçıvan bütün İslam dünyasında artıq özünü göstərəcək. Çünki bu il Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı” kimi şərəfli adı daşıyır. Bir neçə il bundan əvvəl Bakı bu ada layiq görülmüşdür və biz o vaxt ISESCO-ya müraciət etmişdik ki, biz istəyirik ikinci Azərbaycan şəhəri – məhz Naxçıvan şəhəri bu ada layiq görülsün. Çünki Naxçıvan buna layiqdir. Bilirəm ki, bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var - bu məkanın adı Naxçıvandır”, - deyə, dövlət başçısı bildirib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh