Mingəçevirin 69 yaşlı səyyahı 5 ölkə üzrə növbəti velotura çıxıb

Avtoxəbər 23 May 2018 22:56 Oxunub 1103
Mingəçevirin 69 yaşlı səyyahı 5 ölkə üzrə növbəti velotura çıxıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, cəmi bir neçə ildir ki, velosiped sürməyi öyrənib

Mingəçevir sakini 69 yaşlı təqaüdçü Abid İsmayılov velosipedlə artıq 5 ildir ki, dünyanı səyahət edir. O, bu gün öz ənənəsinə sadiq qalaraq yeni marşrut üzrə velotura çıxıb. Avtosfer.az xəbər verir ki, Abid İsmayılov ötən il 3000 kilometr məsafəni 70 günə qət etmişdi. 

Azərtac-ın məlumatına görə, xəbər verir ki, 1948-ci il təvəllüdlü velosipedçi Abid İsmayılov bu dəfə İran-Naxçıvan-Türkiyə-Rusiya-Gürcüstan-Krasnodar-Novorossiysk-Soçi marşrutu üzrə səyahətə çıxıb. O, Çeçenistan və İnquşetiya ərazilərində də olacaq. Zəruri vasitələri özü ilə götürən həvəskar velosipedçini bu gün səhər saatlarında Mingəçevirin giriş qapısında dostları yola salıb, ona uğurlar arzu ediblər.

Üç ay müddətində səyahətdə olacağını bildirən Abid İsmayılov 69 yaşının olmasına baxmayaraq, səhhətində problemin olmadığını, özünü gümrah hiss etdiyini bildirib. O deyib: “İnanıram ki, 3 ay boyunca arzularımı reallaşdıracağam. Çünki bu səyahətdə mən yolboyu maraqlı insanlarla qarşılaşır, növbəti səyahət üçün özümdə bir güc toplayıram. Bu dəfə fikrim var ki, Odessaya qədər gedim. Bir ona təəssüflənirəm ki, ötən 5 ildə özümə bir yol yoldaşı tapa bilmədim. Çünki səyyaha yoldaşlı çıxmaq bir az güvənli olur. İnanıram ki, bu arzuma da çatacağam”.

Qeyd edək ki, Abid İsmayılovun nə uşaqlıqda, nə də gənc yaşlarında velosiped sürməyə heç həvəsi olmayıb. O, cəmi bir neçə ildir ki, velosiped sürməyi öyrənib. Əzmkarlığı və inanılmaz istəyi onun bu nailiyyətləri əldə etməsinə gətirib çıxarıb. Səyyah sağlam həyat tərzini və idmanın insan həyatı üçün vacibliyini əsas tutur. O, gələcəkdə velosipedlə Çin səddinədək getməyi planlaşdırır.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh