Güclü sel çayı keçmək istəyən avtomobili aşırıb - VİDEO

Avtosfer TV 4 İyun 2018 00:44 Oxunub 2037
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşındakılar bir neçə saat sonra köməyə gələnlər tərəfindən çaydan çıxarılıb

Ötən gün Göyçay çayına gələn güclü sel çayın üzərindəki körpüyə təsir göstərmişdi. Gecə saatlarında isə selin təsirindən körpü uçub. Güclü sel saat 21.00 radələrində ölkə əhəmiyyətli 74 metr uzunluğu olan körpünü yararsız vəziyyətə salıb.

Qeyd edək ki, bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb. Körpüdə çökmə təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti ötən gün günorta saatlarından dayandırılmışdı. Yaranmış vəziyyət barədə aidiyyati qurumlara məlumat verilib və nümayəndələr hadisə baş verən yerdə olublar. Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev bildirib ki, 2015-ci ildə Bakı-Şamaxı-Yevlax avtomobil yolu yenidən qurularkən qəzalı vəziyyətdə olan bu avtomobil körpüsünün yanında yeni müasir körpünün inşası nəzərdə tutulmuşdu, lakin müəyyən səbəblərdən ərazidə inşaat işlərinə başlanılmayıb. Hazırda çayda güclü sel axını davam edir, suyun səviyyəsi hələ ki, aşağı düşməyib. Alternativ körpünün tikintisinə çayda su azalandan sonra başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, uçqun ümumi uzunluğu 74 metr olan avtomobil körpüsünün sel sularının istiqaməti üzrə sol yanaşma yolunun torpaq yatağının yuyulması nəticəsində baş verib. Uçmuş hissənin uzunluğu təqribən 14-15 metr təşkil edir.

Qubanın Qonaqkəndində gələn sel çayı keçmək istəyən avtomobili aşırıb. Maşında olan şəxslər bir neçə saat sonra köməyə gələnlər tərəfindən çaydan çıxarılıb.

Şamaxının Qaleybugurd kəndində də bənzər hadisə olub. Avtomobil Ağsu çayını keçərkən sel yaranıb və maşın çayın ortasında qalıb. Hadisədə xəsarət alan olmayıb. Avtomobil çayın ortasından əlavə texnikaların köməyi ilə çıxarılıb.

Bu görüntülər isə Ağsu rayonunun Maşadqala kəndindəndir. Sel nəticəsində çayda sululuq artıb və çayın kənarında olan torpaq qatı yuyulub. Nəticədə bir neçə kəndə gedən yolun bir hissəsi uçub. Avtomobillərin hərəkətində çətinlik yaranıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh