“Standart Sığorta” DYP-nin səlahiyyətini mənimsəyib? – İDDİA
Oxucu məktubları 6 Iyun 2018 01:03 428 dəfə oxunub
“Standart Sığorta” DYP-nin səlahiyyətini mənimsəyib? – İDDİA
Sığorta şirkətinə qarşı dəymiş maddi və mənəvi ziyanla bağlı məhkəmə iddiası qaldırılır

Vətəndaşlar “Standart Sığorta”dan narazıdır. Avtosfer.az xəbər verir ki, Cəfərov Fariz Xanoğlan oğlu Azinforum.az-a müraciət edərək, “Standart Sığorta” şirkətinin  ona qarşı etdiyi qanunsuzluqdan danışıb. Şikayətçi bildirir ki, 10 may 2018-ci il tarixində onun idarə etdiyi  99 MB 061 seriyalı “Mercedes Vito”  avtomobili  Samux rayonu ərazisində,  Göy-Göl istiqamətinə gedən yolda, Quliyev Həbib Məmmədəli oğluna məxsus 20 CG 312 seriyalı “Kamaz” markalı  avtomobil tərəfindən vurulub: “Hadisə nəticəsində mənim avtomobilimə ciddi ziyan dəyib.  Prosedura uyğun olaraq, hadisə yerinə DYP əməkdaşları gəldi. Onların apardıqları araşdırmadan sonra, gəldikləri ilkin rəy bundan ibarət oldu ki,  qəzada günahkar  “Kamaz”-ın sürücüsüdür. Hər ikimizi müayinə etdilər. Heç birimizdə alkaqol aşkar edilmədi. “Kamaz”-ın sürücüsü verdiyi izahatda təqsirli olduğunu etiraf edib. “Kamaz”-ın icbari sığortası  “Standart Sığorta”da olduğu səbəbindən,  dəymiş ziyanı almaq üçün məni Heydər Əliyev Sarayının  yaxınlığındakı “Standart Sığorta”nın ofisinə yönəltdilər. İki fərqli  ekspetin verdiyi rəyə əsasən mənə dəyən ziyan  1960 manat dəyərində  müəyyənləşdi.

Yuvarlaq olaraq 1700 manata razılaşdıq. Lakin sonra həmin sığorta şirkətində ekspert kimi çalışan Məmmədov Hicran adlı keçmiş polis işçisi  qəribə məntiqlə ziyanın mənə verilməsinə maneçilik törətdi. Məmmədov Hicran deyir ki, həmin qəzada günah “Kamaz”ın sürücüsündə deyil, məndə olub. Onun məntiqi ilə, mənə müəyyənləşən ziyanın yarısı verilməlidir, yəni 850 manat. Başa düşə bilmirəm, sığorta işçisi nə vaxtdan DYP-nin yerinə kimin  günahkar olduğunu müəyyənləşdirmək kimi funksiyanı mənimsəyib? Həmin Məmmədov Hicran mənə deyir ki, sən DYP-yə rüşvət verib bu rəyi alıbsan. Fikirini də belə əsaslandırır ki, onu özünü  DYP saxlayanda 20 manat verib, yoluna davam edir. Şirkətin öz işçiləri belə Hicrana pulun mənə verilməli olduğunu izah edə bilmir. Açıqca deyir ki, bu oğlanı süründürəcəm, hara istəyir şikayət etsin”.

Şikayətçinin bizə təqdim etdiyi sənədlərdən və fotolardan aydın görünür ki, baş vermiş qəzanın günahkarı doğrudan da “Kamaz” avtomobilidir. Belə olan təqdirdə, sığorta şirkəti səlahiyyətini aşaraq, DYP-nin rəyini şübhə altına qoyaq cəhdi zərərçəkənə ziyanın ödənməsindən yayınmaq cəhdi kimi qiymətləndirilə bilər.

Zərərçəkən deyir ki, problemi həllini tapmasa, sığorta şirkətinə qarşı dəymiş maddi və mənəvi ziyanla bağlı məhkəmə iddiası qaldıracaq.

Mövzu ilə bağlı “Standart Sığorta” şirkətinin də mövqeyini  dərc etməyə hazırıq. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh