ŞİKAYƏT - "Atamı öldürən sürücü niyə azadlıqdadır?"  

Xəbərlər 25 İyun 2018 13:20 Oxunub 1971
ŞİKAYƏT - "Atamı öldürən sürücü niyə azadlıqdadır?"   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Niyə 136 saylı marşrut xəttinin sahibi əvvəllər məhkum edilmiş şəxsi sürücü kimi işə götürüb”

Bir neçə gün əvvəl Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində sərnişin avtobusunun törətdiyi ağır qəza nəticəsində vəfat edən 61 yaşlı Mansur Namazovun ailəsi mətbuata müraciət edib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, M.Namazovun qızı Rəna Namazova ağır qəza törədən sürücünün həbs edilməməsindən narahat olduqlarını ifadə edib. O deyib ki, yol-hərəkət qaydalarını kobudcasına pozan 136 saylı marşrut avtobusunun sürücüsü, əvvəllər məhkum edilmiş Yelmar Atakişiyev bu dəfə törətdiyi ağır hadisəyə görə məsuliyyətə cəlb edilməyib: “Atam iyunun 9-u, səhər 6-da evdən çıxdı və 20 dəqiqədən sonra dəhşətli xəbəri aldıq. Hadisə 136 və 171 saylı marşrut avtobusları dayanacağa tez çatmaq üçün yarışarkən Atçılıq adlanan yerdə baş verib. Biz ora çatanda məlum oldu ki, 136 saylı avtobusun sürücüsü Yelmar Atakişiyev sürət həddini aşaraq səkiyə çıxıb. Bu zaman o, səkidə dayanmış atamı vuraraq xeyli sürüyüb. Zərbənin gücündən dayanacaqdakı dirək də qırılmışdı. Atamı xəstəxanaya çatdırsaq da, biz onu itirdik”.

Rəna Namazova bildirib ki, faktla bağlı cinayət işi açılsa da, sürücü tutulmayıb: “Xəzər rayon polis idarəsində hadisə ilə bağlı cinayət işi açıldı. Lakin nədənsə sürücünü sərbəst buraxdılar. Halbuki daha əvvəl də cinayət törətmiş bir şəxsdir. Bizim çoxlu sualımız cavabsız qalıb. Niyə 136 saylı marşrut xəttinin sahibi əvvəllər məhkum edilmiş şəxsi sürücü kimi işə götürüb və bu yolla onlarla insanın həyatını təhlükəyə atır. Atam 5 qadının həyatını xilas edərək özünü fəda edib. Əgər orda atam elə bir fədakarlıq etməsəydi, ən azı 3 nəfər həyatını itirə bilərdi. Niyə ağır cinayət törədən həmin sürücü hələ də sərbəst gəzir? Bu ani bir qəza deyil, tamah ucbatından törədilmiş bir cinayətdir. Bütün aidiyyatı qurumlardan xahiş edirik, bu cinayətə düzgün baxılsın”.

Məsələ ilə bağlı Xəzər rayon Polis İdarəsindən bildirilib ki, fakt üzrə istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb. İstintaqın gedişində və ya məhkəmə prosesi zamanı qəzanı törətmiş sürücünün həbs edilməsi istisna deyil. Hazırda onun ölkədən çıxışına qadağa qoyulub və bu barədə dilindən iltizam alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh