Yeni yük lokomotivinin təqdimat mərasimi keçirilib - FOTO

Yeniliklər 27 İyun 2018 13:36 Oxunub 1409
Yeni yük lokomotivinin təqdimat mərasimi keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu lokomotivlərdən 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq

İyunun 25-də Qazaxıstanın  "Astana" xüsusi iqtisadi zonasının ərazisində yerləşən EKZ zavodunda “Alstom Transportation S.A.” şirkətinin  Azərbaycan Respublikası üçün istehsal etdiyi ilk yük  lokomotivinin - Prima T8-in  (AZ8A) təqdimat mərasimi keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, təqdimat mərasımındə Azərbaycan və Qazaxıstan dəmir yollarının, “Alstom Transportation S.A.” şirkətinin, eləcə də   Azərbaycan və Qazaxıstan kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarına “Alstom Transportation S.A.” şirkətinin fəaliyyəti barədə video-çarx təqdim olunub. "Alstom"un Qərbi və Mərkəzi Asiya klasterinin idarəedici direktoru  Bernar Pey şirkətin fəaliyyəti haqda ətraflı məlumat verib. Astanadakı elektrovoz qayırma zavodunun baş direktoru Jülyen Nodi zavodun fəaliyyəti haqqında məlumat verib. Təqdimetmə mərasimində “Alstom Transportation S.A.” şirkətinin Yaxın Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Didye Pfleger çıxış edərək, Prima T8 (AZ8A) lokomotivinin üstünlüklərindən danışıb. Sonra lokomotiv tədbir iştirakçılarına təqdim olunub.

Təqdimetmə marasiminin iştirakçıları üçün EXPO-2017 Beynəlxalq sərgisinin muzeyi, eləcə də Qazaxıstanın Milli muzeyinə ekskursiyalar da təşkil olunacaq.

Prima T8 (AZ8A) Qazaxıstanda istehsal olunan və Azərbaycanın dəmir yollarında istifadə ediləcək dünyanın ən güclü lokomotivlərindən biridir və elektrikləşdirilmiş dəmir yollarında yüksək effektli dartı maşınları arasında liderdir. Bu lokomotiv yüklərin uzun məsafələrə daşınması zamanı maksimal rahatlıq və təhlükəsizliyi təmin edir. Saatda 120 km-ə qədər sürətlə hərəkət edə bilən Prima T8 (AZ8A) lokomotivi 9000 tona qədər yükdaşıma qabiliyyətinə malikdir.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom Transportation S.A.” şirkəti arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, ADY “QSC” Alstom şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən yük lokomotivinin almasını planlaşdırır. Bu lokomotivlərdən 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh