«Bəzi işbazların oyununa gələrək tramvaylar ləğv olundu»

Avtoxəbər 9 Aprel 2014 00:00 Oxunub 2047
«Bəzi işbazların oyununa gələrək tramvaylar ləğv olundu»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şahin Camalov: «Bakıda nəqliyyatın bu qədər pis vəziyyətdə olmasının səbəblərindən biri də tramvayların ləğvidir»

Dünyanın bir çox inkişaf etmiş ölkələrində nəqliyyatın ən sərfəli və ekoloji cəhətdən təmiz növü sayılan tramvaylardan istifadə edilir. Vaxtilə ölkəmizdə də bu nəqliyyat növündən istifadə edilsə də, sonradan ləğv olundu. Lakin Bakıda salınan “Ağ şəhər”də tramvayların yenidən istifadəyə veriləcəyi nəzərdə tutulur. “Ağ şəhər”də nəqliyyat növü kimi tramvaylardan istifadə olunacağını şad xəbər hesab edən Təhlükəsiz Yol Alyansının koordinatoru Şahin Camalov “Üç nöqtə”yə bildirdi ki, bütövlükdə Bakı şəhərində tramvayın xidmətlərindən istifadə edilməsi böyük əhəmiyyət kəsb edər: “Avropanın bir çox böyük şəhərlərində tramvayın xidmətlərindən istifadə edirlər. Azərbaycan da vaxtilə tramvayın xidmətlərindən istifadə edib. Hesab edirəm ki, dünyada ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən biri də məhz tramvaylardır. Digər tərəfdən müxtəlif ölkələrin təcrübələrindən bu nəqliyyat növünün əhəmiyyətini görürük. Xüsusilə tramvay yollarının ayrı bir xətt halında istifadə olunması sərnişinlərin istədikləri yerə vaxtında çatması baxımından olduqca əlverişli nəqliyyat növüdür. Hesab edirəm ki, Azərbaycanda da bu nəqliyyat növü yenə istifadəyə verilməlidir. Hələlik “Ağ şəhər”də tətbiq olunacaq. Amma inanıram ki, bütün şəhərimizdə də bu nəqliyyat növündən istifadə oluna bilər”. Şahin Camalov bu qədər üstünlükləri varkən Azərbaycanda tramvayların niyə ləğv olunmasından da danışdı: “Bunun tam olaraq səbəblərini bilmirəm. Amma mənə elə gəlir ki, bəzi işbazların oyununa gələrək bu nəqliyyat növü ləğv olundu. Bu nəqliyyat növünə məxsus avadanlıqlar, dəmirlər, relslər vəhşicəsinə talandı. Biz bu gün nəticəsi olaraq acınacaqlı vəziyyəti görürük. Bakı şəhərində nəqliyyatın bu qədər pis vəziyyətdə olmasının səbəblərindən biri də tramvayların ləğv olunmasıdır”. Ş.Camalov deyir ki, Bakıda tramvaylardan istifadə olunsa, şəhərdə tıxaclar azalar: “Eyni zamanda ekoloji vəziyyətin böyük həcmdə düzəlməsinə ciddi təsir edər. İnsanlar ona görə şəxsi nəqliyyatdan istifadəyə üstünlük verirlər ki, istədikləri yerdə daha tez çatırlar. Bu gün Bakıda tramvaylar bərpa olunarsa və Avropa ölkələrində olduğu kimi, səliqəli, yararlı olarsa insanlar şəxsi nəqliyyatdan istifadəyə o qədər meylli olmazlar. İctimai nəqliyyatın üzərinə düşən gündəlik yük var. Hazırda bu tələbatı metro və avtobuslar yerinə yetirir. Üçüncü bir nəqliyyat növü istifadəyə verilsə, paylaşma olacaq və artıq insanların böyük bir qismi metronun yerüstü forması olan tramvaylardan istifadə edəcəklər. Bu da digər nəqliyyat növlərində kütləvi insan axınının qarşısını alacaq”.

 

Aygün Asimqızı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh