Polislər buna görəmi kök olur? - Əsədovun unikal cavabı

Yol polisi 2 İyul 2018 16:30 Oxunub 2208
Polislər buna görəmi kök olur? - Əsədovun unikal cavabı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sürət həddinin aşılması ilə bağlı 2 dəfə cərimə ödəmişəm”

Bu gün Azərbaycan polisinin 100 illik yubileyidir. Ölkəmizin sabitliyində mühüm rol oynayan polislərimiz daim vətəndaşların asayişinin təmin olunması üçün çalışırlar. Polislərimiz bəzən nümunəvi qərarları, bəzən də maraqlı, məzəli çıxışları ilə cəmiyyətimizin əhəmiyyətli parçasına çevriliblər və artıq vətəndaşlarla onlar arasında səmimi, hörmət çərçivəsində münasibət yaranıb.

Avtosfer.az Axar.az-a istinadən Azərbaycan polisinin 100 illik yubileyi çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla müsahibəni təqdim edir.

- Bu gün Azərbaycan polisi olaraq, ən çox nə ilə fəxr edirsiniz?

- Dövlətə, xalqa xidmətimiz bəllidirsə və cəmiyyətimiz hiss edirsə ki, polis təhlükəsizliyi qoruyur, asayişi təmin edir, bu, bir polis olaraq bizim üçün dünyada ən böyük xoşbəxtlikdir. Bu cəmiyyətin içində bizim ailə üzvlərimiz, sevdiklərimiz də var. Şəxsən mənim üçün bu peşə ən böyük qürur hissidir.

- Vaqif bəy, sizi polis orqanlarımızdakı hansı çatışmazlıq narahat edir və onun düzəlməsini istəyirsiniz?

- Mən buna çatışmazlıq deməzdim. Amma sizin dilinizlə “çatışmazlıq” desək, bu çatışmazlıqları gündəlik gedən inkişaf prosesləri kölgədə qoyur. Azərbaycan polisi ən müasir texniki avadanlıqlarla təchiz edilib. Buna görə də təhlükəsizliyin qorunmasında polis əməkdaşlarımız keçmişlə müqayisədə çox da əziyyət çəkmir.

- Bu gün bayram münasibətilə sürücülərə hər hansı güzəştlərin tətbiq edilməsi gözlənilirmi? Yəni bu gün polislərimiz protokol yazmaya bilərmi?

- Biz Yol Hərəkəti Qanunundan danışırıq. Onsuz da mentalitetimizlə bağlı məsələlərə görə bəzən güzəştə gedilir. Məsələn, Beynəlxalq Qadınlar Günü münasibət ilə qadınlarımızı sevindiririk və onların kiçik xətalarını xəbərdarlıqla əvəz ediriksə, bu o deməkdir ki, polis hər bir xırda detalları nəzərə alır. Polislərin peşə bayramı münasibəti ilə güzəştlərin tətbiq edilməsi isə qanunun pozulması deməkdir. Təbii ki, bu olmamalıdır.

- Vaqif bəy, sosial şəbəkədə belə bir zarafat yazmışdılar: “Polislərimizin kəmərində müxtəlif ləvazimatlar olur. Məsələn, fənər, qandal, tapança, dəyənək, ratsiya və s. Bu qədər ləvazimatın yerləşməsi üçün isə kəmər uzun olmalıdır. Ona görə də polislərimiz fizioloji cəhətdən kök, yəni qarınlı olurlar”.

- İşimizlə bağlı olan ləvazimatların polislərin üzərində olmasını qanun tələb edir. Polislərlə bağlı belə şit zarafatları qəbul etmirəm. Bu gün hər birimiz rahat, təhlükəsiz şəkildə yaşayırıqsa, fikirlərimizi rahat, demokratik şəkildə deyə biliriksə, bu, elə polisin fəaliyyətinin göstəricisidir. Polislərlə bağlı bu cür zarafatlar etmək düzgün deyil. Polislərin müstəsna xidmətləri var. Onlar hava şəraitindən asılı olmayaraq, yatmadan, əziyyət çəkərək, funksional xidmətlərini yerinə yetirirlər. Bu gün əhalimizin 99 faizi polisləri sevir, dəstəkləyir.

- Jurnalistlər sizdən ən çox nəyi xahiş edirlər? Yəni qayda pozuntusu törədərkən cəzalarının silinməsini istəyənlər çoxdurmu?

- Jurnalistlərlə bizim qarşılıqlı fəaliyyətimiz var. Onlar məndən daha çox informasiya istəyirlər. Cəzaların silinməsi ilə bağlı istəkləri yoxdur. Olsa da, bu gün tətbiq edilən texniki vasitələr, texnologiyalar buna imkan vermir ki, onlara güzəşt edək. Törədilən xətalar avtomatik qeydiyyata alınır. Qanun hər kəs üçün eynidir və yerinə yetirilməlidir.

- Bəs məşhurlar necə? Onlardan belə müraciətlər daxil olur?

- Bizə kimliyindən asılı olmayaraq, hər kəs müraciət edir. Məşhurlarımız da. Bəzən müxtəlif suallar verilir və ya arzu-istəklər, təkliflər irəli sürürlər. Hətta şikayət edənlər də olur. Mən də aidiyyəti qurumlar üzrə bunları ötürürəm. Hər kəsin arzusunu, istəyini, şikayətini olduğu kimi çatdırmağa çalışıram. Cəzalarla bağlı isə dediyim kimi, belə bir şeyin olması mümkün deyil.

- Bəs özünüz yollarda qanun pozuntusuna yol verirsinizmi?

- Təbii ki, olub. Cərimələrimi də ödəyirəm. Çalışıram ki, qaydalara uyğun şəkildə hərəkət edim. Buna da nail oluram. Sürət həddinin aşılması ilə bağlı 2 dəfə cərimə ödəmişəm. Şəxsi maşınımla sürət həddini aşmışdım, cəriməni ödədikdən sonra cəmiyyətə çatdırmaq istədim ki, mən polis polkovniki olaraq cərimələrimi ödəyirəmsə, hər kəs bunu etməlidir. Lakin təəssüf ki, bu, bəzi dairələrdə yaxşı qarşılanmadı. Bəziləri dedilər ki, polkovnik gərək qayda pozmasın, bəziləri də bunun piar olduğunu dedi. Hərə bir cür qəbul etdi. Mən isə bildirmək istəyirdim ki, hər kəs qanun qarşısında bərabərdir və tətbiq edilən cərimələri ödəməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh