Yevlaxda 7 yaşayış məntəqəsini birləşdirən yolun inşası yekunlaşır – FOTO

Yeniliklər 9 İyul 2018 15:03 Oxunub 1097
Yevlaxda 7 yaşayış məntəqəsini birləşdirən yolun inşası yekunlaşır – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda optimal-qırmadaş qarışığından istifadə edilərək lazımi qalınlıqda əsasın üst layı inşa edilir

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. Yevlax rayonu da bu cür yol infrastrukturu layihələrindən kənarda qalmayıb. Belə ki, hazırda rayonda inşası davam etdirilən Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən yeni avtomobil yolunda işlər yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, Yevlax rayonunun Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli kəndlərarası avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmiş, çiyinlər sıradan çıxmışdır. Bu üzdən sözügedən yolun əsaslı şəkildə yenidən qurulması yol boyu yaşayan vətəndaşların ürəyincə olub.

9.7 km uzunluğa malik Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun ensiz olması yol yatağının genişləndirilməsinə zərurət yaratmışdı. Bu məqsədlə əraziyə xüsusi qrunt gətirilərək yol genişləndirilib. Bu işlər yolun 10 min kv.m-dən çox hissəsində aparılıb. Bundan başqa 5 min kub.m-dən çox həcmdə yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri də görülüb.

Yol yatağı hazır olan hissələrdə qum-çınqıl qarışığından ibarət əsasın alt layının tikintisi işləri də aparılıb. Hazırda optimal-qırmadaş qarışığından istifadə edilərək lazımi qalınlıqda əsasın üst layı inşa edilir. Ümumilikdə sözügedən torpaq işləri 100 min kv.m-dən çox ərazini əhatə edib. 40 min kv.m-ə yaxın sahədə çiyin hissələrin lazımi materialla bərkidilməsi də nəzərdə tutulub.

Torpaq işlərinə paralel olaraq layihə çərçivəsində yeni suötürücü boruların inşası işləri də həyata keçirilib. Belə ki, borular istismara yararsız olduğundan yenisi ilə əvəz olunmasına ehtiyac var idi. Bu məqsədlə 144 paqon-metr uzunluğunda 12 ədəd metal borunun  və müxtəlif diametrli 36 paqon-metr uzunluğunda 3 ədəd dəmir-beton borunun quraşdırılması, boru başlıqlarının dəmir-betonla inşası aparılıb.

Yol əsası hazır olan hissələr texnoloji ardıcıllığa uyğun olaraq  iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilərək örtüyün alt və üst layı 12 sm qalınlıqda asfaltlanır. Bu işlərin əhatə etdiyi ərazi 60 min kv.m-ə yaxındır.

Qeyd edək ki, tikinti işlərinin sonuncu mərhələsində 5 nöqtədə avtobus dayanacağı, 34 ədəd yol nişanı və göstəricinin, 460 ədədisə siqnal dirəyi quraşdırılacaq, 29 km uzunluğunda yolun xətlənməsi işləri görüləcək.

Sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılmaqla avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq, 7 yaşayış məntəqəsinin 7 minə yaxın əhalisinin respublika əhəmiyyətli Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 36-cı km-nə rahat çıxış əldə etməklə gediş-gəlişi asanlaşacaq. Yol layihəsinin icrası avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh