Maşını texniki baxışdan keçirməyənlərə son xəbər – Hər şey fərqli olacaq

Yazarlar 20 İyul 2018 23:00 Oxunub 10460
Maşını texniki baxışdan keçirməyənlərə son xəbər – Hər şey fərqli olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müddət başa çatır

Azərbaycanda istifadə olunan xarici markalı avtomobillərin texniki baxış müddətinin  başa çatmasına 11 gün qalıb. DİN Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, indiyədək Bakı şəhəri üzrə cəmi 16 faiz nəqliyyat vasitəsi texniki baxışdan keçib. Müddətin bitməsinə saylı günlər qalsa da, avtomobilini yoxlanışa gətirmək istəyənlərin sayı çox azdır.

Avtosfer.az əməkdaşları Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən texniki müayinə mərkəzində olarkən də, avtomobillərin sayının çox olmadığının şahidi olublar. Ərazidə olduğumuz 2 saat müddətində texniki baxış üçün müraciət edənlərin sayı 15-20 avtomobildən çox olmayıb.

Əvvəlki illlərin təcrübəsi göstərir ki, avtomobil sahiblərinin böyük əksəriyyəti texniki baxış üçün müddətin bitməsinə 2-3 gün qalmış müraciət edir. Həmin vaxt isə Texniki Müayinə Mərkəzinin qarşısında böyük növbələr yaranır. Hətta mərkəz əməkdaşlarının gücləndirilmiş iş rejimində çalışmaları da problemin həllinə kömək olmur. Sonda isə növbə gözləməyə səbiri çatmayan sürücülər aqressiyalarını Texniki Müayinə Mərkəzinin üzərinə yönəldir. Baxmayaraq ki, sürücülər son günü gözləməyərək zamanında avtomobillərini texniki müayinədən keçirsələr, bu kimi problemlər yaşanmaz.

Qeyd edək ki, texniki baxışla bağlı qanunvericilikdə bəzi dəyişikliklər edilib. Belə ki, artıq avtomobil texniki baxışdan keçdikdən sonra talon verilməyəcək. Bununla bağlı məlumat sadəcə DYP-nin Mərkəzi Məlumat Sisteminə vurulacaq. Texniki baxışdan keçməyən avtomobillər kameralar vasitəsilə də qeydə alınacaq. Belə avtomobilləri həm yol polisi saxlayıb cərimə yaza bilər, həm də kameralar qeydə alaraq elektron qərar tərtib edəcək. Əvvəllər texniki baxışdan keçməməyə görə cərimə yazıldıqdan sonrakı 10 gün ərzində təkrar cərimə yazıla bilməzdi. İndi bu müddət 20 günə qaldırılıb. 20 gün ərzində texniki baxışdan keçirilməyən nəqliyyat vasitəsi yenidən kameralar tərəfindən aşkarlandıqda 50 manat cərimə yazılacaq. Odur ki, avtomobili texniki baxışdan keçirmədikdə cəzasız qalacağınızı düşünməyin.

Avtomobili texniki baxışa ona görə vaxtında təqdim etmək lazımdır ki, texniki nazaslıq aşkarlandıqda onu vaxtında aradan qaldırıb yenidən baxışa təqdim edə biləsiniz. 

Məlum olduğu kimi, hər il yanvarın 1-dən nəqliyyat vasitələrinə texniki baxış dövrü başlayır. Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar – 30 aprel aralığında “VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust – 31 oktyabr aralığıdır. Qanunvericiliyə əsasən, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Bu zaman nəqliyyat vasitəsinin nə vaxt əldə edilməsinin heç bir əhəmiyyəti yoxdur. 

Nəqliyyat vasitəsini texniki baxışa təqdim edən hər kəs aşağıdakı sənədləri də təqdim etməlidir:

1) sürücülük vəsiqəsi; 

2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (nəqliyyat vasitəsi başqasının adına olduqda isə etibarnamə və ya icarə müqaviləsi); 

3) dövlət rüsumunun ödənilməsinə dair sənəd;

4) nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə, fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat cərimə olunur. Bu cərimə yol polisi tərəfindən hər 10 gündən bir yenidən tətbiq edilə bilər.

 

Xalid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh