Yol hərəkətində maraqlı və müəmmalı fakt: Həm bilir, həm də bilmirik

Yazarlar 25 İyul 2018 01:00 Oxunub 3569
Yol hərəkətində maraqlı və müəmmalı fakt: Həm bilir, həm də bilmirik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tunellərdə gündüz saatlarında yaxın işıqları yandırmadığınız üçün cərimə olunmusunuz?

Qanuna riayət edən sürücü bilir ki, tunellərə daxil olanda mütləq şəkildə avtomobilin yaxın işıqlar yandırılmalı, sürət həddi isə 60 km/saata salınmalıdır. Dövlət Yol Polisi (DYP) bəyan edir ki, bu qayda pozuntusuna görə sürücülər cərimə olunur. Maraqlıdır, sürücülər Bakıda salınmış tunellərdə bu qaydalara əməl edirlər? Və əməl etməyənlər cərimə olunurmu?

Sputnik Azərbaycan bu suallara aydınlıq gətirmək üçün sosial şəbəkələrdə aktiv olan sürücülər arasında sorğu keçirib. Onlara, “Bu günə kimi tunellərdə gündüz saatlarında yaxın işıqları yandırmadığınız üçün cərimə olunmusuz? Tuneldə sürət həddini aşdığınız üçün radara düşmüsüz?” sualları verilib. Aldığımız bir-birindən maraqlı cavabları olduğu kimi təqdim edirik:

Həsən Həsənov: “Həmişə tunelə daxil olanda yaxın işıqları yandırıram, amma inanmıram kimisə buna görə cərimə edən olsun. Demək olar, hər dəfə tuneldə sürət həddini aşıram, ancaq indiyədək radar olmadığı üçün cərimə olunmamışam”.

Azər Həsrət: “Birincisi, mən həmişə yaxın işıqları yandırıram. İkincisi də, sürət həddini aşmıram. Ona görə də cərimə olunmamışam”.

Aynur Şahkərimova: “Həmişə yaxın işıqları yandırıram, sürət həddini aşmıram və zolaq dəyişmirəm”.

Nicat Qafuroğlu: “Yaxın işıqları yandırmıram. İşığa görə bu günə kimi problem olmayıb, amma dəfələrlə radara düşmüşəm. Xüsusən də Ziya Bünyadov prospektindəki tunellərdə radar var”.

Fərid Babayev: “Avtomobildə avtomatik işıqlandırma qoşulanda tunelə daxil olan zaman yaxın işıqlar özləri yanacaq. Mən elə etmişəm”.

Vaqif Hüseynov: “Mən avtomobildə işıqları həmişə avtomatik yanıb-sönmə funksiyasında saxlayıram deyə, mənə maraqlı deyil, o, nə vaxt yanır, nə vaxt sönür. Çünki o boyda işığa həssaslıqla quraşdırılmış smart sistem, hər halda, məndən daha ağıllıdır və başqa şeylər barədə düşünmür. Tunelə girəndə özü yanır, çıxanda sönür. Axşamlar hava qaralana yaxın özü yanır, qarajda səhər yanır, çölə çıxırsan sönür. Ona görə də cərimə olunmamışam nə işığa, nə də sürət həddinə görə”.

Bəxtiyar Məmmədli: “Elə avtomobillər var ki, tunelə daxil olan kimi maşının avtomatik yaxın işıqları yanır və elə də bir problem yaratmır. Tunellərdə sürət həddini gözləmək lazımdır, çünki orada sürətli hərəkət etmək təhlükəlidir. Avtomobilimdə bu sistem olduğu üçün yaxın işıq yandırmaqda problemim olmayıb. Eyni zamanda mən heç vaxt tuneldə radara düşməmişəm, ona görə də cəzalanmamışam”.

Əzizə İsmayılova: “Avtomobilim avtomatik işıq sistemli deyil. Mühərriki işə salan kimi yaxın işıqları yandırıram. Tunel oldu, olmadı. İşığın yanması sənin var olduğunu daha tez diqqətə çatdırır və qarşındakı sürücü güzgüdən baxan zaman sənin hərəkətdə olduğunu daha tez fərq edə bilir. Radara isə heç vaxt düşməmişəm, nə tuneldə, nə də yolda”.

Niyaz Niftiyev: “Bizdə məsafəcə elə də uzun tunel olmadığı üçün işıqları yandırmağa ehtiyac olmur. Mən maşınımın yaxın işıqlarını tunellərdə yandırmıram. Şəxsən mən, məhz tuneldə sürət həddini aşdığıma görə də cərimələnməmişəm”.

Qafar Ağayev: “Mən yaxın işıqları yandırmıram, sürət həddini də aşıram. Bu arada, hələ sürət həddinə görə radara düşməmişəm. Bəlkə siz gündəmə gətirəndən sonra radar qoyarlar”.

Tamerlan Cəfərov: “Maraqlı mövzudur. Bizim qanunvericilikdə tunellərdə yaxın işığın yandırılması qeyd olunub, amma tunelin olub-olmamasının müəyyən edilməsi çətindir. Qanunda tuneli bildirən 1.29 nişanı var, amma onu da bəzən tətbiq etmirlər və ya səhv tətbiq edirlər. Məsələn, Ziya Bünyadov prospektindən Hava limanına çıxışda 1.29 nişanı yoxdur, amma ora çatmamış 10 metr eni olan bir körpünün yaxınlığında 1.29 nişanı qoyulub. Körpünün altı tuneldir ki, mən 1.29 nişanına görə, 10 metr məsafədə yaxın işığı yandırım? Yollarda belə müəmmalı məsələlər çoxdur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh