Yol qəzaları daha çox can almağa başlayıb: nə etməli?

Yazarlar 3 Avqust 2018 11:32 Oxunub 2035
Yol qəzaları daha çox can almağa başlayıb: nə etməli?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Əsas problem odur ki, yaşayış məntəqələrində və ya onlara yaxın ərazilərdə gecə vaxtı süni işıqlandırma yoxdur...”

Hər il yay aylarında olduğu kimi, bu il də yol qəzaları ilə bağlı çoxsaylı xəbərlər alırıq. Hadisələrin əksəriyyəti yüksək sürət, sürücülərin qaydalara məhəl qoymama səbəbindən baş verir. Ümumilikdə isə Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu ilin  iyul ayında respublikanın avtomobil yollarında 133 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən bu qəzalar nəticəsində 68 nəfər ölüb, 248 nəfər xəsarət alıb. Bu ilin iyun ayında isə  respublikanın avtomobil yollarında 116 yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında 63 nəfər ölüb, 207 nəfər isə xəsarət alıb. Statistikaya görə, ötən ilk 9 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələri əsasən günün günorta və axşam saatlarında, daha dəqiq desək, saat 13:00-dan 18:00-dək və 20:00-dan 24:00-dək qeydə alınıb. Həmin aylarda  Bakıda 450 yol qəzası baş verib, nəticədə 139 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb.

 

Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, yollarda qabaqlayıcı tədbirlər və digər bu kimi işlər hər zaman görülməlidir: “Nə qədər ki, nəqliyyat və yollarda hərəkət var, heç zaman yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlərdə fasilə ola bilməz. Həmin tədbirlər görülən zaman müasirləşmə də aparılmalı, nəqliyyat parkının inkişaf tempinə uyğun olaraq işlər görülməlidir. Nəqliyyat parkının sayı da bu məsələdə nəzərə alınmalıdır. Azərbaycanda avtomobillərin sayı 5-6 il bundan öncə çox sürətlə artırdı. İndi isə bir qədər bu tempdə azalma var. Ancaq bütün bunlara baxmayaraq,  yol hərəkətində iştirak edənlərin sayına uyğun da işlər görülməlidir. Bu amillər nəzərə alınmaqla yol hərəkəti təhlükəsizliyi ilə bağlı, qəzaları önləyən işlər aparılmalıdır. Bu işlər sırasında ilk növbədə yol hərəkəti iştirakçılarını maarifləndirmək lazımdır. Onlar arasında sürücülər, piyadalar, velosipedçilər və sairə yer alır. Onların daha məsuliyyətli davranmasına yönələn işlər görülməlidir. İkincisi, sürücü peşəkarlığının artırılması istiqamətində ciddi işlər aparılmalıdır. Yəni sürücülərə müasir tələblərə uyğun məsuliyyətləri aşılanmalıdır. Bundan əlavə, nəqliyyat parkının sazlığının yüksəldilməsi istiqamətində də işlər nəzərə alınmalıdır. Yol şəbəkəsinin daha təhlükəsiz edilməsi, yol nəqliyyat hadisələrinin baş verməsi zamanı tibbi yardımın vaxtında göstərilməsi istiqamətində də işlər görülməlidir. Tibbi yardımın vaxtında göstərilməsi istiqamətində işlər ona görə aparılmalıdır ki, itkilər azalsın. Bu tədbirlər görülən zaman heç bir halda dayanma, geriləmə, yay, qış amili və digər məsələlər nəzərə alınmalı deyil. Temp eyni qaydada saxlanmalıdır”.

Ə.Hüseynov yollarımızda qəzaya yol açan  əsas problemlər barədə də danışdı: “Bu gün yollarda əsas problem odur ki, yaşayış məntəqələrində və ya buna yaxın ərazilərdə gecə vaxtı süni işıqlandırma yoxdur. Artıq dünyada bu, əsas məsələ kimi nəzərə alınır. Məsələn, dünyanın hər yerində Bakı-Şamaxı, Bakı-Quba, İsmayıllı-Qəbələ, cənubdan Astaraya qədər olan yollara bənzər avtomobil yolu tam şəkildə işıqlandırılır. Gecə vaxtı süni işıq olmayan zaman belə yollarda hərəkət etmək çox çətindir. Xüsusilə də yaşayış məntəqələrinin küçələrində bu, nəzərə alınmalıdır. İkinci problem odur ki, bəzi yerlərdə yol nişanları çatışmır. Bu səbəbdən də sürücülər qarşılıqlı münasibətlərdə səhvə yol verirlər. Qəza şəraitini qiymətləndirmədə də bu səbəbdən səhv edirlər. Eyni zamanda bəzi yollarımızda yol örtüyündə də problemlər mövcuddur. Məsələn, Bakı-Quba-Rusiya yolu, Ələt-Astara yolunun əksər hissəsi bərbad vəziyyətdədir. Hazırda yollarımızda olan əsas problemlər bunlardır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh