“Kosmos polisi”nin fəaliyyət dairəsi genişlənir

Texnologiya 18 Avqust 2018 08:35 Oxunub 1643
“Kosmos polisi”nin fəaliyyət dairəsi genişlənir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alimlər güman edirlər ki, başqa planetlərdə aşkar ediləcək həyat bəsit və intellektdən uzaq olacaq

Beynəlxalq Elmi Şuranın nəzdində yaradılan Kosmik Tədqiqatlar Komitəsinin (COSPAR) tərkibində fəaliyyət göstərən “Kosmos polisi” adlı qurumun fəaliyyət dairəsi genişlənir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, müvafiq qurumun səyləri nəticəsində kosmik tədqiqatlar zamanı “planetar karantin” məfhumu meydana gəlib. Bu karantinə əməl olunması qaydalarına nəzarəti “Kosmos polisi” həyata keçirir. Rusiyalı bioloq Nataliya Novikovanın sözlərinə görə, “EkzoMars-2020” Rusiya-Avropa birgə missiyasının kosmik aparatının fəzaya buraxılması ərəfəsində müvafiq yoxlama keçiriləcək. “Kosmos polisi” Yerdə olan canlı həyat nümunələrinin digər planetlərə köçürülməsi prosesinin ehtimal olunan texnogen fəsadlarını araşdıracaq. COSPAR-ın planetar mühafizə üzrə ekspert qrupunun rəhbəri Afina Kustenis sözügedən qurumun digər funksiyasını da açıqlayıb: kosmik aparatla işləyən hər hansı əməkdaş infeksion xəstəliyə tutulan zaman onu müvəqqəti olaraq kənarlaşdırır və aparatı dezinfeksiya edirlər. BBC-yə müsahibəsində Kustenis qorunması vacib olan planetlərin adlarını və gələcək kosmik səfərlərə insandan əvvəl robot göndərilməsinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, Marsa göndəriləcək kosmik gəmilər bu planetdə həyat əlamətlərini aşkar etməyə çalışacaq. Marsroverlər iki metr dərinlikdə qazmaq üçün avadanlıqla təchiz olunacaq. Məhz bu dərinlikdə aşkar olunan üzvi maddələrin güclü radioaktiv təsirinin Yerə qayıdan kosmik aparatda izləri ola bilər. Elə bu halda “Kosmos polisi”nin xidmətindən istifadə olunacaq. Bundan başqa, COSPAR-ın fəaliyyəti nəticəsində yeni kosmik kəşflər meydana çıxır. Məsələn, “Kassini” planetlərarası zondu Saturnun peykində su aşkar edib və bu tapıntı dərhal planetar mühafizə siyahısına əlavə edilib. Yerdəki həyatın başqa planetlərə köçürülməsinin mənfi nəticələrindən bəhs edən Kustenis bildirib ki, bu amil başqa planetlərdə olan həyat əlamətlərini məhv edə bilər. “Digər planetlərdə tapılan üzvi maddələrin tədqiqat məqsədilə Yerə gətirilməsi bizim planetin və həyatımızın təhlükəsizliyi üçün problemlər yarada bilər. Ümumiyyətlə, alimlər güman edirlər ki, başqa planetlərdə aşkar ediləcək həyat bəsit və intellektdən uzaq olacaq”, - deyə COSPAR-ın rəhbəri fikrini yekunlaşdırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh