Bənövşəyi xəttin üçüncü stansiyasında tikinti işləri davam edir – FOTO + VİDEO

Yeniliklər 18 Avqust 2018 11:39 Oxunub 1757
Bənövşəyi xəttin üçüncü stansiyasında tikinti işləri davam edir – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnşaatın dəmir-beton konstruksiya işləri başa çatıb

 

Ceyhun Səlimov küçəsində, hərbi hospitalın qarşısında inşa olunan Bənövşəyi xəttin 3-cü stansiyasının tikintisinin daha bir mərhələsi yekunlaşıb. "Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyətindən Avtosfer.az-a verilən məlumata görə, stansiyanın dəmir-beton konstruksiya işləri başa çatdırılıb və növbəti mərhələnin işlərinə başlanılıb. Ümumiyyətlə, 166.98 metr uzunluqda olan stansiya yeni xəttin ilk inşaat mərhələsinin əsas obyektlərindən biri sayılır. İlk növbədə, stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq. Bu məqsədlə stansiyanın inşaat işlərinə paralel olaraq, 193.91 metr uzunluqda keçid kamerası da tikilir. Yeni xəttin elektrik təchizatı ilə bağlı burada elektrik yarımstansiyası da inşa olunur. Onun da dəmir-beton konstruksiya işləri tamamlanıb və arakəsmələrin tikintisi başlanıb. Elektrik yarımstansiyasının ərazisində 8 ədəd generatordan ibarət dizel-generator stansiyası qurulacaq. Bununla xəttin elektrik enerjisinə fövqəladə ehtiyacları ödənəcək. Ümumən, gələcəkdə tikiləcək bütün yeni xətlərdə, eyni qayda ilə, ehtiyat enerji qida mənbələri olacaq. Şərti adı "B-3" olan stansiyanın ərazisində 240 kub metr həcmə malik 2 su anbarının və nasosxanalarının tikintisi də yekunlaşır. Onlardan biri içməli su ehtiyatı, digəri yanğınsöndürmə hovuzudur. Stansiyada havalandırma şaxtasının inşası da son mərhələdədir. Stansiyanın örtük plitəsinin üzərində yeni müasir materiallarla hidroizoliyasiya işlərinə başlanılıb. Daxili havalandırma sisteminin də işi də 40 faiz görülüb. Stansiya daxili su və kanalizasiya xətləri çəkilib. Daxili və xarici elektrik xətlərinin çəkilişi isə işləri davam etdirilir. Stansiyanın özünə gəldikdə, o da xəttin "Memar Əcəmi" stansiyası kimi çoxsəviyyəlidir. Lakin mərtəbə də adlandıra biləcəyimiz səviyyələrin sayı "Memar Əcəmi"dəki kimi 5 deyil, 3-dür. Texniki səviyyə elektrik təchizatı, ventilyasiya və digər stansiya avadanlıqları üçün nəzərdə tutulub. O, həm də keçid səviyyəsidir. Sərnişinlər buradan keçərək, eskalatorlarlar və pilləkənlə bir səviyə aşağı – vestibülə enəcəklər. Qatarların hərəkət edəcəyi platforma səviyyəsinə sərnişinləri pilləkənlərlə yanaşı, eskalatorlar endirib-qaldıracaq. Ümumiyyətlə, stansiyada çıxışlarla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə yerdəyişməsi 17 eskalatorla həyata keçiriləcək. Həm də burada fiziki imkanları məhdud sərnişinlər üçün liftlər quraşdırılacaq. Yeddi vaqonlu qatarların qəbulu üçün nəzərdə tutulan platformanın tam uzunluğu 166.98 m-dir. Burada yol divarında və döşəmədə üzlük işlərinin aparılması üçün imkan yaradılıb. Hətta ilkin üzləmənin əlamətləri də görünür. Divar səthinə keramoqranitin, döşəməyə isə qranitin düzülməsinə başlanılıb. Bütün mərtəbələrdə dəmir-beton konstruksiya işləri başa çatdığından, komunikasiya xətləri, kabel kollektorları, stansiya avadanlıqlarının yerləri üzlükçülərin ixtiyarına verilib, sonrakı mərhələdə isə quraşdırıcılara ötürüləcək. Əhəmiyyətli yeniliklərdən biri, stansiya divarının arxasından perspektiv planda nəzərdə tutulmuş Mavi xəttin stansiyasına keçid də indidən nəzərdə tutulur. Gələcəkdə Yasamal yaşayış sahəsi ilə Bakıxanov qəsəbəsini birləşdirəcək Mavi xəttin şərti adı "M-03" olan stansiyasına aparan piyada tuneli başlanğıcını buradan götürəcək. Bənövşəyi xəttin "Memar Əcəmi" stansiyasını "B-03"stansiyası ilə birləşdirən tunellərdə də fəal işlər aparılır. Qeyd edək ki, Bakı metropoliteni tarixində ilk dəfə məhz bu mənzildə beton yarımşpal da adlandırılan, dəmir-beton bloklardan istifadə olunacaq. Bu blokların istehsalı "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra əldə olunmuş ən böyük istehsalat nailiyyətlərindəndir. Azərbaycanda ilk dəfə beton yarımşpal istehsalı məhz müəssisənin dəmir-beton konstruksiyaları istehsalatı sahəsində həyata vəsiqə qazanıb. Bu məqsədlə, dünyanın aparıcı şirkətləri arasında monitorinqlər və danışıqlar aparılaraq, ən optimal variant kimi, Almaniyanın “Vollert” şirkəti seçilib. Şirkət yeni sexin avadanlıqla təchizatını həyata keçirərək, yerli kadrların hazırlanmasını da yerinə yetirib. İndi yerli şəraitdə kənardan istənilən sifarişi də qəbul edə bilən bu sahə "Made in Azerbaijan" brendinə "Bakı Metropoliteni" QSC-nin töhfələrindən biridir. "Nərimanov" elektrik deposunda inşası başa çatmaqda olan hərəkət qatarlarının sınaq yoluna, daha sonra isə "Xətai" stansiyasının dalan yoluna, pilot layihə kimi, qoyulmuş bu şpallar həm də böyük təcrübə məktəbi olub və bu səbəbdən Bənövşəyi xəttin sözügedən mənzilində uğurla tətbiq edilir. Taxta şpallarla müqayisədə beton bloklar daha uzunömürlü, səmərəli, keyfiyyətli, qulluğu və istismarı asan, mürəkkəb hidrogeoloji şəraitə davamlıdır. Tunellərdə 1300 metrə yaxın yol qoyulub və betonlanıb. Yol davamiyyəti olan stansiyanın keçid kamerasında isə yolun konturları yerə bərkidilmiş reperlərləəyyən edilib. Tikintinin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir. Onu da əlavə edək ki ki, inşaat işləri ilə yanaşı, xəttin idarəetmə sistemləri üzərində də işlər uğurla davam etdirilir. Hazırda Fransanın "Thales" şirkəti ilə əməkdaşlıq şəraitində SCADA sisteminin tam tətbiqi üzərində işlər yekunlaşmaqdadır. Sınaq tədbirlərindən sonra yeni dövrün ən müasir tələblərinə cavab verən idarəetmə sistemi işə qoşularaq fəaliyyətə başlayacaq.

 

Namiq

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh