Yol polisindən daha bir maarifləndirici reýd - VIDEO

Avtoreyd 13 Sentyabr 2018 17:23 Oxunub 3066
Yol polisindən daha bir maarifləndirici reýd - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mübariz Ağayev: "Maarifləndirmə yolu ilə piyada intizamını formalaşdıracağımıza inanırıq"

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının birinci tağımının nəzarətində olan ərazilərdə piyadaların maarifləndirilməsi məqsədilə reyd keçirib.

Reyd əsasən Abşeron Gənclər şəhərciyinin qarşısında, o cümlədən Ceyranbatan qəsəbəsi ərazisində baş tutub.

Reydlərin məhz həmin ərazilərdə keçirməsində əsas məqsəd odur ki, qeyd olunan yerlərdə yerüstü piyada keçidlərinin olmasına baxmayaraq hələ də bəzi piyadalar keçidlərin ətrafından və altından keçərək öz həyatlarını təhlükəyə atır. Eləcə də sürücülər üçün də təhlükəli vəziyyət yaranır. 

Reyd zamanı 30-dan çox piyada saxlanılıb. Onlardan yalnız bir neçəsinə inzibati qaydada protokol tərtib olunub.

Digərlərinə isə Baş Dövlət Yol Polisi İdarəsinin, eləcə də YPXA-nın birinci tağımının əməkdaşları tərəfindən maarifləndirici söhbətlər aparılıb. Bəzi piyadalar saxlanılan zaman aqressiv münasibət göstərib, bəziləri səhhətində olan problemlərlə əlaqədar yerüstü piyada keçidlərindən istifadə etmədiyini əsas gətirib.

Lakin buna baxmayaraq YPX əməkdaşları onlara hüquq və vəzifələrini izah edib, piyada keçidlərindən istifadə etməməyin ağır fəsadlarını diqqətə çatdırıblar.

 

Reyd barədə Avtosfer.az-a məlumat verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, reyd zamanı piyadaların intizamlı hərəkəti ilə bağlı neqativ hallarla yanaşı, bir sıra pozitiv məqamlar da qeydə alınıb. "Lakin təəssüf doğuran haldır ki, belə yüksək səviyyəli yerüstü piyada keçidlərinin olmasına, piyadaların təhlükəsizliyini təmin edən qurğuların quraşdırılmasına, polis əməkdaşlarının ərazidə mütəmadi xidmət etməsinə baxmayaraq hələ də bir sıra vətəndaşların piyada məsuliyyəti düzgün qaydada formalaşmayıb." 

Mübariz Ağayev bildirib ki, piyadaların vurulması ilə bağlı nəticələnən yol-nəqliyyat hadisələrinin ümumi statistikasıda azalma müşahidə edilsə də hər bir hadisənin insan həyatı ilə bağlı olması bizi narahat edir. "Odur ki, zəruri tədbirlər davam etdirilir. Məsələn, 2018-ci ilin 8 ayı ərzində yol hərəkəti qaydalarını pozan piyadaların təqsiri üzündən 59 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 20 nəfər həyatını itirib, 39 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən il ilə müqayisədə bu rəqəm azalıb. Məsələn, ötən il 65 idisə, bu il 59-dur. Lakin söhbət bir neçə 10 rəqəmindən gedirsə bu təbii ki narahat edici haldır."

Mübariz Ağayev onu da əlavə edib ki, burda məqsəd heç də inzibati metodlar tətbiq etmək deyil. "Hesab edirik ki, yol polisi ilə bərabər digər ictimai təşkilatlar, vəzifəsindən və mövqeyindən asılı olmayaraq digər vətəndaşların köməyi ilə piyada mədəniyyətini öz əxlaq normamıza çevirməliyik. Hədəfimiz isə bütün yol hərəkəti iştirakçılarında yol mədəniyyətini formalaşdırmaqdır." 

Mübariz Ağayev bir daha piyadalara müraciət edərək bildirib ki, burda həm onların təhlükəsizliyi, həm də sürücülərə yarana biləcək hüquqi problemlər var. "2-3 dəqiqə gecikmək həm öz həyatının xilasına, həm də digərlərinin həyatının pozulmamasına gətirib çıxarar. Biz maarifləndirmə yolu ilə bu işlərə nail olacağımıza inanırıq."

Elməddin Muradlı

Orxan Əli

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh