DYP kimləri təqib edə bilər - İZAH

Yazarlar 13 May 2014 14:30 Oxunub 2441
DYP kimləri təqib edə bilər - İZAH
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov təqibdən qaçaraq hadisə törədən sürücünün və təqibi həyata keçirən DYP əməkdaşının məsuliyyətini izah etdi

 

 

«Qanunvericilik yalnız iki halda dayanma barədə göstərişə tabe olmayan avtomobilin təqib edilməsinə icazə verir»

 

Mayın 10-da paytaxtın Nizami rayona ərazisində, Heydər Əliyev prospektində iki nəfərin ölməsi və bir neçə nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Kütləvi informasiya vasitələrində belə bir məlumat yayıldı ki, həmin hadisə DYP-nin təqib etdiyi «VAZ-2107» avtomobilinin nəqliyyat axınının əksinə yüksək sürətlə hərəkəti nəticəsində baş verib. Qəzası nəticəsində iki nəfərin ölümünə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və xanımının xəstəxanaya düşməsinə səbəb olan Tural Rəhimovun vəziyyəti stabilləşib. Tural Rəhimov 3 saylı şəhər xəstəxanasında olan axar.az-ın əməkdaşlarına bildirib ki, qəzaya səbəb avtomobilində olan Sara adlı şəxsin ürəkkeçməsidir: «Babək prospektindən “Koroğlu” metrostansiyasına qədər bizi üç polis maşını izləyirdi. Sara və Təbriz mənimlə bir maşında idilər. Saranın ürəkkeçməsi var idi. Ona görə həyacanlı idim və nə etdiyimi bilmirdim”.

Tural Rəhimov hazırda 3 saylı şəhər xəstəxanasının Travmotologiya şöbəsinin 318 nömrəli palatasında müalicə olunur. Onun üzündə və boynunda yara izləri var. Ağciyəri zədələnib və qarın nahiyəsindən əməliyyat olunub. Tural Rəhimov avtomobilində olan Sara və Təbriz adlı şəxslərin dünyasını dəyişməsindən hələ də xəbərsizdir.

Qeyd edək ki, mayın 10-na keçən gecə Heydər Əliyev prospektində iki nəfərin ölümü ilə nəticələnmiş ağır yol qəzası baş verib. Tural Rəhimovun idarə etdiyi VAZ-2107 markalı 90 KC 023 dövlət nömrə nişanlı avtomobil Aeroport şosesi istiqamətində hərəkətdə olarkən qəfildən geriyə dönüş edib və Firdovsi Əliyevin idarə etdiyi "Lexus" markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2107 markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də, "Lexus"un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar. Firdovsi Əliyev Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavinidir.

İşi araşdıran Nizami rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibovun Avtosfer.az-a verdiyi məlumata görə, iş üzrə araşdırmalar davam etdirilir: «Amma hələlik araşdırmalar yekunlaşmadığından konkret fikir demək mümkün deyil. Araşdırmalar yekunlaşdıqdan sonra ictimayyətə də əlavə məlumat veriləcək».

Hadisənin səbəbi kimi Dövlət Yol Polisi əməkdaşının qəzaya səbəb olan «VAZ 2107» markalı avtomobili qovmasına gəldikdə isə müstəntiq bu faktın hələ təsdiqini tapmadığını vurğuladı: «Bu hələ ki, bir iddiadır. Bu iddianın təsdiq olunub-olunmaması isə araşdırmalardan sonra məlum olacaq».

Yol hərəkəti üzrü ekspert, hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, DYP əməkdaşlarının sürücünü təqib etməsi barədə məlumatın nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq və həmin konkret hadisəyə müvafiq hüquqi qiymət vermək istintaqın və məhkəmənin vəzifəsidir. Amma həmin məlumatı səthi də olsa təhlil edəndə nəqliyyat vasitəsinin təqibi ilə bağlı anlaşılmazlıqların olduğu göz önündədir: «Bu tipli hadisələrlə bağlı əsas hüquqi incəliklər təqibin qanuniliyi və baş vermiş hadisədə müxtəlif şəxslərin hüquqi məsuliyyəti ilə bağlıdır. Bir daha xatırlatmaq istəyirəm ki, polis haqqında və yol hərəkəti haqqında mövcud qanunvericilik yalnız iki halda dayanma barədə göstərişə tabe olmayan avtomobilin təqib edilməsinə icazə verir:

1) nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;

2) nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə, o cümlədən cinayət sayılan qəza törədilməsinə real təhlükə yarandıqda. Digər hər hansı bir halda təqibə yol verilə bilməz. Çünki bu, son dərəcə təhlükəli bir vəziyyətdir və iki gün əvvəl baş vermiş hadisədəki kimi ağır nəticələrə gətirib çıxara bilir. 

Bəs təqibdən qaçaraq hadisə törədən sürücünün, eləcə də təqibi həyata keçirən DYP əməkdaşının məsuliyyəti nə olacaq?

Əvvəlcə birinci tərəfin məsuliyyətinə toxunaq. Çox təəssüf ki, cəmiyyətdə hələ də bəziləri elə düşünürlər ki, əgər təqib qanunsuzdursa, nə desən etmək olar və buna görə məsuliyyət daşımayacaqsan. Bu, çox yanlış və təhlükəli fikirdir. İstəyirəm ki, bütün sürücülər yadda saxlasınlar ki, təqibin qanuni və ya qanunsuz olmasından asılı olmayaraq sürücü öz hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Yəni bu, o deməkdir ki, sürücü hətta tam aşkar qanunsuz təqibdən qaçarkən qəza törədərsə, baş vermiş bütün nəticələrə görə istisnasız olaraq məsuliyyət daşıyır. Təqib qanuni əsaslarla olduqda isə sürücü əslində öz vəziyyətini bir qədər ağırlaşdırmış olacaqdır. Çünki bu halda DYP əməkdaşının dayanma barədə qanuni tələbinə riayət etməmək kimi əlavə bir hüquq pozuntusu da mövcuddur. Bu isə yekunda məhkəmə tərəfindən qəza törətmiş sürücüyə təyin olunan cəzanın bir qədər sərt olacağını şərtləndirə bilər. 

Odur ki, heç kəs təqibdən qaçmaq kimi yanlış və təhlükəli hərəkətə yol verməməlidir. 

Polis əməkdaşlarının da təqiblə bağlı ciddi problemləri var. Birdəfəlik yadda saxlamaq lazımdır ki, qanunda göstərilən iki haldan başqa digər hər hansı əsasla təqibdən söhbət gedə bilməz. Xüsusi vurğulamaq istəyirəm ki, sürücünün hər hansı inzibati xəta törətmiş olması, hətta avtoxuliqanlıq, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə kimi təhlükəli xətaları törətməsi təqib üçün əsas deyil. Belə sürücü dayanma barədə göstərişə riayət etmədikdə onun başqa üsullarla aşkar edilərək ifşa edilməsi kifayət qədər sadə bir işdir. Belələrinin «isti izlərlə» təqib edilməsinə qətiyyən yol verilməməlidir. 

Qanunvericiliyin birmənalı tələbinə əsasən təqib üçün bütün əsaslar olduqda da polis əməkdaşları onu yüksək peşəkarlıqla həyata keçirməli, təhlükəsizliyə maksimum riayət etməlidirlər. Ümumiyyətlə, qanunun yol verdiyi hallarda da təqibin tam təhlükəsiz həyata keçirilməsinin bütün məsuliyyəti polisin üzərində qalır. Təsadüfi deyil ki, «Yol-patrul xidməti haqqında» Təlimat buna qanuni əsaslar olduqda da təqibin real təhlükə doğurduğu hallarda DYP əməkdaşlarının təqibdən imtina etməli olduğunu təsbit edir. Ona görə də təqib yüksək peşəkarlıqla həyata keçirilməli, xüsusən kənar şəxslərin həyat və sağlamlığı, əmlakı üçün heç bir təhlükə yaradılmamalıdır. 

Təəssüf ki, təcrübədə qanunun yol verdiyi hallarda təqib edilən avtomobilin məcburi dayandırılma vasitələrindən istifadə vəziyyəti də normal deyil. Amma bu vasitələrdən vaxtında və dəqiq istifadə olunsa, uzunmüddətli qovhaqova ehtiyac qalmaz. Təqib vaxtı tikanlı zəncirlərdən istifadə edilməli, yeri gəlsə, təqib edilən avtomobil patrul avtomobili ilə sıxışdırılaraq dayanmağa məcbur edilməlidir. Amma heç bir halda kənar avtomobillərin hərəkət hissəsində dayandırılması yolu ilə təqibdən qaçan avtomobilin məcburi dayandırılmasına cəhd edilməməlidir. 

Təqib vaxtı ağır nəticəli yol-nəqliyyat hadisələri baş verərsə, DYP əməkdaşının hərəkətinə təqibin qanuni olub-olmamasından, hətta bunun üçün qanunun yol verdiyi əsaslar olsa da, təqibin həyata keçirilməsində peşəkarlıq səviyyəsindən asılı olaraq qiymət veriləcəkdir. Belə hüquqi qiymət isə intizam məsuliyyətindən başlamış ağır nəticələrə səbəb olmaqla səlahiyyət həddini aşmağa görə cinayət məsuliyyətinədək ola bilər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh