Ödənişli yolda turniketlərin qoyulması ilə bağlı danışıqlar aparılır - VİDEO

Avtosfer TV 26 Sentyabr 2018 21:11 Oxunub 1007
Ödənişli yolda turniketlərin qoyulması ilə bağlı danışıqlar aparılır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yoldan istifadəyə görə qiymət Tarif Şurasının verdiyi qərardan sonra bəlli olacaq

Azərbaycanın ilk ödənişli yolu bu ilin sonu və ya gələn ilin əvvəlinə pullu fəaliyyət göstərməyə başlayacaq. Hazırda isə ona alternativ olan yolda təmir işlərinin aparılmasına start verilib. Avtosfer.az-ın məlumatına görə, alternativ Ələt-Astara yolunun Biləsuvar-Salyan hissəsi bərbad vəziyyətdə olduğu üçün həmin ərazidə təmir işlərinin həyata keçirilməsinə başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, təmir işləri bu ilin sonu-gələn ilin əvvəlinə kimi yekunlaşdırılacaq. Yolun asfalt örtüyü tam yenilənəndən sonra Ələt-Astara yolunun 31-204-cü kilometrindən istifadə ödənişli olacaq. Hazırda ödənişli yolda turniketlərin qoyulması və buraxılış məntəqələrinin tikilməsi ilə bağlı danışıqlar aparılır. Qurum rəsmisi deyir ki, yolun hər kilometrinə görə ödəniş müəyyənləşəcək. Yük avtomobillərinin sürücüləri isə minik avtomobillərinin sürücüləri ilə müqayisədə daha artıq pul ödəməli olacaqlar. Yoldan istifadəyə görə qiymət Tarif Şurasının verdiyi qərardan sonra bəlli olacaq. Ölkənin ilk ödənişli yolu sürücülər üçün bir sıra imkanlar yaradacaq. Bununla yanaşı, hazırda mövcud yolda sürət 60-90 kilometr saat nəzərdə tutulubsa, yeni yolda stabil olaraq 120 kilometr saat sürətlə hərəkət etmək mümkündür. Hazırda mövcud olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometrdir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 kilometr qısalaraq 205 kilometr olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh