Dəhşətli qəzanın baş verdiyi yerdə ciddi nöqsanlar aşkarlandı - VİDEO

Avtosfer TV 2 Oktyabr 2018 21:40 Oxunub 2248
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtosfer.az-ın əməkdaşı hadisə yerindən reportaj hazırlayıb

Dünən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 160 nömrəli avtobus ilə qatar toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 40 yaralı var. 

Bəs görəsən qatar gələn vaxt avtobus niyə yola çıxıb? Ərazidə xəbərdarlıq nişanı varmı? Niyə avtobus sürücüsü qatarı, maşinist isə avtobusu görməyib? Yolu bağlayan şlaqbaum olubmu? 

Bu suallara cavab tapmaq üçün Avtosfer.az-ın əməkdaşı hadisə baş verən əraziyə gedib. 

Əvvəla qeyd edək ki, qəza baş verən əraziyə strateji nöqtədir. Çünki qəsəbənin mərkəzi hissəsi ilə “Sovxoz” adlanan ərazinin sərhəddi burdan başlayır. Yəni bütün avtomobillər mərkəzə getmək üçün mütləq qatar yolundan keçməlidir. Alternativ yollar isə təmirsiz və uzaq olduğu üçün sürücülər demək olar ki, ordan istifadə etmir. 

Bir il əvvəl qəsəbənin girişindən “Sovxoz” adlanan əraziyə yeni yol çəkildi. Əvvəllər yol dar və ikitərəfli idisə, sonradan genişləndirildi və ortadan beton səkilər düzüldü. Əvvəlki yolda üzü “Sovxoz” tərəfə  və əks istiqamətə iki şlaqbaum var idi. Qatar yolundan 10 mert aralı olan bu şlaqbaumlar yolu hər iki tərəfdən bağlayırdı. Amma yenə də bəzi sürücülər əks yola çıxaraq manevr edir və qatar gələn anda belə xətti keçirdilər. Sonralar səki qoyulandan sonra problem həllini tapdı. Amma…

Amması ilə budur ki, üzü “Sovxoz” istiqamətində olan şlaqbaum genişləndirilmiş yolun ancaq yarısını bağlaya bilir. Zolağın biri isə açıq qalır. Əks tərəfdə isə ümumiyyətlə şlaqbaum yoxdur. Ancaq yeri qalıb. İsə təbii ki, təhlükəsizlik üçün ciddi nöqsandır. Görünür təmirdən sonra şlaqbaum yenilənməyib. Çünki əvvəllər bu dəmir yolundan elektrik qatarları keçirdi. İndi isə yalnız Dübəndi terminalından neft daşıyan qatarlar keçir. Qatarlarının az olması şlaqbaum məsələsini də “lüzumsuz” edib. 

Amma məsələ təkcə bununla bitmir. Dəmir yolunun düz yanında görüntünü məhdudlaşdıran uzun bir “butka” qoyulmuşdu. Qəzadan dərhal sonra bir qədər kənara çəkilib. Hələ istifadəyə verilməsə də avtobus sürücüsünün qatarı görməməsi üçün kifayət edir. Kadrlarda bunu aydın görmək olar. Sakinlər deyir ki, bir neçə gündən sonra həmin “butkanı” təzədən yerinə qoyacaqlar.

Ərazidə olan müşahidə yeri isə dağılıb. Sakinlər deyirlər ki, çox zaman müşahidə yerində olan işçilər şlaqbaum rolunu oynayıblar ki, həyatları üçün təhlükə yaradıb. Avtobuslardan isə ümumiyyətlə narazılıq var. Sakinlər deyirlər ki, normadan artıq sərnişin daşıma adı haldır.

Sonda qeyd edək ki, bütün bu məsələlərin başında sürücünün məsuliyyətsizliyi dayanır. Amma məsuliyyətsiz sürücülər həmişə olub, olacaq. Odur ki, onların qarşısının alınması məqsədilə də işlər görülməli idi. Təəssüf…

P.S. Dünən qəza nəticəsində həyatını itirən 13 yaşlı Yusifin anasının dözə bilməyərək intihar etdiyi deyilir. Qeyd edək ki, uşaq ailənin yeganə övladı olub və 17 il sonra dünyaya gəlib. Görəsən bu qədər ailələrin faciəsinə səbəb olanlar nə düşünürlər?

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh