Barəsində azadlıqdan məhrumetmə cəzası olan şəxs AZAL-da işləyir - FOTO
Oxucu məktubları 3 Oktyabr 2018 11:55 228 dəfə oxunub
Barəsində azadlıqdan məhrumetmə cəzası olan şəxs AZAL-da işləyir - FOTO
“Hazırda Seymur Qarayevin üzərində qəti olaraq 4 il 6 ay azadlıqdan məhrumetmə hökmü var”

Tanınmış jurnalist İmdad Əlizadənin mərhum atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən sürücü Seymur Qarayev barəsində məhkəmənin azadlıqdan mərhumetmə hökmü olmasına baxmayaraq, o, hələ də sərbəst gəzib-dolaşır. Avtosfer.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında jurnalist İmdad Əlizadə deyib. Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Qarayev Seymur Vidadi oğluna 5 il həbs cəzası verilib, Bakı Apellyasiya Məhkəməsi bu hökmü 4 il 6 aya endirib. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb:  “Yəni hazırda Seymur Qarayevin üzərində qəti olaraq 4 il 6 ay azadlıqdan məhrumetmə hökmü var. Buna baxmayaraq, məhkum Seymur Qarayev nəinki müəyyənləşdirilən cəzaçəkmə müəssisəsində cəza çəkmir, hətta dövlət qurumu olan "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) işləyir”. İ.Əlizadə xatırladıb ki, S.Qarayev yol-nəqliyyat hadisəsini 2016-cı il fevralın 14-də Bakının Ziya Bünyadov prospektində törədib:  “O, avtomobillə atam Əli Əliyevi vurub. Atam 1 il 4 ay 18 gün komada qalandan sonra 2017-ci il iyulun 2-də dünyasını dəyişib. Bu hadisəyə görə, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq yekunlaşıb, Nərimanov Rayon Məhkəməsinə göndərilib. Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun rsədrliyi ilə cinayət işinə baxılıb və 2017-ci il dekabrın 25-də məhkəmə yekun hökmünü elan edib. Yekun hökmə əsasən, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayev 4 il 11 ay 28 gün azadlıqdan məhrum edilib. Burda həmçinin işin mülki hissəsi də olub. Mənim 166 min manatlıq mülki iddiam var idi, bundan yalnız 23 min manatı təmin edilmişdi. Sonrakı dövrdə apellasiya şikayəti vermişdik. Şikayətimizə Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılıb. Bu ilin aprelin 2-də məhkəmə yekun qərarını elan edib. Qərara əsasən, Qarayev Seymur Vidadi oğlunun cəzası 4 il 11 ay 28 gündən 4 il 6 aya endirilib. Eyni zamanda, mənim mülki iddiam 120 min 931 manat həcmində təmin edilib. Həm Nərimanov Rayon Məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən Qarayev Seymur Vidadi oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bakı Apellyasiya Məhkəməsinin qərarında yazılıb ki, hökm elan olunduğu gündən, yəni aprel ayının 2-dən qüvvəyə minir. Amma Seymur Qarayev hələ də azadlıqdadır, hətta AZAL kimi bir strateji dövlət qurumunda işləyir”. İmzad Əlizadənin sözlərinə görə, S.Qarayevin hazırda AZAL-da işlədiyi rəsmən təsdiqlənib. Belə ki, AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasov məktubunda məhkum S.Qarayevin AZAL-da işlədiyini bildirib. Qurumun birinci vitse-prezidenti məktubunda yazıb: “Sizin 04.09.2018-ci tarixli 17/68-122445-3 saylı məktubunuza cavab olaraq, bildiririk ki, 25.02.1985-ci il təvəllüdlü Seymur Vidadi oğlu Qarayev həqiqətən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “AZAL OİL” Yanacaq-Sürtkü Materialları İdarəsində YSM anbarının YSM-nin qəbulu, uçotu və paylanması üzrə texnik vəzifəsinə 28.07.2015-ci ildə qəbil edilib və hazırda həmin şöbədə tutduğu vəzifəsində çalışır”. İ.Əlizadə bildirib ki, məhkum Seymur Qarayevin hazırda azadlıqda gəzməsi, o cümlədən dövlət qurumunda işləməsi qanunvericiliyin tələblərinə tamamilə ziddir: “Bununla əlaqədar olaraq müvafiq dövlət qurumlarına, o cümlədən ədliyyə naziri Fikrət Məmmədova, Penitensiar xidmətin rəisi Ceyhun Həsənova şikayət edəcəm”. Seymur Qarayevin AZAL-da çalışmasını təstiq edən sənədi təqdim edirik:

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh