300-dən çox sürücü Prezidentə açıq müraciət etdi - MƏTN
Oxucu məktubları 4 Oktyabr 2018 11:45 8394 dəfə oxunub
300-dən çox sürücü Prezidentə açıq müraciət etdi - MƏTN
“Həmişə sürücü günahkardır!” yanlış stereotipidir

Bir qrup vətəndaş  yol-nəqliyyat hadisələrinə, xüsusən də piyada vurulması hallarına hüquqi qiymət verilməsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə ölkə Prezidentinə müraciət edib. Avtosfer.az xəbər verir ki, müraciətdə belə yol-nəqliyyat hadisələrinə istintaq və məhkəmə orqanlarında qiymət verilməsində geniş yayılmış bəzi yanlış yanaşmaların aradan qaldırılması üçün konkret əməli tədbirlərə ehtiyac olduğu vurğulanır. Həmin yanlışlıqların aydın ifadə olunduğu statistik göstəricilərə və bu göstəricilərin qonşu ölkələrdəki analoji göstəricilərlə müqayisəsinə diqqət çəkilir. Belə ki, hüquq-mühafizə orqanlarının hüquqi qiymətləndirməsinə əsasən, 2016-ci ildə ölkəmizdə qeydə alınmış piyada vurulma hadisələrinin 93 faizi sürücülərin, cəmi 7 faizi isə piyadaların təqsiri ucbatından baş vermişdir. Lakin məsələn, bu məsələlərə dair qanunvericiliyi bizim ölkənin qanunvericiliyi ilə tam eyni olan Rusiya Federasiyasında 2015-2017-cı illərdə qeydə alınmış piyada vurulma hadisələrinin təxminən 54 faizi sürücülərin, 42 faizi piyadaların, 4 faizi isə başqa şəxslərin (xüsusən yol-nəqliyyat infrastrukturuna görə məsul şəxslərin) təqsiri ucbatından baş vermişdir. Şübhəsiz ki, belə mənzərənin əsas səbəbi cəmiyyətdə və hüquq-mühafizə orqanlarının təcrübəsində formalaşmış  “Həmişə sürücü günahkardır!” yanlış stereotipidir. Müraciətdə vurğulanır ki, bu yanlış stereotip ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə ciddi xələl gətirir, xüsusən piyadaların məsuliyyətsiz davranışına rəvac verir, müasir yol hərəkəti mədəniyyətinin formalaşmasına əngəl olur, günahsız insanların məhkum edilməsinə gətirib çıxarır. Ona görə də yol-nəqliyyat hadisələrinə hüquqi qiymət verilərkən beynəlxalq təcrübə və milli qanunvericiliyimiz nəzərə alınmaqla tam obyektivliyin təmin edilməsinə, piyadaların da hərəkətinə ədalətli qiymət verilməsinə böyük ehtiyac var.

Sürücülərin müraciətində həmçinin ən müasir texnologiyalardan, üsul və vasitələrdən istifadə edilməklə yol hərəkəti ilə bağlı insanların ictimai davranışını və dünyagörüşünü dəyişə bilən maarifləndirmə işinə, habelə yollarda hərəkətin daha mükəmməl təşkilinə zərurətin olmasına da diqqət çəkilir.

Üç yüzdən artıq vətəndaşın imzaladığı müraciətdə dövlət başçısından xahiş edilir ki, piyada vurulması hallarına qiymət verilməsində mövcud olan subyektivliklərin aradan qaldırılması, belə hadisələrin real səbəb və şəraitinin dəqiq aydınlaşdırılaraq zəruri tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göstərişlər verilsin.

Bu ilin mart ayında rəsmən ölkə Prezidentinə ünvanlanan həmin müraciət araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Lakin qaldırılan məsələlərin BDYPİ-nin səlahiyyətlərinə aid olmadığını nəzərə alan müraciət müəllifləri açıq müraciət yolu ilə onları narahat edən bu məsələləri bir daha dövlət başçısının və hüquq-mühafizə orqanları rəhbərlərinin diqqətinə çatdırmaq istəyirlər.

Açıq müracətdə deyilir: hörmətli cənab Prezident, Sizdən xahiş edirik ki, 31.03.2018-ci il tarixli müraciətimizdə qaldırdığımız məsələlərin dərindən təhlil edilməsi, onların həlli istiqamətində zəruri təcrübi addımlar atılması ilə bağlı ölkəmizin istintaq və təhqiqat orqanlarının rəhbərliyinə göstəriş, məhkəmə orqanlarına zəruri tövsiyələr verəsiniz. 

Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh