Hərəkəti məhdudlaşdırılan yük maşınlarının sürücüləri danışdı – FOTO + VİDEO

Xəbərlər 9 Oktyabr 2018 20:39 Oxunub 2255
Hərəkəti məhdudlaşdırılan yük maşınlarının sürücüləri danışdı – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yuxunun ən şirin vaxtında sükan arxasında oluruq

Bakıda gündüz vaxtı ağırtonajlı yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulub. Belə ki, çəkisi 5 tondan çox olan yükmaşınlarının sürücüləri oktyabrın 1-dən mayın 1-dək səhər 7:30-dan axşam 20:00-dək Bakıya daxil ola bilməyəcəklər.Bu məhdudiyyətlərin əsas məqsədi paytaxtda sıxlığın azaldılmasıdır. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev mətbuata açıqlamasında bildirib ki, bu, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə 2015-ci ilin 30 iyun tarixli qərarından sonra edilib. Şöbə rəisi xatırladıb ki, qərara əsasən, paytaxtda sıxlığın azaldılması məqsədilə xüsusi təyinatlı, qəza-bərpa, xilasedici və kənd təsərrüfatı məhsullarını daşıyan hər növ nəqliyyat vasitələri istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin gündüz vaxtı Bakı şəhərində hərəkəti məhdudlaşdırılıb. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi idarə, müəssisə və fiziki şəxslərə məxsus kütləsi 5 tondan artıq olan yük avtomobillərinin sürücülərinə tövsiyə edir ki, yollarda hər hansı problemlə üzləşməmək üçün qeyd olunan vaxt rejiminə əməl etsinlər. Bəs görəsən, həqiqətən bu qadağaya əməl edilirmi? Bu qaydaların tətbiqi yollardakı vəziyyəti dəyişibmi?

Avtosfer.az xəbər verir ki, Musavat.com suallara cavab tapmaq üçün paytaxt Bakının yollarında müşahidələr apardıq. Günorta saatlarında şəhərin mərkəzi yollarında yük maşınlarına az rast gəlinir. Görünən odur ki, qısa müddət ərzində yeni qaydaların tətbiqi öz effektini verib. Müşahidə apardığımız “Qara Qarayev” prospektində əvvəlki kimi sıxlıq nəzərə çarpmırdı. Halbuki, bu saatlarda yol kənarlarında onlarla yük avtomobillərinə rast gəlinirdi. Nizami rayonunda yük avtomobillərinin dayandığı bir neçə əraziyə də baş çəkdik. “Xalqlar dostluğu” körpüsünün altında xeyli sayda yük maşınlarını dayanıb. Yük maşınlarının sürücüləri yeni qaydalardan sonra gündüz vaxtı işləyə bilmədiklərindən gileyləndilər. Bildirdilər ki, gündüz saatlarında müştərilər onlara müraciət etsələr də, məcburi şəkildə sifarişi rədd etməli olurlar. Cərimə tətbiq olunduğu üçün yalnız axşam saatlarında işlədiklərini bildirdilər: “Bir neçə gündür ki, yük daşıya bilmirik. Yeni qaydalardan sonra cərimələməkdən ehtiyat edirik. Bu səbəbdən də axşam saat 20:00-dan sonra işləyirik. Gündüz bizə müraciət edən müştərilərin yükünü axşam saatlarında aparmağı təklif edirik. Lakin müştərilər bizi başa düşmürlər. Burada dayanan yük maşınlarının tutumu  5 tondan yuxarıdır. Şəhərə çıxsaq, yol polisi tərəfindən cərimələnəcəyik. Belə olan halda müştərilər başqa yük maşını sürücüsünə yaxınlaşırlar. Biz isə qazancsız qalırıq”. 5 tondan aşağı olan yük avtomobillərinin sürücüləri ilə də həmsöhbət olduq. Onlar tətbiq edilən yeni qaydalardan danışdılar. Bildirdilər ki, gündüz ağırtonajlı yük maşınlarının hərəkətinin məhdudlaşdırılması həm qəzaları, həm də sıxlığı aradan qaldıracaq. Yük maşınlarının ən çox rast gəlindiyi yerlərdən biri də bazarlardır. Yaxınlıqda olan  “8-ci kilometr” bazarına baş çəkib, buradakı yük avtomobilərinin sürücülərinin də mövqeyini öyrəndik. Rayonlardan müxtəlif  növ kənd təsərrüfatı məhsulları ağırtonajlı yük maşınları ilə bazara gətirilir. Yeni qərardan sonra bazarda da vəziyyət dəyişib. Belə ki, bazarın topdansatış bölməsində əvvəlkindən iki-üç dəfə çox yük maşınları dayanıb. Məhsulunu günün istənilən saatlarında bazara gətirən satıcılar, bu dəfə axşam saatlarında gətirməyə məcbur olublar. Axşamdan gətirdiyi məhsulları satıb bitirsələr də gündüz yola çıxmaq qadağan olunduğundan geriyə qayıda bilməyiblər. Sürücülər əvvəlki ilə müqayisədə bir qədər çətinlik çəksələr də tətbiq olunan qaydanı bəyəndiklərini bildirdilər: “Yük maşınları bazara axşam saat 23:00-24:00 arası gəlirlər. Ağırtonajlı  yük maşınlarının gündüz saatlarda hərəkətinə icazə olmadığından hamı ya səhərə yaxın, ya da gecə saatlarında Bakıya gəlir. Axşam 20:00-dan sonra şəhərə daxil oluruq, səhər  08:00-a qədər isə şəhərdən çıxırıq. Əks halda səhv etsək 100 manat məbləğində cərimələnəcəyik. Bu qaydanın tətbiqi bizim işimizi bir qədər axsadır. Misal üçün əvvəl rahatlıqla gündüz saatlarında Bakıya çıxırdıq. İndi zülmət qaranlıqda yuxulu vəziyyətdə yola çıxırıq. Sükan arxasında yata bilərik, qəzalara səbəb ola bilərik. Gecə saat 05:00-da yola çıxmaq lap təhlükəldir. Yuxunun ən şirin vaxtında sükan arxasında oluruq. Yaxşı tərəfi isə odur ki, Bakıda sıxlıq aradan qalxacaq. Şəhərdə kifayət qədər yük maşını var, bunun da qarşısını yalnız bu yolla alamaq mümkündür. Məhsulumuzu satmışıq axşamı gözləyirik ki, rayona çıxaq. Məcburi şəkildə şəhərdə qalmalıyam, pul xərcləməliyəm. Bu həm də əlavə xərc deməkdir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh