Ərşad Hüseynov: "Sarı torun dili yoxdur ki, sürücüyə desin gəlmə, dur, gözlə"

Yazarlar 10 Oktyabr 2018 10:10 Oxunub 1897
Ərşad Hüseynov: "Sarı torun dili yoxdur ki, sürücüyə desin gəlmə, dur, gözlə"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sarı tor özlüyündə tıxacın qarşısını almayacaq

Paytaxtın S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsindəki yolayrıcına çəkilən yeni nişanlanma xətti – sarı tor barədə müzakirələr davam edir. Radioda bu xəttin mahiyyəti, məqsədi, tələbi barədə geniş danışdım. Dinləyənlərdə yəqin ki müəyyən təsəvvür yarandı. Fikirlərimi qısaca yazmaq istədim.

1. Bu nişanlanma özlüyündə heç bir yeni qayda, yeni tələb müəyyən etmir. Bu sarı tor YHQ-nin 75-ci maddısinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür. Bu tor ona görə lazımdır ki, sürücü getdiyi istiqamətdə tıxac yaranarkən yolayrıcının və ya hərəkət hissələrinin kəsişməsinin hansı hissəsində dayanıb qalmağın qadağan edildiyini, yaxud tıxac yaranarkən yolayrıcının və ya kəsişmə yerinin hansı hissəsinin daim təmiz saxlanılmalı olduğunu əyani şəkildə görsün, bunu dərk eləsin. Axı məlumdur ki, bəzi sürücülər yolayrıcının və ya kəsişmə yerinin hara olduğunu da dəqiq müəyyən etməkdə çətinliklər çəkirlər. Bu sarı tor hər şeyi aydın göstərəcək.

2. Sarı tor özlüyündə tıxacın qarşısını almayacaq, çünki onun əli və ya dili yoxdur ki, lazım olmayan vaxtda üstünə çıxıb dayanan avtomobili kənara itələsin və ya onun sürücsünə desin ki, gəlmə, dur, gözlə. Təkrar da olsa, qeyd edirəm ki, bu tor sürücüyə qaydaların tələbini əyani, aydın göstərmək üçündür. Sürücü özü hərəkətini elə hesablamalıdır ki, yolayrıcını getdiyi istiqamətdə tərk edə bilsin, gedib qabaqdakıların arxasında dayanmağa məcbur olmaqla sarı torun üzərində qalmasın.

3. Sarı tor olan və ya olmayan yerdə YHQ-nin 75-ci maddısinin 2-ci hissəsinin tələbinə riayət etmək də elə çətin bir şey deyil və xüsusi mühəndislik istedadı tələb etmir. 5-ci sinif səviyyəsində dünyagörüşü olan, intizamlı sürücü bu qaydya çox asan riayət edə bilər. Özü də həm svetoforlu, həm də svetoforsuz yolayrıcı və ya kəsişmə yerində. Bunun üçün sadəcə getdiyin istiqamətdə nəqliyyat axınının stabilliyinə diqqət etmək lazımdır. Əgər normal sürətlə satabil hərəkət varsa, icazə verilən vaxtda yolayrıcına daxil olursan, çıxanadək hətta sarı işıq yansa da, problem ola bilməz. Əgər hərəkət fasiləlidirsə, yəni gah gedib, gah dayanırsa, onda yolayrıcını tam tərk edənə qədər qalan məsafəni, fasiləliyin xarakterini nəzərə almaq lazımdır. Bu halda svetoforlu yolayrıcında avtomobiliniz sizin getdiyiniz istiqamətdə svetoforla hərəkət qadağan edilənədək, yolayrıcını tam tərk edə bilməyəcəksə, yolayrıcına daxil olmadan dayanıb növbəti icazəni gözləməlisiniz. Svetofor olmayan yerdə isə elə etməlisiniz ki yolayrıcında dayanmayasınız, oranı fasiləsiz keçib gedəsiniz.

4. Cərimələr barədə də danışılır. Amma sarı tor üzərində qalaraq kəsişən istiqamətdə nəqliyyat axının qabağını kəsən sürücü sarı torun tələbini pozmağa görə yox, YHQ-nin 75-ci maddısinin 2-ci hissəsinin tələbini, yəni yolayrıcını keçmənin bu xüsusi qaydasını pozmaqğa görə İXM-in 327.2-ci maddəsi üzrə (60 manat və 3 bal) cərimələnə bilər.

5. Sarı tor hələ ki, YHQ-də təsbit edilməyib, amma bununla bağlı bütün təfərrüatları əks etdirən dəyişik layihəsi müzakirəyə təqdim edilib, yəqin ki, yaxın gələcəkdə qəbul olunar.

Ümumiyyətlə, müasir yol hərəkəti təşkilində qırmızı xətlə cızılan belə bir yanaşma var: HƏR ŞEYİ SÜRÜCÜ VƏ YA BAŞQA HƏRƏKƏT İŞTİRAKÇISI ÜÇÜN DAHA AYDIN, DAHA ƏYANİ ETMƏK, AZ QALA ONUN OVCUNUN İÇİNƏ QOYMAQ, GÖZÜNÜN QABAĞINA ASMAQ. Bax sarı tor da bu yanaşmadan irəli gəlir. Məqsəd odur ki, hətta ən zəif hazırlıqlı sürücünün də səhv etməsinə imkan verilməsin.
Amma məlumdur ki, bütün qaydaların real həyatda icra edilməsi və qarşıya qoyulan məqsədə çatması həmin qaydaların şamil edildiyi insanların yanaşmasından asılıdır. Bizim yanaşmalar isə heç birimizi qane etmir. Ona görə də hər kəs - başda hərəkəti təşkil edənlər və təhlükəsizliyə nəzarət edənlər olmaqla hamı (sürücü, piyada və s.) özündən başlamaqla yanaşmalarını dəyişməlidir.

Sarı torla bağlı dostlar mənə bu fotonu göndəriblər. Bunun hansı şəraitdə kim tərəfindən çəkildiyini bilməsəm də, bu fotoda qayda pozuntusu (YHQ-nin 75-ci maddısinin 2-ci hissəsinin tələbinin pozulması) yoxdur. Diqqət edin, fotoda bəzi avtomobillər sarı tor üzərində dayanmış olsalar da, onların getdiyi istiqaməti kəsən nəqliyyat axını üçün qırmızı işığın yandığı aydınca görünür. Belə vəziyyət qayda pozuntusu deyil. Qayda o vaxt pozulmuş olardı ki, fotoda solda yolayrıcının əks tərəfində görünən svetoforun yaşıl işığı yanmış olsun. 
Məlumat üçün deyim ki, dünən 17.40 radələrində təxminən 10 dəqiqə ərzində həmin yolayrıcını müşahidə etdim. Heç kəsin YHQ-nin 75-ci maddısinin 2-ci hissəsinin tələbini pozduğunu görmədim. Düzdür, həmin vaxt Bakıxanov küçəsində tam tıxanma yox idi (çox asta sürətlə hərəkət davam edirdi). Sürücüləri bu sarı torla çox qorxutmaq da lazım deyil...

Ərşad Hüseynov

hüquqşünas

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh