Badamdardakı sürüşmənin əhatə dairəsinə düşən ərazinin xəritəsi Nazirlər Kabinetinə təqdim edilib
Gündəm 12 Oktyabr 2018 21:13 103 dəfə oxunub
Badamdardakı sürüşmənin əhatə dairəsinə düşən ərazinin xəritəsi Nazirlər Kabinetinə təqdim edilib
"Evlərə və obyektlərə ziyan dəyməsə də, onlar sürüşmənin əhatə dairəsinə düşüblər”

Bakının Səbail rayonunda, Badamdar - 20-ci sahə yolunda baş vermiş sürüşmənin əhatə dairəsinə düşən ərazinin xəritəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ə.Qaralovun sözlərinə görə, sürüşmənin əhatə dairəsinə sürüşmə ərazisinin yuxarı qaşında (istinad divarının yuxarı hissəsində) yerləşən 11 fərdi yaşayış evi və 20-ci sahə-Badamdar yolunda yerləşən iki iaşə obyekti düşüb: "Evlərə və obyektlərə ziyan dəyməsə də, onlar sürüşmənin əhatə dairəsinə düşüblər. Buna görə də həmin tikililər hər zaman sürüşmədən ziyan çəkə bilərlər". ETSN rəsmisi əlavə edib ki, ekologiya və təbii sərvətlər nazirinin tapşırığına uyğun olaraq, sürüşmə ilə əlaqədar növbətçilik rejiminə keçilib. Ərazidə mütəmadi olaraq müşahidələr aparılır. Qeyd edək ki, Bayılda Badamdar-20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, bununla əlaqədar bu gün Badamdar-20-ci sahə və 20-ci sahə-Badamdar yolu bağlanılıb, nəqliyyatın hərəkətinə icazə verilmir. Bundan başqa, Səbail rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evində yaşayan vətəndaşlara müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib. Həmçinin "Azərişıq" ASC və "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətlərindən Trend-ə verilən məlumata görə, həmin ərazidə elektrik enerjisi və 11 fərdi evə təbii qazın verilişi dayandırılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh