Xatirəyə döndü bu son bahar da… - Əhməd Şirinov

Yol polisi 23 Oktyabr 2018 14:28 Oxunub 3956
Xatirəyə döndü bu son bahar da… - Əhməd Şirinov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Milis əməkdaşı kimi ən çətin tapşırıqları yerinə yetirirdi

İki ay bundan öncə evində qonaq olmuşdum. Keçirdiyi insult səbəbindən özü ilə kəlmə kəsməsək də ömür-gün yoldaşı Səmayə xanım bir kitablıq xatirə danışmışdı. O, danışdıqca Əhməd müəllim bu söhbətləri birinci dəfə eşidirmiş kimi həm başı ilə təsdiq edir, həm də göz yaşlarını saxlaya bilmirdi. Biz də ona qoşulub kövrəlmişdik. Ömründən ötən anları yaxşı ki, vaxtında şəkillərə köçürməyə zaman tapa bilmişdi. Elə onunla görüşəndə mən də bu tarixi günü fürsət bilib fotoaparatın yaddaşına köçürmüşdüm…
Yaşlı insanlarla söhbət zamanı bir qəribəliyin şahidi olmuşam. İstər şəhərdə doğulub boya-başa çatsın, istərsə də kənddə, nədənsə, insan qocalanda dərdləşmək üçün torpağı, təbiəti özünə yaxın bilir. Dərdini, sərini, sirrini ona danışır. O gün Əhməd Şirinov da  Saray qəsəbəsində, öz həyətində, öz əli ilə əkdiyi ağaclarla, güllərlə dərdləşirdi.
Bir parçası olduğumz torpaq bizim südəmərliyimizdən ta qocalana kimi dilimizi yaxşı bilir. Əbəs yerə ana torpaq demirik ki…
Bəlkə də ömrünün son günlərini doğulduğu Qubadlıda yaşasaydı xəstəliyinə güc gəlib dili söz tutardı, nəvələrini başına yığıb acılı-şirinli xatirələrini danışardı. Daş karxanasında daş atdığı günlərdən tutmuş, milis əməkdaşı kimi ən çətin tapşırıqları yerinə yetirdiyini onlara bircə-bircə anladardı…
Sıramızdan bulaq suyu, dağ havası kimi seyrələn insanların yerinin hər şeyin çirkaba bulandığı dünyamızda nə vaxtsa dolacağına ümidimiz azdır. Ürəyi torpaq qədər geniş olanların sayı azalır get-gedə.
“Doğulduğu torpaqlardan uzaqda yaşanan bir ömürə də haqdan, beləcə, nöqtə qoyuldu” cümləsini yazmağa çətinlik çəkirəm. Çünki Əhməd Şirinov kimi insanların həyatı davam edir-onları yada salan, xatırladan xatirələrdə.
Ruhu şad olsun.

 

Hafiz Təmirov,
polis mayor

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh