Onların göstərdiyi xidmətlər ölkə və DİN rəhbərliyinin diqqətindədir – FOTO

Yol polisi 28 Oktyabr 2018 01:23 Oxunub 3231
Onların göstərdiyi xidmətlər ölkə və DİN rəhbərliyinin diqqətindədir – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəlilabad Regional Mühafizə Şöbəsinin yeni inzibati binasının açılışı olub

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi Cəlilabad Regional Mühafizə Şöbəsinin yeni tikilmiş inzibati binasının açılış mərasimi keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, DİN Baş Mühafizə İdarəsinin rəis müavini, polis polkovniki Daşqın Mehdiyev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ətraf bölgələrin mühafizə qurumlarının rəisləri iştirak ediblər.
Məlumat verilib ki, ikimərtəbəli inzibati binanın ümumi sahəsi 170 kvadratmetrdir. Müasir standartlara uyğun olaraq inşa edilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, Növbətçi hissə və digər xidməti otaqlar istifadəyə verilib. Yeni tikilidə 4 xidməti otaq, 54 yerlik akt zalı vardır. Binada ventilyasiya, mərkəzi istilik sistemi,rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazi hasarlanıb və abadlaşdırma, xarici işıqlandırma işləri yerinə yetirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək şöbə əməkdaşlarını təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlər daxili işlər orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar açır. Yeni binanın istifadəyə verilməsi şöbə əməkdaşlarının ictimai qaydanın qorunması və təhlükəsizliyin təmin edilməsi işində səmərəsini daha da artıracaqdır.
Şöbənin şəxsi heyətini salamlayan BMİ-nin rəis müavini, polis polkovniki D.Mehdiyev nazirliyin mühüm qurumu kimi Baş Mühafizə İdarəsinin və onun yerli qurumlarının da cinayətkarlıqla qarşı mübarizədə, ictimai asayişin təminində, dövlət və şəxsi mülkiyyətin mühafizəsində göstərdiyi xidmətlərin ölkə və DİN rəhbərliyinin diqqətində olduğunu bildirib. O, görülmüş uğurlu tədbirlər nəticəsində vətəndaşların, obyekt sahiblərinin öz əmlaklarının, fərdi evlərinin qorunması üçün məhz bu xidmətə üz tutduğunu, daxili işlər orqanlarının digər orqan və hissələrində olduğu kimi, mühafizə polisinin də maddi-texniki bazasının gündən-günə möhkəmləndirildiyini, bu sahədə əsaslı dönüşün yarandığını nəzərə çatdırıb.
Sonra mərasim iştirakçıları binanın birinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlə tanış olub, Növbətçi hissəyə, xidməti otaqlara, akt zalına baxıblar.

 

Məhəmməd Rzayev
polis leytenantı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh