Bir ildə eyni əmələ görə 3 dəfə cərimə yazdılar; düzəlmədi - Bakıda

Avtoxəbər 6 Fevral 2015 00:57 Oxunub 3643
Bir ildə eyni əmələ görə 3 dəfə cərimə yazdılar; düzəlmədi - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksi sürücüsü qadağan olunmuş yerdə dayanır, cərimə yazan yol polislərini isə şərləyir

Bakıda bir ildə törətdiyi eyni qayda pozuntusuna görə yol polisləri tərəfindən cərimələnən sürücü elə həmin yol polislərini şərləməyə başlayıb. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının bölük komandiri, mayor Cəmşid Hənifəyev məlumat verib. Onun sözlərinə görə, ötən il Neftçilər prospekti ilə Bülğül küçəsinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücüyə dayanma-durma qaydalarını pozduğu üçün cərimə yazılıb: «İdarə etdiyi «BMW» markalı, 90 LA 652 dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti göstərən həmin sürücü yolayrıcında dayanmaqla hərəkətə mane olurdu. Biz ona bir neçə dəfə xəbərdarlıq etdik. Xeyri olmadı. Cərimə yazdıq, yenə xeyri olmadı. Təkrar olaraq, yenə cərimə yazdıq. Bəlkə də, 6-7 dəfə eyni əmələ görə tutmuşuq, amma cəmi 3 dəfə protokol yazmışıq. Ancan sürücü bundan nəticə çıxarmadı. Sonradan isə məlum oldu ki, yazdığımız cərimələri ödəmir. Müəyyən olunmuş ödəmə müddəti keçdiyi üçün həmin avtomaşının saxlanılıb cərimə meydançasına qoyulması barədə qərar çıxarıldı və biz də bu qərarı icra etdik. İndi həmin sürücü gecə-gündüz məndən və başqa bir polis zabitindən şikayət yazır ki, guya biz ona qarşı qərəzli olmuşuq. Amma əslində, heç bir qərəzimiz olmayıb. Sadəcə, bizə də qəribə gəldi ki, eyni əmələ görə bir adama 3 dəfə cərimə yazdıq, lakin nəticəsi olmadı. Üstəlik, bizi də borclu çıxarır. O adam maşını harada gəldi saxlayır, taksi fəaliyyəti ilə məşğul olur. Nişanların tələbinə əhəmiyyət vermir. Bir söz də deyən kimi, başlayır, hər-böhtan atmağa».

Cəmşid Hənifəyev onu da bildirib ki, belə sürücülər tək deyil. Hətta, elələri var ki, avtobus dayanacağında dayanıb taksi fəaliyyəti ilə məşğul olduğu üçün il ərzində 5-6 dəfə 40 manat cərimə olunur, amma yenə də bir neçə gündən sonra öz əməlini elə həmin dayanacaqda davam etdirir: «Gəlib qovuruq, çıxıb gedirlər. Amma biz o yana gedən kimi qayıdıb yenə də dayanacaqları zəbt edirlər. Onların ucbatından avtobuslar yolun hərəkət hissəsində, ikinci cərgədə dayanır ki, bu da həm digər sürücülərə, həm də sərnişinlərə problem yaradır».

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh