Bakıda yol çəkənlərdən biabırçı addım – Yolu daraldıb tıxac yaradırlar - FOTO

Yazarlar 2 Noyabr 2018 00:58 Oxunub 4435
Bakıda yol çəkənlərdən biabırçı addım – Yolu daraldıb tıxac yaradırlar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəşir Səfəroğlu küçəsində görülən işlərin layihəsi yoxdur, heç kimlə razılaşdırılmayıb

Bakının Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yolun təmiri zamanı gülünc mənzərə ortaya çıxıb. Avtosfer.az-ın rəhbəri Elməddin Muradlı ərazidə müşahidə apararkən məlum olub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları yolu daraldaraq səkiləri genişləndirməklə məşğuldur. İş icraçısı deyib ki, bu, bir yenilikdir və işlərin bu cür aparılması onun ideyası deyil: “Bizə belə göstəriş verilib, biz də o cür işləyirik”.
Məlumat üçün bildirək ki, əvvəllər həmin küçədə sağ-sol hissədə səki mövcud olsa da, bəzi sakinlər dəmir dirəklər basdırıb maşınları park edirdilər. Amma səkilərdə maşın dayansa belə yolun hərəkət hissəsinin sağında və ya solunda daha bir maşın dayandıqda digərləri rahat keçib gedə bilirdi. Düzdür, səkidə və ya yolun hərəkət hissəsində maşın saxlamaq olmaz, lakin indi tamam biabırçı mənzərə ortaya çıxıb. Belə ki, Agentliyin əməkdaşları bardürü təxminən 35-40 sm hündür qoyur, bu da ərazidə yaşayan sakinləri narahat edir. Səkilərin eninə gəldikdə isə elə məsələnin gülməli tərəfi də budur. Onlar yolun sol tərəfində səkinin enini 3 metr, sağ tərəfində isə 1,5 metr nəzərdə tutublar. Yolun eni isə cəmi 3,5 metrdir. 
İş icraçısı buna belə izah verib ki, belə addım atmaqla səkidə maşın saxlayanlara qarşı mübarizə aparırlar. Sual verəndə ki, bəlkə birinin  evində xəstə var, təcili yardım maşını harada dayanacaq? Və ya, yolun ortasında bir maşında nasazlıq yaranıb məcburi dayansa hamı oturub onu gözləməlidirmi?
İş icraçısı deyib ki, küçənin bəzi yerlərində parkinq nöqtəsi də olacaq, amma fotolardan da göründüyü kimi, hündür bardürlərin üstünə yalnız idman avtomobili ilə çıxmaq olar. Hansı ki, o ərazidə yaşayanlar idman avtomobili sürənlər deyil...
Yeri gəlmişkən, son vaxtlar Bakıda nəqliyyat sıxlığına qarşı mübarizə gücləndirilib, tıxacların qarşısını almaq üçün müxtəlif yollara əl atırlar. Hətta Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının sonuncu iclasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Bakı Nəqliyyat Agentliyinin, Daxili İşlər Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi iştirak edib, nəqliyyat sahəsində məsələlər müzakirə olunub, xüsusən də tıxaclara qarşı mübarizəyə daha geniş diqqət yetirilib. Qeyd olunub ki, küçə və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək üçün addımlar atılmalıdır. Lakin nədənsə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi bu toplantıdan sonra Bəşir Səfəroğlu küçəsində belə bir biabırçı yol çəkilişinə icazə verib. Hansı ki, bu küçə Azərbaycan prospektini Rəşib Behbudov küçəsinə birləşdirən yeganə küçədir. Sürücülər yaxşı bilir ki, şəhərdə sıxlıq olanda alternativ yol kimi bu küçə onların işinə çox yarayır. 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi nə qədər hündür bardür qoysa da, onsuz da bizim sürücülərin psixologiyasına uyğun gəlməyəcək. Kimsə bardürün yanında maşın saxlayacaq, o zaman bu yolda hərəkət etmək mümkün olacaqmı? Axı hansı mütəxəssis gedib o küçədə müşahidə aparıb yoxlayıb ki, Bəşir Səfəroğlu küçəsində gün ərzində hərəkət edən avtomobillər çox olur, yoxsa piyadalar? 
Biz demirik ki, piyada səkisi olmasın, olsun. Amma olmazdımı ki, hər tərəfə 1,5 metr səki qoyub 5 metr də yolun enini təşkil edəydilər? Axı bu, daha faydalı olardı. Tıxaca qarşı mübarizədən danışıldığı bir vaxtda hansı müsuliyyətsiz və yol hərəkətinin təşkilindən anlayışı olmayan şəxs buna qərar verir? Özü də, verilən qərar nə Dövlət Yol Polisi İdarəsi, nə də Bakı Nəqliyyat Agentliyi ilə razılışdırılıb. Apardığımız araşdırma zamanı məlum oldu ki, DYP və BNA həmin küçədə görülən işlərdən xəbərsizdir. Məsələdən xəbər tutan DYP dərhal hadisə yerinə gedib və işlər dayandırılıb. Məlum olub ki, görülən işlərin layihəsi də yoxdur. Burada görülən işləri “Bakı Abadlıq” İdarəsi sifarış verib, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə işi icra edir. “Bakı Abadlığ”ın nümayəndəsi deyib ki, onlar sifarişi verib pul ödəyiblər ki, küçəni abadlaşdırsınlar. Avtomobil Yolları Dövlət Agentliyi də işi bu cür görüb. Buna görə də, “Bakı Abadlıq” məsuliyyət daşımadığını iddia edir. Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri isə gördükləri işi dayandırmalı olublar.
Hazırda bu məsələ araşdırılır, yəqin ki, özbaşınalıq edən qurum və vəzifələr şəxslər buna görə cavab verməli olacaqlar. Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bəşir Səfəroğlu küçəsindəki səkilərin enli olmasına özünəməxsus dormada münasibət bildirib. Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, hazırda təmir işləri aparılan Bəşir Səfəroğlu küçəsi müasir üsulla, şəhər infrastrukturu layihəsi əsasında tam müasir formada abadlaşdırılır: “Həmin ərazidə təmir işləri Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında aparıldığına görə işlər həmin qurumun hazırladığı layihə üzrə həyata keçirilir. Orada tam müasir formalı şəhər küçəsinin olması nəzərdə tutulub. Eyni zamanda, küçədə sürücülərlə yanaşı, piyadaların da hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün piyada səkiləri qurulub. Əvvəllər həmin küçədə səki heç vaxt olmayıb və sürücülər avtomobillərini küçədə saxlayırdılar. Bu da piyadaların təhlükəsizliyinə mane olurdu. Həmçinin, bəzən elə olurdu ki, piyadaların hərəkəti mümkünsüz vəziyyətə çevrilirdi. Hazırda küçədə piyadaların rahat şəkildə hərəkəti üçün şərait yaradılır. Bəzən də sürücülərin avtomobillərini düzgün park edə bilməməsi səbəbindən sakinlər öz həyətlərindən çıxa bilmirdi. Ona görə də sakinlər öz darvazalarınının qarşısını dəmir zəncirlərlə hasarlayırdılar ki, kimsə burada avtomobil saxlamasın. Həmin küçə nəqliyyat vasitələrinin hərəkəti üçün birtərəflidir. Əvvəl də belə olub”.
Məsələ burasındadır ki, Bəşir Səfəroğlu küçəsi əsasən köhnə tikililərdən ibarətdir. Buradakı evlərin və obyektlərin əksəriyyəti tikinti şirkətləri tərəfindən alınıb, sökülük və yerində binalar tikilib, hazırda da tikilir. Fotolarda gördünüyüz ərazinin sakinləri ilə də danışıqlar gedir. Çox güman ki, yaxın vaxtlarda oraları da alıb sökəcəklər. Tikinti işləri aparılanda isə sözsüz ki, bardürlər də, yol da, səki də dağıdılıb bərbad hala salınacaq. Bunu yəqin ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Bakı Abadlıq” İdarəsi də bilir. Elədirsə, nə üçün dövlətin milyonlarla vəsaitini havaya sovururlar?

P.S. Əgər bu addım həmin küçədə parklanmanın qarşısını almaq üçün atılırsa bu barədə düşünmək lazımdır. Yer varsa, imkan varsa bir cərgədə parklanma nədən olmasın? Bunu hansı dövlət qurumu ilə müzakirə etmisən? Axı sən kimsən ki, parklanmaya qarşı mübarizə aparırsan? Bunu BNA edir axı. Çəkdiyin yola bir bax, quş yuvasına oxşayır. Bəlkə hər kəs öz işiylə məşğul olsun? Məsələn, siz quş yuvasıyla məşğul olun, yolu də yoldan anlayışı olanlar çəksin...

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh