Ekspert Almaniyadakı “Dizel qadağası”na aydınlıq gətirdi - 80 avro cərimə

Avtobazar 4 Noyabr 2018 18:17 Oxunub 1589
Ekspert Almaniyadakı “Dizel qadağası”na aydınlıq gətirdi - 80 avro cərimə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Yeni qanuna əsasən nəzarətedici orqan elə polisin özüdür"

“Son günlər Azərbaycan mətbuatında “Almaniyada dizel avtomobillər qadağan edildi” başlıqlı yazılar ictimaiyyətə düzgün şəkildə çatdırılmır və bu da bir qədər çaşqınlıq yaradır”. Avtosfer.Az xəbər verir ki, bunu Azeuronews.com-a açıqlamasında “VİP Escort” şirkətinin rəhbəri, avtomobil bazarı üzrə ekspert Rəşad Quliyev deyib. Onun sözlərinə görə, artıq 2017-ci ildən etibarən Almaniya Federal Hökuməti ekologiyanı qorumaq üçün dizel mühərrikli avtomobillərin ölkədə istismarı və istehsalını dayandırmaq üçün müəyyən müzakirələrə başlayıb: “Ətraf mühitin qorunması məqsədi ilə Almaniyada ilk dəfə olaraq 2008-ci ildə Berlin, Hannover və Köln şəhərlərində “Umwelt Zone” adlanan 270.1 nişanları quraşdırıldı. 3 rəngdən ibarət olan bu nişan – qırmızı (Avro2), sarı (Avro3), yaşıl (Avro4) standartına cavab verən nəqliyyat vasitələrinin şəhərə girişinə icazə verilməsi mənasını daşıyırdı. Və illər keçdikcə bütövlükdə ölkəyə şamil edildi. Bu qanunun tətbiqindən sonra artıq “Avro 2″ standartına cavab verən avtomobillərin ixracaatında kifayət qədər artım müşahidə olundu. Hal-hazırda bizim yollarımızda şütüyən bir çox maşınlar (Mercedes C klass, E klass və s) məhz o qanundan sonra ölkəmizə idxal olunanlardır”.

R.Quliyev yei qanunu isə, belə şərh edib: “Məlum “VW” skandalından sonra dizel qadağası gündəm də öz yerini qorumaqda ikən, artıq Almaniyanın bir sıra vilayətləri (Federal məhkəmələr) qadağanı tətbiq etməyə başlayır. Belə ki, yuxarıda adını çəkdiyim “Umwelt Zone” nişanları artıq öz gücünü itirir. 01.01.2019-cu il tarixindən etibarən pilot layihə olaraq öncə Berlin, Ştutqart, Frankfurt şəhərlərində “Avro5″-ə qədər olan bütün dizel mühərrikli nəqliyyat vasitələrinin istismarına qadağa qoyulacaq. 2019-cu ilin sonlarına kimi digər əyalətlərdə də bu sınaqdan keçiriləcək. Nəticə etibarı ilə 2019-da hava (Ekologiya) yenidən ölçüləcək və nəzərə çarpacaq qədər fərq yarandığı təqdirdə ölkədə ümumiliyyətcə “Avro 6″ istisna olmaqla bütün dizel mühərriki ilə işləyən nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulacaq”.

Ekspert vurğulayıb ki, tədricən avtomobil istehsalçıları da dizel mühərrikdən imtina edəcək: “Yeni qanuna əsasən nəzarətedici orqan elə polisin özüdür. Havaya qanunla müəyyən olunmuş miqdardan daha çox tullantı buraxan nəqliyyat vasitələrinin sahiblərini 80 avro məbləğində cərimə gözləyir. Daxili bazarda qiymətlərin enməsinə səbəb olan bu qanunun təsiri ölkəmizdən də yan keçməyəcək. Nəzər alsaq ki, Azərbaycan Almaniya ilə böyük bir ticarət dövriyyəsinə sahibdir və bunun əsas hissəsini avtomobil idxalı təşkil edir. O zaman istismarı qadağan edilən avtomobillərin ölkəmizə kütləvi şəkildə idxalı qaçılmaz olacaq. Hal-hazırda ekoloji baxımdan əziyyət çəkən ölkəmizin sakinlərinin sağlamlığını nəzərə almaq üçün məncə qanunlara yenidən baxılmalı və “istehsal ili 2005-dən yuxarı “Avro 4”  standartına cavab verən nəqliyyat vasitələrinin ölkəyə sərbəst buraxılışı”nı “istehsal ili 2009/2010 və “Avro 5″ standartına cavab verməli” ilə əvəz edilməlidir. Çünki ölkəmizdə ən çox istismar olunan nəqliyyat vasitəsi “Mercedes-Benz” dir. Və bu marka artıq 2009-cu ildən “Avro 5” standartına keçid edib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh