Bizim Fəridimiz, bizim fəxrimiz... – FOTO

Yol polisi 5 Noyabr 2018 12:32 Oxunub 1722
Bizim Fəridimiz, bizim fəxrimiz... – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çempion Fərid, polis Fərid, ata Fərid, uğur olsun!

İdman deyiləndə ilk yada düşən güc olur və güclü idmançı ifadəsini isə tez-tez eşidirik.Əslində, bütün güclü idmançıların həyat yolunu incələsək onların uğurlarının bönövrəsində intellektin, əzmkarlığın izini görərik.Gücünü bacarıqla və ağılla vəhdət şəkildə istifadə edib daha böyük uğur qazananlara biz istedadlı idmançı deyirik.İstedadlı idmançı olmaq alın yazısıdır və bu kimin bəxtində varsa, deməli, o, xoşbəxtdir. Azərbaycan istedadlı idmançıların vətənidir. Bu bizim sözümüz deyil. Dünyanın ən böyük idman biliciləri ötən illər ərzində bunu dəfələrlə vurğulayıblar. Güclü xalq kimi tarixə düşmək yaradanın bizə bir lütfüdür. Bu, dünən də belə olub, bu gün də belədir,sabah da belə olacaq. Bəlkə də tarixi həqiqətlərimizi dünyaya bəyan etmək, bu adda, bu ünvanda bir ölkə var şüarını yaymaq üçün idman ən gözəl tanıtımdır.“Bir idmançı bir bayrağı, bir bayraq isə bir dövləti təmsil edir” fikri əbəs yerə deyilməyib. Bayrağımız kimi daim ucalarda olan oğul və qızlarımızı görəndə, onların qalibiyyət xəbərini, xoş sədalarını eşidəndə qürurdan sinəmiz qabarır. İllərin zəhməti və alın təri ilə qazanılan qələbə təkcə bir nəfərin, bir komandanın deyil, ölkənin adına yazılır, əbədiyaşarlıq qazanır. Hər bir müqayisə qüsurludur. Ancaq bir xalqın taleyində yaşam nöqtəsinə çevrilən, onu ölümün pəncəsindən alan illəri yada salmaq, xatırlamaq tarixə bir sayğıdır. Hələ müstəqilliyimizin ilk illərində, həyatın bütün sahələrində olduğu kimi, idmanımız da ağır sınaqlarla üzbəüz qalmışdı.Bir tərəfdən müharibə, müstəqilliyin itirilməsi təhlükəsi “can üstə” olan idmanımızın son nəfəsini verməsini tezləşdirirdi…

Ancaq…

“Biz idmanı ümumxalq hərəkətinə çevrirməliyik”,-deyən ümummilli liderin “uzaqmənzilli raketlər” kimi hədəfi daha dəqiq vurmağa hesablanmış uğurlu siyasəti həm Azərbaycan idmanını, həm də Azərbaycan gəncliyini də məhv olmaq təhlükəsindən qurtardı.Müstəqil ölkənin bayrağı altında ilk uğurlarına imza atan idmançılarımızın qələbələrinin üfüqləri ildən-ilə genişləndi və himnimizin sədaları dünyanın hər yerinə yayıldı. Bu gün isə “Azərbaycan” deyiləndə Avropa, dünya və Olimpiya çempionlarının Vətəni gəlir göz önünə…

Bəlkə indi onun adını yazanda sizin də gözləriniz önünə Olimpiya çempionumuz gələcək.İdman tariximizdə idmanın ayrı-ayrı növləri ilə məşğul olan və eyni ad daşıyan idmançılarımız çox azdır. Onu fərqləndirən daha bir nüans var: Azərbaycanın polis idmançısıdır. Olimpiya çempionu Fərid Mansurov və yeddiqat dünya çempionu, polis kapitanı Fərid Mayılov. Hər ikisi güclü və istedadlı idmançılardır…

Barəsində xəbər saytlarından çox oxumuşdum və hər dəfə də qələbə ilə Vətənə dönəndə mətbuat üçün verdiyi açıqlamalarda: “Birqələbəmiz də bu gün tarixə qovuşdu. Gələcək qələbələrə hazır olmalıyıq” deməsi bu titullu idmançımızın özünə tələbkarlığının göstəricisi idi.Akademiyada işlədiyim dövrdə onun şəklini Akademiyanın idmançı dinləyiciləri arasında görmüşdüm:sinəsində medallar və başının üstündə üçrəngli bayrağımız. Çexiyada keçirilən Kombat Ciu-citsu üzrə dünya çempionatında milli komandamızı təmsil edənlərin  DİN-in İdman Cəmiyyətinin yetirmələri olması da qürurverici idi. Bu yarışda Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları-polis kapitanı Fərid Mayılov və Süleyman Əliyev "Police self defense" növündə birinci yeri tutaraq daha güclü olduqlarını sübut ediblər. İdman tariximizə düşən bu xəbəri oxuyandan sonra həmkarım, polis kapitanı Fərid Mayılovla görüşmək qərarına gəldim. Onun idman uğurları, uşaqlığı, bir sözlə, həyatı ilə sizləri də tanış etmək məqsədilə yolumu Baş Dövlət Yol Polisi İdarəsindən saldım. Onu tapmaq çətin olmadı. Kimdən soruşdumsa “Bizim fəxrimizdir”,- dedilər. Tanıyanlar bilir, tanımayanlara demək istəyirəm ki, uzaqdan baxanlar onun idmançı olduğunun fərqinə varmazlar. Sakit görünüşlü, həlimdanışığı olan həmkarımızın sinəsinin altında döyüşlərdə heç nədən, hətta mənəm-mənəm deyən rəqiblərindən belə qorxmayan bir ürəyin döyündüyünü görmək üçün günün müəyyən saatlarında onun məşqlərini izləmək yetərlidir. Telefonda vədələşsək də, düzü,belə tez gəlişimi gözləmirdi.“Bayraq oğulları biz tanıyaq ki, bizdən sonrakılar da tanısınlar” fikrimə cavabı belə oldu: “Bizi həm də ona görə tanıyırlar ki, arxamızda böyük Azərbaycan dövləti var. Onun üçrəngli bayrağını ucaltmaq isə “Mən azərbaycanlıyam” deyənlərin vəfa borcudur”.

Bütün hədəfləri gələcəyə yönəlik olsa da o, keçmişi unutmur, xatırlayır, həm ibrət götürür, həm də kövrəlir…

Polis kapitanı Fərid Mayılov 1983-cü ildə ədəbiyyatımızın paytaxtı Şamaxıda doğulub.Özünün dediyi kimi, arıq və çəlimsiz uşağın idmana olan həvəsinin qarşısını almağa valideynləri çox çalışıblar.Onu nə yolla olursa-olsun idmandan uzaqlaşdırmaq istəyiblər.Zədə almağından, əlini, ayağını sındırmasından qorxublar.Ancaq Fəridin ən böyük arzusu  əmiləri, dayıları kimi barmaqla göstəriləcək idmançı olmaq idi. Öyrəndiklərini hər axşam evin altını-üstünə çevirib təkrarladıqca anasının dilindən nisgilqarışıq: “Bu saat bir yerin sınacaq” sözü düşməyib. O isə daha inadla, daha əzmlə məşqlərinə davam edib. Böyük idmanın qapıları Bakıda üzünə açılıb.Sıxıntıları da az olmayıb. Bəzən bir qarnı ac, bir qarnı tox məşqə getmək üçün iki-üç avtobus dəyişib.Şamaxıdan çıxanda “Mən ata yurduma çempion kimi qayıdacağam” vədinə əməl etmək üçün bezməyib, usanmayıb.Məşqçisi Babək Əliyev ona böyük şəhərin böyük qayğılarını yüngülləşdirməkdə kömək edib.Çünki yetirməsinin gələcəyinə inanırdı.Məhz buna görə də onu öz məşqçisi Vüsal Tağıyevin yanına aparıb.İdmanın hər addımda belə sınaqlarla dolu olmasını təsəvvür etməsə də artıq bu yolun dönüşü yox idi. Dönüş isə daha möhtəşəm olacaqdı…

Bakıdakı 18 nömrəli məktəbi bitirib vətəhsilini Bakı Texniki Kollecində davam etdirib.2003-cü ildə hərbi xidmətdən təxris olunub, elə həmin il də  daxili işlər orqanlarına qəbul olunub. İlk xidmət yeri Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi olub.Sonralar bir çox xidmətlərdə çalışıb.2006-cı ildə DİN-in Polis Akademiyasına daxil olub və 2011-ci ildən polis zabiti kimi Baş Dövlət Yol Polisi İdarəsində xidmətdədir.İlk beynəlxalq uğurunu Brzaliyanın San-Paulo şəhərində qazanaraq 70 kiloqram çəki dərəcəsində konfu-sandadan dünya çempionu olub.Çevikliyini, gücünü görən məşqçilər beynəlxalq idman arenalarını silkələyən daha bir idmançının yetişdiyinə şahidlik etmək üçün onu diqqət mərkəzində saxlayıblar və növbəti ilyenə də konfu-sandadan Portuqaliyada keçirilən dünya çempionatında qızıl medalı əldən verməyib. 2009,2010,2011 və 2014-cü illərdə də dünya çempionu titulunu qoruyub-saxlayıb.2013-cü ildə isə Honkonqda dünya kuboku uğrunda keçirdiyi döyüşlərdə iştirakçı dövlətlərin idmançıları ilə yanaşı, tamaşaçıları da heyrətə gətirərək məğlubolunmazlığını sübut edib. 2015-ci ildə “dünya kəməri” uğrundakı yarışda Azərbaycanın himni səslənəndə həm özü, həm də  azarkeşlik edən həmvətənlərimiz göz yaşlarını saxlaya bilməyiblər. Polis kapitanı Fərid Maylovun idman sahəsindəki nailiyyətləri və xidmətləri ölkə başçımızın da diqqətindən kənarda qalmayıb. 2010-cu ildə möhtərəm Prezidentimiz bir çox idmançı kimi ona da mənzil hədiyyə edib.Fərid həm də 2011-ci ildə Avropa çempionluğunu qazananda isə “Prezidentin Fəxri Fərmanı” ilə mükafatlandırılıb. Fərid Mayılov yarışlarda iştirak etməsi üçün yaratdığı şəraitə görə Daxili  İşlər Nazirliyinin, baş idarənin, DİN-in İdman Cəmiyyətinin sədri, polis pokovniki Zemfira Meftixetddinovaya, həmçinin ona hər zaman mənəvi dəstəkçisi olanməşqçisi, əməkdar məşqçi Rəsul Məmmədova təşəkkürünü bildirir. Həm məşqçi, həm də idmançı kimi fəaliyyət göstərməyin uğur qazanmaqda çətinlik yaratmadığını da diqqətə çatdıran həmkarımız deyir ki, insan öz işini sevərsə, o, bütün çətinliklərə sinə gərə bilər. O, öz uğurları ilə yanaşı yetirmələrinin də uğurlarını təqdir edir, buna sevinir. “Yetirmələrim hər il Avropa və dünya çempionatlarında, irimiqyaslı turnirlərdə uğurlu nəticələr əldə edirlər. Elçin Eminov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında gümüş medal qazanıb.Yelena Vıstropova ikiqat Avropa çempionu tituluna sahib olub.Əli Zamanov Avropa çempionudur.Boksçu Elmir Novruzovun da parlaq gələcəyi var”, - deyir. Yeddi qat dünya çempionu, polis kapitanı Fərid Mayılovun idman uğurlarına beləcə nəzər saldıq, onun çətin, lakin hər birimizin qürur hissi yaşadan ömür yolu ilə tanış olduq. Yeri gəlmişkən, həmkarımızın ailəsində gələcək uğurlarının davamçısı olacaq üç övlad böyüyür… Çempion Fərid, polis Fərid, ata Fərid, uğur olsun!

Hafiz Təmirov, 

Polis mayoru

ŞƏRH YAZ
Ad

E-mail

Şərh