Bu maşınlar ucuzlaşacaq – SƏBƏB

Avtoxəbər 6 Noyabr 2018 16:05 Oxunub 1188
Bu maşınlar ucuzlaşacaq – SƏBƏB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Digər ölkələrdəki avtomobil şirkətləri gələcəkdə bu addımı təkrarlayacaq”

Benzin dizeldən fərqli olaraq təbiəti daha çox çirkləndirir. Əgər benzin yananda 0.002 faiz kükürd-oksid ayrılırsa, dizeldə bu rəqəm 0.03 faiz təşkil edir. Avtosfer.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisi Mətanət Avazova Almaniyada dizellə işləyən avtomobillərin ətraf mühiti çirkləndirməsinə görə qadağan edilməsi barədə danışarkən deyib. O bildirib ki, hazırda dünya üzrə təbii qazla işləyən qurğulara, mühərriklərə üstünlük verilir: “Benzin yananda ayrılan hisin miqdarına görə də dizeldən fərqlənir. Belə ki, benzinlə işləyən avtomobillərdən atmosferə 0.004 faiz his buraxılırsa, dizel yananda bu 1.1-ə çatır. Avtomobillərin avadanlığı, mühərriki saz olanda tam yanma prosesi gedir və demək olar ki, tullantısız olur”.

Sözügedən qadağanın tətbiqinin Almaniyada dizellə işləyən avtomobillərin ucuzlaşmasına səbəb olacağı deyilir. Bu barədə danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda dizellə işləyən avtomobillərin qiymətində cüzi miqdarda ucuzlaşma ola bilər: “Çünki avtomobillərin ölkəyə gətirilməsi, gömrük xərcləri və başqa məsələlərə görə ucuzlaşma qiymətlərə bir o qədər təsir etməyəcək. Bir məsələ də var ki, Almaniyadan bazara avtomobil gətirənlər bu işi bilən şəxslərdir. Onlar ucuz qiymətə avtomobil alsalar belə, burada aşağı qiymətə satmayacaqlar. Almaniyadan Azərbaycana gətirilən dizellə işləyən avtomobillərin qiyməti təxmini 10-15 faiz həcmində enə bilər”.

Ekspert gələcəkdə Almaniya kimi başqa ölkələrin də dizel mühərrikli avtomobillərdən imtina edə biləcəyini söyləyib: “Nəhəng avtomobil şirkətləri Almaniyada yerləşdiyinə görə çox güman ki, bu cür nəqliyyat vasitələri zaman-zaman dövriyyədən çıxacaq. Hesab edirəm ki, digər ölkələrdəki avtomobil şirkətləri gələcəkdə bu addımı təkrarlayacaq”.

Qeyd edək ki, ətraf mühiti çirkləndirdiyi üçün Almaniyada dizellə işləyən avtomobillərin qadağan edilməsi gündəmdir. Artıq bəzi şəhərlərdə Ali Məhkəmənin qərarı ilə bu qadağanın tətbiq edildiyi bildirilir. Bu yeniliyin isə dizellə işləyən maşınları ucuzlaşdıracağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh