“Yeni avtobuslar keyfiyyətsiz olsa da, məcburuq qəbul edək” – Açıqlama

Avtoxəbər 8 Noyabr 2018 17:10 Oxunub 1557
“Yeni avtobuslar keyfiyyətsiz olsa da, məcburuq qəbul edək” – Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
5 mln. ABŞ dolları olan 50 sərnişin avtobusunun təqdimatını keçirib

Xəbər verdiyimiz kimi Bakı Nəqliyyat Agentliyi ölkəyə yeni gətirilmiş və ümumi dəyəri 5 mln. ABŞ dolları olan 50 sərnişin avtobusunun təqdimatını keçirib.

Bizimyol.info-nun araşdırmalarına görə isə Türkiyədə istehsal olunan bu avtobuslar qəsəbədaxili və qəsəbələrarası istifadə üçün nəzərdə tutulub. Lakin ölkəmizdə bu avtobusların şəhərdaxili istifadəsi planlaşdırılır.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Bizimyol.info-ya açıqlama verən yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı bildirib ki, həmin avtobusların nə qədər ucuz və keyfiyyətsiz olmasına baxmayaraq onu lüks avtobuslar kimi qəbul etməyə məcbururuq:

“Türkiyənin istehsalı olan “Karsan” avtomobili artıq uzun illərdir ki, istifadə edilir. Bakı üçün nəzərdə tutulan həmin avtobuslar da Türkiyədə olduğu kimi burda da eyni missiyanı yerinə yetirəcək. Belə ki, Türkiyədə qəsəbədaxili sərnişindaşıma üçün nəzərdə tutulan həmin avtobuslar ölkəmizdə də qəsəbələrarası sərnişindaşıma üçün istifadəyə veriləcək. Həmin avtobusların qatarla toqquşan 160 nömrəli marşrut xəttinə verilməsi də nəzərdə tutulub ki, bu da qəsəbədaxili sayılır.

Bakının nəqliyyat sistemi çox ağır bir sistemdir və bu sistemi dövlətin üzərinə atmaq da doğru olmaz. Çünki Bakı şəhəri üzrə 3 min, 3500 avtobus olduğunu və hər bir avtobusun qiymətinin minimum 100-150 min manat olduğunu nəzərə alsaq bu külli miqdarda vəsait deməkdir (525 milyon manat). Doğrudur bu xərcin çox hissəsi daşıyıcı şirkətlərin üzərinə düşüb, lakin son illərin təcrübəsi göstərir ki, daşıyıcı şirkətlərin əksəriyyəti bu işi görmək qabiliyyətində deyil. Sadəcə bir dəfə yatırım edib avtobus alıblar və düşünürlər ki, ölənə kimi də bu avtobuslar xidmət göstərməlidir və onun cibinə pul axmalıdır. Artıq dövr və tələblər dəyişib, dövlətin daşıyıcı şirkətlər qarşısında müəyyən tələbləri var. Həmin tələblərə riayət edənlər qalıb işlərini davam etdirəcək, riayət etməyənlər isə sıradan çıxarılacaq. Hətta ölkə başçısının son müşavirədəki sözlərini xatırlasaq görərik ki, daşıyıcı-özəl şirkətlər etimadı doğrultmadılar. Bu zaman da düşünürəm ki, köklü islahatlara ehtiyac var.

Bu cür nəqliyyat vasitələrinin ölkəmizə gətirilməsi isə həmin vəziyyətdə çıxış yoludur. Nə qədər ucuz və keyfiyyətsiz olsa da məcburuq bunu bəh-bəhlə, keyfiyyətli nəqliyyat vasitəsi kimi qəbul etməyə. Bununla da kifayətlənmək olar amma bu “Karsan” avtobusuna komfortlu avtobus demək doğru deyil. Hər bir halda yeni avtobuslar gətirilib və bunu alqışlamaq lazımdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh