Hər il bir ölkənin əhalisi qədər insan yol qəzalarında ölür – Anım günü

Yazarlar 18 Noyabr 2018 00:43 Oxunub 1434
Hər il bir ölkənin əhalisi qədər insan yol qəzalarında ölür – Anım günü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gün Ümumdünya yol qəza qurbanlarının anım günüdür

BMT-nin qərarı ilə hər il noyabr ayının sonuncudan əvvəlki bazar günü Ümumdünya yol qəza qurbanlarının anım günü kimi qeyd olunur. Bu il həmin tarix 18 noyabra düşür. Yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, hər il yol qəzalarında 1 milyon 300 min insan həlak olur, bu da çox böyük rəqəmdir. Bu, hətta bəzi kiçik dövlətlərin əhalisi qədər insanın həlak olması deməkdir.
Ərşad Hüseynov onu da bildirib ki, yol qəzaları qurbanlarının anım günü Azərbaycanda geniş şəkildə qeyd olunmasa da, buna böyük ehtiyac var. Çünki bununla cəmiyyətə mesaj vermək və təbliğat aparmaq olur, eləcə də, insanları yol qəzalarından çəkindirmək üçün bir vasitədir: “Çox istərdim ki, anım günü bu cür tədbirlərlər qeyd olunsun və cəmiyyətə müxtəlif mesajlar verilsin. Nəzərə almaq lazımdır ki, hər il həm də 50 milyona yaxın insan yol qəzalarında xəsarət alır. Ölkələrin iqtisadiyyatına hər il milyardlarla zərər dəyir. Hesablamalara görə yol nəqliyyat hadisələri orta hesabla ölkələrin ümumi daxili məhsulunun 5 faizi qədər zərər verir. Bu, böyük rəqəmdir. Buna görə də bir daha cəmiyyətimizə səslənirik ki, yollarda diqqətli olaq. Yol nəqliyyat hadisəsi doğurdan da faciədir. Baxın, xəbər gəlir ki, bir ailənin 3 üzvü yol nəqliyyat hadisəsində dünyasını dəyişdi. Çox təəssüf ki, bizimçün bu, adi xəbər olur. Heç birimiz buna yas saxlamırıq. Amma gedib o ailə ilə maraqlansaq görürük ki, bu hadisə ilə o ailənin, oradakı insanların taleyi dəyişdi. Övladlar atasız, anasız qaldı. Bacı qardaşsız, qardaş bacısız qaldı. Bunların baş verməməsi üçün yollarda diqqətli olaq”.
Ekspert onu da bildirib ki, Azərbaycanda müstəqilliyin bərpasından sonra keçən dövrdə rəsmi statistikaya əsasən, yol nəqliyyat hadisələrində ölənlərin sayı Qarabağ müharibəsində itirdiyimiz döyüşçülərin və mülki insanların sayından daha çoxdu: “Yol nəqliyyat hadisələrində ölənlərin sayı 25 mindən çoxdur. Bildirmək istəyirəm ki, yol nəqliyyat hadisələrində əhalinin sosial cəhətdən ən aktiv hissəsi həyatını itirir. Yəni orta yaşlı insanlar. Bu da əslində əmək bazarına ziyan vurur, sağlam işçi qüvvəsi itiririk. İdeyası, potensialı, gələcək prespektivləri olan insanları itiririk ki, bu da cəmiyyət üçün həm iqtisadi, həm maddi, həm də mənəvi itkidir”.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh