Banner

Bakıda ikinci əl maşınlar bahalaşır

Avtobazar 28 Noyabr 2018 09:01 Oxunub 2031
Bakıda ikinci əl maşınlar bahalaşır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda bazarda 12-18 min manat avtomobillərin satışı ilə bağlı heç bir problem yoxdur

Azərbaycanda ikinci əl avtomobil bazarında qiymətlər bahalaşmağa başlayıb. Avtomobil satıcılarının sözlərinə görə, son 10 gündə avtomobil satışlarında canlanma yaranıb. İkinci əl avtmobillərə tələbatın artması isə qiymətləri xeyli artırıb.

“2 ay sata bilmədiyim bahalı maşınları 2 günə satdım”

Avtosfer.az xəbər verir ki, Avtomobil satıcısı Ramin Quliyev fins.az-a bildirib ki, mart ayında bir həftədə cəmi 1-2 avtomobil satmaq mümkün idisə, hazırda 4-5 avtmobil satmaq olur: “24 və 35 min dollara iki avtomobilim var idi. Neçə ay idi ki, sata bilmirdim. İki gündə hər ikisini satdım”. Onun sözlərinə görə, hazırda bazarda 12-18 min manat avtomobillərin satışı ilə bağlı heç bir problem yoxdur. Bu avtomobillər dərhal alınır. Hətta bəzi hallarda alverçilər bu qiymətə olan avtomobil tapa bilmirlər.

İkinci əl avtomobillər 10-15 % bahalaşdı

Satışlarda yaranan canlanma, daha çox tələbat olan avtomobilin bahalaşmasına səbəb olub. Belə ki, ikinci əl avtomobil bazarında qiymətlər 10-15 %-ə artıb. Bahalaşma avtomobillərin bazar qiymətindən aslı 200 manatdan 10 min manata kimi dəyişir.

“KİA” və “Hyundai”lər 1000-4000 manat bahalaşdı

Avtomobil satıcıları bildirirlər ki, hazırda bazarda daha çox satılan istehsal tarixi 2005-ci ilə kimi olan “Mercedes” avtomobilləri, 2008-ci ildən yuxarı isə “Hyundai”, “KİA”, “Toyota”, “Nissan” avtomobilləri daha çox bahalaşıb. “KİA” və “Hyundai” modelləri 1000-4000 manat bahalaşıb. R.Quliyevin sözlərinə görə, mart ayında 10500-10700 manata satılan 2012-ci il model “KİA Rio” hazırda 11500-11700 manata satılır. 2014-cü il model “KiA Sportage” 14-16 min manatdan 18-20 min manata kimi bahalaşıb. “Hyundai” avtomobillərində isə daha çox satılan “Accent”, “Elantra” və “İX 35” modelləri bahalşıb. Məsələn, əvvəl 15 min manata satılan 2013-cü il model “Elantra” indi 16 000-16 500 manata, 20 min manata satılan 2014-cü il model “İX35” avtomobili isə 22-24 min manata satılır.

“Toyota”lar- 4 -7 min manat

“Toyota” avtomobillərində isə daha çox “Prado” modelləri bahalaşıb. Məsələn, bir neçə ay əvvəl satılmadığına görə qiymətləri ucuzlaşan 2.7 mühərrikli 2008-ci il model “Prado” 14 min manatdan 18 min manata kimi bahalaşıb. R.Quliyev bildirib ki, manatın ucuzlaşması zamanı avtomobil alverçiləri satılmayan “Prado”ları xeyli ucuz qiymətə alırdılar. Məsələn, 50 min dollarlıq avtomobil 35 min dollara satılırdı. İndi həmin alverçilər də tələbatın artmasına görə bu avtomobilləri 40 min dollara satırlar. Nəticədə alıcı eyni avtomobili salondan 50 min dollara deyil, alverçidən 40 min dollara almağa üstünlük verir.

“Nissan Maxima” 10 min manat bahalaşdı

Satıcıların sözlərinə görə, bəzi “Nissan” avtmobillərində də qiymətlər artıb. Yanacaq sərfinə və möhkəmliyinə görə daha çox alınan “Nissan Sunny”lər 500 manat bahalaşıb. Məsələn, 2008-ci il model 1.3 l mühərrikli “Sunny”nin qiyməti 5500 manatdan 6000 manata kimi artıb. R.Quliyevin sözlərinə görə, ən böyük qiymət artımı isə “Maxima” modelində müşahidə edilir. Salonda 70 min manat satılan avtomobili alverçilər də bahalaşdırıb. Belə ki, əvvəllər 40 min manata satılan 2014-cü il model “Maxima”nın indiki qiyməti 50 min manatdır.

“Mercedes”lər 500 manat, rus maşınları 300 manat bahalaşıb

Köhnə “Mercedes” və rus avtomobillərinin qiymətində də artım müşahidə edilir. Amma digər markalarla müqayisə qiymət artımı o qədər də yüksək deyil. R.Quliyev sözlərinə görə, əvvəl 6500 manata satılan istehsal tarixi 2001-ci ilə qədər “Mercedes C Class” 7 min manata satılır. Rus avtomobillərinin isə bütün moellərində qiymətlər artıb.

Avtomobil salonları qiymətlərə təsir edir

Avtomobil ekspertləri bildirirlər ki, əhalidə alıcılıq qabiliyyətinin artması ilə yanaşı bahalaşmanın digər bir səbəbi də var. Belə ki, ölkəyə son bir neçə ayda gətirilən təzə avtomobillərin sayı kəskin azalıb. Məsələn, ötən il bir ayda ölkəyə 10 mindən çox yeni avtmobil gətirilirdisə, hazırda bu rəqəm 1300-ə yaxındır. Nəticədə avtomobil salonları yeni avtmobillərin qiymətini artırırlar. Bu isə ikinci əl avtomobil bazarına da təsir edir. R.Quliyev bildirib ki, alverçilər də salonların qiymətinə uyğun olaraq avtomobilləri bahalaşdırırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh