BMT-nin baş katibi hamını elektromobillərdən istifadə etməyə çağırıb

Texnologiya 5 Dekabr 2018 21:48 Oxunub 1015
BMT-nin baş katibi hamını elektromobillərdən istifadə etməyə çağırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektromobillərdən istifadə hökumətlərə 70 trilyon dollaradək vəsaitə qənaət etmək imkanı verəcək

BMT-nin baş katibi Antonio Quterreş Polşanın Katovitse şəhərində davam edən iqlim dəyişiklikləri konfransında hamını elektromobillərdən istifadə etməyə çağırıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, təşkilatın rəhbərinin sözlərinə görə, atmosferə buraxılan zəhərli qazların dörddəbiri avtomobil nəqliyyatının payına düşür. A.Quterreş əlavə edib ki, avtomobillərin emissiya etdiyi karbon qazının miqdarı 1990-cı il səviyyəsi ilə müqayisədə 70 faiz çoxdur. “Bu gün bütün dünyada bir milyarddan çox sərnişin avtomobili var, 2040-cı ildə bu rəqəm iki milyarda çatacaq. Hazırkı vəziyyət nəqliyyat emissiyalarının azaldılması üzrə təcili tədbirlər görülməsini tələb edir. Bundan başqa, avtomobillərin atmosferə buraxdığı zəhərli qazlar hər il altı milyon insanın ölümünə səbəb olur. Tamamilə aydındır ki, bu tendensiyanı dayandırmaq lazımdır. Hərəkətə keçməyin vaxtıdır. Bizim ekoloji cəhətdən təmiz nəqliyyata ehtiyacımız var”, - deyə baş katib vurğulayıb. BMT-nin rəhbəri qeyd edib ki, bu gün energetika və nəqliyyat sistemlərində köklü dəyişikliklər baş verir: yenilənən enerji mənbələri artır və elektromobillərin istehsalı genişlənir. Son illər ərzində elektrik mühərriki ilə işləyən avtomobillər üçün 3,5 min enerji yüklənməsi stansiyası açılıb. A.Quterreş əlavə edib: “Karbohidrogen yanacağından imtina etmək və elektromobillərə keçmək istəyən ölkələrin sayı get-gedə artır. Bir sıra ölkələr qarşıya 2020-2030-cu illərdə elektrik nəqliyyatının həcminin genişləndirilməsi üzrə konkret məqsədlər qoyub. Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, elektoromobillərə enerji yüklənməsi stansiyalarının sayı yaxın illərdə daha da çoxalacaq”. Baş katib diqqətə çatdırıb ki, elektromobillərdən istifadəyə keçid prosesi 2050-ci ilə qədər hökumətlərə 70 trilyon dollaradək vəsaitə qənaət etmək imkanı verəcək. “Bloomberg” agentliyinin məlumatına görə, 2040-cı ildə dünyada bütün avtomobil satışlarının 55 faizini elektromobillər təşkil edəcək və avtomobil parkının üçdəbiri onlardan ibarət olacaq. Hesablamalar göstərir ki, bu, gündəlik 7,3 milyon barrel nəqliyyat yanacağına qənaətlə nəticələnəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh