Ermənistanda parlament seçkiləri qanun pozuntuları ilə müşahidə olunub - VİDEO

Gündəm 9 Dekabr 2018 23:08 Oxunub 566
Ermənistanda parlament seçkiləri qanun pozuntuları ilə müşahidə olunub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Beynəlxalq müşahidəçilər isə seçkilərin passiv şəkildə keçdiyini bildiriblər

Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkiləri əslində məzhəkədən başqa bir şey deyil. Bu dırnağarası seçki bir sıra qanun pozuntuları ilə müşahidə olunub. Beynəlxalq müşahidəçilər isə seçkilərin passiv şəkildə keçdiyini bildiriblər.

 

Avtosfer.az xəbər verir ki, həttə bu ölkənin baş naziri səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan da seçici fəallığının aşağı olduğunu etiraf edib. Lakin dəfələrlə şahidi olmuşuq ki, avropa dairələri Ermənistandakı seçki məzhəkələrinə çox loyal yanaşırlar. Bu arada Ermənistanın baş prokurorluğu seçkilərlə bağlı 65 şikayətin 32-də cinayət tərkibinin olduğunu açıqlayıb.

 

Ermənistanda Nikol Paşinyanın öz diktatorluğunu daha da möhkəmləndirmək tədbiri adlanan növbədənkənar parlament seçkiləri öncədən də təxmin edildiyi kimi qanun pozuntuları ilə müşahidə olunur.

 

Seçkilərdə səsvermə zamanı Loriysk vilayətində 22/26 seçki məntəqəsində səsvermə dayandırılıb. "Sputnik Armenia" saytının verdiyi məlumata görə, səsvermənin dayandırılmasına səbəb seçki məntəqəsində 4 nömrəli iştirakçının yəni baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku bülletenlərinin olmaması olub.

 

Bundan başqa , sosial şəbəkələrdə Razdan şəhərinin 26/14 seçki məntəqəsində videomüşahidə kameralarının işləməməsi, Ararat şəhərinin 13/2 seçki məntəqəsində buraxılış vəsiqəsi olmayan naməlum şəxsin səsvermə kabinəsində yaşlı bir insanla eyni vaxtda olması barədə xəbərlərlər yayılıb.

 

Bir nəfər seçici isə səs verə bilmədiyindən şikayətlənib. Belə ki, o seçki məntəqəsinə gəlib və səsvermə kabinəsindən uzun müddət çıxmayıb. Seçki komissiyasının rəhbəri Karine Saribekyan seçicidən hər hansı bir problemin olub-olmamasını soruşub. Seçici öz növbəsində bildirib ki, reytinq sistemi üzrə namizədlərdən heç birini tanımır. Daha sonra O, səsvermə vərəqini qaytarmaq istəmədiyinə görə qutuya atdığını bildirib.

 

İnsanlar seçkilərə və onların nəticələrinə inanmadığına görə prosesə az maraq göstəriblər. Belə ki, səhər saat 11 radələrində Ermənistanda növbədənkənar parlament seçkilərində seçicilərin aktivliyi cəmi 7,76% təşkil edib.Bu barədə Mərkəzi Seçki Komitəsi sədrinin müavini Laura Qalstyan bildirib. Son məlumatlara görə isə İrəvanda seçicilərin 23.53% -i, Gümrüdəki 18.22%, Vanadzorda 24.21% səs veriblər. Saat 17:00-a olan məlumata görə, ümumi seçicilərin 39,54 faizi səs verib. MDB-yə üzv dövlətlərin Parlamentlərarası Məclisinin beynəlxalq müşahidəçiləri qrupunun koordinatoru Mirlan Bakirov da yerli mətbuata açıqlamasında bildirib ki, növbədənkənar parlament seçkilərində seçici passivliyi müşahidə edilir. Bu ölkənin baş naziri səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan da seçici fəallığının aşağı olduğunu etiraf edib.

 

"Parlaq Ermənistan" partiyası seçki məntəqələrindən həyəcan doğuran məlumatlar alır və polisə təqdim edir. bu barədə "Parlaq Ermənistan" partiyasının seçkiqabağı siyahısına başçılıq edən Edmon Marukyan bildirib. O qeyd edib ki, polis onların müraciəti əsasında dərhal tədbir görməlidir. Çünki bu seçkilərə görə cavabdehlik hazırki hakimiyyət və hüquq-mühafizə orqanlarının üzərinə düşür deyə Marukyan qeyd edib.

 

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da növbədənkənar parlament seçkilərində səs verib. o, seçki prosesi zamanı texniki problemlə üzləşib. Belə ki, identifikasiya cihazı keçmiş prezidentin barmaq izlərini tanımayıb. Sarkisyan məntəqədən həyat yoldaşı Rita Sarkisyan ilə birgə çıxıb. O, jurnalistlərin suallarını cavabsız qoyaraq məntəqəni tərk edib.

 

Ermənistan polisinə seçkiqabağı kampaniya pozuntuları ilə bağlı 81 məlumat daxil olub. Qurumun mətbuat xidmətindən məlumata görə, məlumatlardan 26-sı aydın şəkildə cinayət tərkiblidi, digər 55-i isə yoxlanılmalıdır. Qeyd edilir ki, alınan məlumatlardan 25-i Yerevandakı insidentlərlə, 56-sı isə ölkənin digər ərazilərindəki insidentlərlə bağlıdır.

 

Bu arada Ermənistanın İstintaq Komitəsi ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları ilə bağlı cinayət işi qaldırmayıb. bu barədə jurnalistlərə İstintaq Komitəsinin Seçki Cinayətləri Departamentinin rəhbəri Kamo Saakyan bildirib. Ancaq maraqlı məqam bundan ibarətdir ki, daha əvvəl ölkənin Baş Prokurorluğundan bildirilib ki, qanun pozuntusu ilə bağlı 65 məlumata baxılır. Onlardan 32-də cinayət tərkibi var.

 

Qeyd edək ki, Ermənistan qanunverici orqanında yerlər üçün 11 siyasi güc mübarizə aparır. Bunlardan ikisi blok, digəri isə 9 partiyadır.

 

Seçkilər yerli vaxtla 8-də başlayıb və bütün ölkə üzrə 2010 seçki məntəqəsi açılıb. Rəsmi məlumatlara görə, Ermənistanda 2 milyon 774 min seçici qeydiyyata alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh