“McLaren 720S Spider” təqdim edilib – FOTO

Avtodünya 10 Dekabr 2018 21:35 Oxunub 1323
“McLaren 720S Spider” təqdim edilib – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin satışlarına gələn ilin martında start veriləcək

“McLaren 720S” kupesinin təqdimatından iki il keçməsinə baxmayaraq, onun açıq variantı “720S Spider” modeli bu gün işıq üzü görüb. Avtosfer.az autograph.az-a istinadən xəbər verir ki, iki illik müddət kupenin əsasının “Spider” modelinin tələbatına uyğunlaşdırılmasına sərf edilib. Əvvəlki nəsil “McLaren” modelləri “vanna” şəkilli kompozit monokok ətrafında inşa edilirdi. “McLaren 720S” modelinə gəldikdə isə, bu modelin kokpiti qapalı karkasa malikdir. “Spayder”in əsasını isə, məhz həmin “vanna” formasında olan ikinci nəsil “Monocage II-S” monokoku təşkil edir. Yeni monokokun “McLaren 650S Spider” modelinin əsasını təşkil edən monokokdan fərqi salonun arxa divarının quruluşundadır. Bu divara təhlükəsizlik kəmərləri, qatlanan tavan və təhlükəsizlik qövsü bərkidilir. İndi bu güc elementi poladdan deyil, karbonplastikdən hazırlanıb ki, bu da avtomobilin çəkisini 6,8 kiloqram azaltmağa imklan verib. İki bölməli qatlanan tavan da karbonplastikdən hazırlanıbdır. Tavanı açmaq və ya bağlamaq üçün 11 saniyə gərəkdir. Özü də bu əməliyyatı 50 km/saat həddinə qədər sürətlərdə yerinə yetirmək olar. Əlavə ödənişlə, düyməyə basmaqla tündləşən elektroxrom şüşədən hazırlanmış üst bölümü də sifariş etmək mümkündür. Arxa hissədəki çıxan spoiler damın açıq və ya bağlı olmasından asılı olaraq, hava axını optimallaşdırmaq üçün avtomatik şəkildə vəziyyətini dəyişir. McLaren 720S Spider modelinin çəkisi 1332 kiloqram təşkil edir ki, bu da kupedə olduğundan 49 kiloqram çoxdur. Bununla belə, yeni spayder sələfindən 18 kiloqram yüngüldür. Ortamühərrikli Ferrari 488 Spider modeli ilə müqayisədə isə, McLaren 720s Spider 88 kiloqram daha az çəkiyə malikdir. Britaniyalılar açıq modellərini öz sinifində olan ən yüngül model adlandırırlar. Texniki hissəyə gəldikdə isə, spayder də, kupe kimi 720 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 birutbo mühərriki və yeddi pilləli preselektiv SSG “robotu” ilə təchiz edilir. 100 km/saat həddinə spayder 2,9 saniyəyə, 200 km/saat həddinə isə 7,9 saniyəyə sürətlənir. McLaren 720S Spider modelinə 300 km/saat sürətini toplamağa 22,4 saniyə gərəkdir. Bağlı tavanla spayder 341 km/saat , açıq tavanla isə 325 km/saat həddinə qədər sürətlənə bilər. “McLaren 720S Spider” modelinin satışlarına gələn ilin martında start veriləcək. Onun satış qiyməti isə 237 min funt-sterlinqdən başlayır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh