Maskalı dəstənin işi məhkəməyə göndərildi

Gündəm 11 Dekabr 2018 11:33 Oxunub 548
Maskalı dəstənin işi məhkəməyə göndərildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin ilk iclasının vaxtı yaxın günlərdə bəlli olacaq

Şamaxı rayonunun Məlhəm kəndində evə basqın edərək ər və arvadı döyüb pul aparan maskalı dəstə üzvlərinin işi yenidən məhkəməyə göndərilib. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, 2018-ci il yanvarın 19-da gecə saat 03 radələrində Məlhəm kəndində yaşayan Gülbar Novruzovun evinə girmiş 5 maskalı şəxs onun və arvadı Gülgəz Novruzovanın əl və ayaqlarını yapışqanlı lentlə bağlayıb, onları döyərək oradan 12.000 manat, 3000 ABŞ dolları və 100.000 rubl yəni 2990 manat pulu aparıblar.

Həmin şəxslərdən 4-ü Sumqayıt şəhərində, 1 nəfər isə Şamaxı rayonunda saxlanılıb. Araşdırmalar zamanı onların Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəşad Zərbalıyev, Cavid Zərbalıyev, Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev, Sumqayıt şəhər sakini Mehdi Əliyev, Kənan Səfərov olmaları müəyyən edilib. Daha sonra dəstənin digər üzvü İbrəhim Mustafayev də saxlanılıb. Bu işlə bağlı cinayət işi iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin zaman prokuror çıxış edərək cinayət işində prosessual pozuntuların olduğunu bildirərək işə baxılmamasını və yenidən istintaqa qaytarılmasını istəmişdi. Məhkəmə bunu əsaslı sayıb işi prokurorluğa geri qaytarıb. Bir neçə gün əvvəl isə iş yenidən məhkəməyə göndərilib. Bu dəfə məhkəmə prosesi hakim Mayıl Bayramovun sədrliyi ilə keçiriləcək. Məhkəmənin ilk iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh