Prokuror Qarabağ döyüşçüsünə cəza istəyib

Gündəm 15 Dekabr 2018 13:45 Oxunub 618
Prokuror Qarabağ döyüşçüsünə cəza istəyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qarabağ döyüşçüsü İlqar Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxışında İ.Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra İ.Əliyev dövlət ittihamçısının çıxışına etiraz edib. O, cinayət işindən xəbərsiz olduğunu bildirib: "Mən 15 il həbsdə yatmış adamam. Sizcə mən həmin adamı öldürsəydim, özüm gedib polisə məlumat verərdim? Mən meyiti özüm tapmışam. 3 ay 14 gün sonra meyiti görüb polisə getmişəm. Mən kiminsə cəzasını niyə çəkirəm? Həmin qətl hadisəsi olan gün başqa adamla, tanımadığım şəxslə mübahisə elədim. Ona da bir bıçaq vurdum, o da qaçdı. Üç ay sonra da bu işə görə məni tutdular".

İ.Əliyev Qarabağ döyüşlərinin iştirakçısı olduğunu deyib: "İlk dəfə həbsdən çıxanda ölkədən getmək istədim. Çünki hər şeydən bezmişəm. Lakin mənim ölkədən çıxışıma icazə vermədilər. Qarabağ döyüşlərinin iştirakçısıyam, batalyon komandiri, kəşfiyyatçı olmuşam. Buna görə də məni ölkədən buraxmadılar".

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.

İttiham aktına əsasən, İ.Əliyev ötən il Bakıda tanış olduğu, bir müddət birlikdə yeyib-içdiyi Mirəli Seyidovu qətlə yetirib.

Məlumata görə, spirtli içki içdikdən sonra hər iki şəxs arasında mübahisə yaranıb. Əlbəyaxa davadan sonra İ.Əliyev üzərində olan bıçaqla M.Seyidova bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

İ.Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh